Türkiyənin Qaziantep şəhərində iki aylıq hamilə olarkən 3-cü mərtəbədən yıxılaraq həyatını itirən Emel Akbaş Bayhanın ölümü ilə bağlı istintaqın dayandırılması qərarı ailənin ciddi etirazına səbəb olub.
Musavat.com xəbər verir ki, ailə Emelin intihar etmədiyini, həyat yoldaşı tərəfindən itələndiyini iddia edir.
Qeyd edək ki, hadisə 26 iyun 2025-ci ildə baş verib. 38 yaşlı Emel Akbaş Bayhan yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb. Hadisədən sonra həyat yoldaşı Şirin Bayhan onun intihar etdiyini bildirib və dəfn mərasimində iştirak etməyib. Daha sonra Diyarbəkirdə saxlanılan Şirin Bayhan ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Ailə isə istintaqın gedişində bir sıra şübhəli məqamların diqqətdən kənarda qaldığını deyir. Onların sözlərinə görə, təhlükəsizlik kameralarında Emelin yıxılmasından saniyələr sonra pəncərədə bir nəfərin göründüyü əks olunub. Bundan başqa, polis hesabatına əsasən Emel saat 06:47-də yıxılıb, lakin onun telefonundan həyat yoldaşına saat 07:14-də WhatsApp mesajları göndərilib.
Ailənin vəkili Tayfun Gül bu məqamın istintaq üçün əsas sual doğurduğunu bildirib:
“06:47-də yıxılan bir insan 27 dəqiqə sonra necə mesaj göndərə bilər? Bu, sübutların saxtalaşdırılması və hadisənin intihar kimi göstərilməsinə cəhd edilməsi ehtimalını gücləndirir”.

Məlumata görə, hadisədən əvvəlki 16 gün ərzində cütlük arasında heç bir yazışma olmayıb. Lakin yıxılmadan sonra Emelin intihar edəcək vəziyyətdə olduğunu göstərən mesajların ortaya çıxması ailənin şübhələrini artırıb.
Emelin anası Muazzez Akbaş isə Ədliyyə Nazirliyinə müraciət edərək işin yenidən araşdırılmasını istəyib:
“Bir ana olaraq qızım üçün ədalət istəyirəm. Ümid edirəm ki, bu iş də ciddi şəkildə araşdırılacaq”.
Ailə və vəkilləri cinayət təqibinin dayandırılması qərarından apelyasiya şikayəti verəcəklərini açıqlayıblar.







