Xaçmaz rayonunun Həsənqala kənd sakini, bu il orta məktəbi bitirən Polad Rasim oğlu Poladov iki gün öncə itkin düşüb. Bu barədə gəncin yaxınları bildiriblər.
Məlumata görə, Polad iyulun 12-də Xaçmaz şəhərində I qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib. Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb. Yaxınlarının sözlərinə görə, ailəsinin ondan yüksək nəticə gözləməsi səbəbindən bu hadisə Poladda ciddi psixoloji gərginlik yaradıb. Bundan sonra onun naməlum istiqamətdə uzaqlaşdığı bildirilir.
Polad Poladov Xaçmaz Rayon Polis Şöbəsində rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Musavat.com-un əldə etdiyi məlumata görə, P. Poladov daha sonra Bakıda park ərazisində aşkar edilərək, polis tərəfindən ailəsinə təhvil verilib.
Psixoloq Günel İsmayılova mövzu ilə bağlı saytımıza danışıb.
O, Musavat.com-a bildirib ki, insanın hər hansı davranışını qiymətləndirərkən onun şəxsiyyətinin formalaşmasına təsir edən amillərə diqqət yetirməliyik.
Həkimin sözlərinə görə, bu amillər arasında psixoloji faktorlar xüsusi yer tutur:
“Yeniyetmənin beyni hələ tam formalaşmadığı üçün o, hadisələri daha çox emosiyalar vasitəsilə qəbul edir. Bu dövrdə hormonal dəyişikliklər güclü təsir göstərir və yaşanan hisslər düşüncəyə, daha sonra isə inanca çevrilir. Məhz buna görə də yeniyetmə həyatı yetkin insan kimi dəyərləndirə bilmir.
Uşaqlar böyüklərə baxaraq onların hər şeyi doğru bildiyini, hər problemin öhdəsindən gələ biləcəyini düşünürlər. Onlar böyükləri ideal obraz kimi qəbul edir və onlara böyük məna yükləyirlər. Lakin böyüklərin davranışları bu təsəvvürü doğrultmadıqda yeniyetmənin beynində ciddi çaşqınlıq yaranır. O düşünür ki, "Mən böyükləri belə təsəvvür etmirdim. Elə bilirdim, onlar hər şeyi düzgün analiz edən, hər vəziyyətdə doğru qərar verən insanlardır".
Bu, yeniyetmə beyninin dünyanı öz inkişaf səviyyəsinə uyğun şəkildə qavraması ilə bağlıdır. Onun üçün hisslər çox tez düşüncəyə çevrilir. Yetkin insan isə emosiyaları ilə reallığı ayırd etməyi bacarır. O bilir ki, hər hiss edilən şey həqiqət deyil və insanların davranışları bəzən fərqli səbəblərdən qaynaqlanır. Yeniyetmə isə bu fərqi ayırd edə bilmədiyi üçün böyüklərin davranışları ona sanki dünyanın dağılması kimi görünür”.
Psixoloq bu yaş dövründə emosiyaların bioloji baxımdan da çox güclü yaşandığına diqqət çəkib: “Yeniyetmə həmin hisslərin təsirindən çıxmaqda çətinlik çəkir. Valideynlərin ən vacib vəzifələrindən biri övladlarının daxili dünyasını anlamağa çalışmaqdır. Onun beynində hansı düşüncələrin formalaşdığını, hansı psixoloji xüsusiyyətlərin və əlamətlərin olduğunu başa düşmək üçün böyüklərin özlərinin də maariflənməsi, mənəvi və psixoloji cəhətdən inkişaf etməsi vacibdir.
Lakin bəzi valideynlər yaşanan hadisələrdən nəticə çıxarmır, öz davranışlarını yenidən qiymətləndirmək istəmir və həmişə haqlı olduqlarını düşünürlər. Onlar yalnız öz həqiqətlərinin doğru olduğuna inanırlar. Adətən bu düşüncə tərzi yalnız ciddi böhran yaşadıqdan sonra dəyişməyə başlayır. Əslində, valideynin övladına verə biləcəyi ən böyük hədiyyə təhlükəsizlik hissidir. Uşaq bilməlidir ki, hansı səhvi etsə də, yenə valideyninin yanına qayıda, onunla danışa və qəbul oluna bilər. Ən vacib hiss məhz budur: “Mən burada güvəndəyəm”.
Bu güvəni hiss edən uşaq davranışlarını dəyişmək üçün səy göstərir, iradəsini ortaya qoyur və bacardığının ən yaxşısını etməyə çalışır. Belə hallarda böyüklərin vəzifəsi onun yalnız nəticəsini deyil, göstərdiyi cəhdi də qiymətləndirməkdir. Uşağı başqa uşaqlarla müqayisə etmək əvəzinə, onun əvvəlki vəziyyəti ilə indiki inkişafını müqayisə etmək daha doğrudur.
Təəssüf ki, bir çox valideyn psixoloji və mənəvi ehtiyacların əhəmiyyətini bilmədiyi üçün valideynlik vəzifəsini yalnız maddi təminatla ölçür. "Yedizdirdim, geyindirdim, hər şərait yaratdım" deməklə özünü haqlı hesab edir. Hətta öz uşaqlığını övladının həyatı ilə müqayisə edərək bütün məsuliyyəti uşağın üzərinə qoyur. Nəticədə övladın ən kiçik səhvinə belə anlayış və empatiya ilə yanaşa bilmir. Halbuki uşaq özünü təhlükəsiz və qəbul olunmuş hiss etdikdə, heç vaxt hansısa uğursuzluğa görə özünü cəzalandırmağa və ya çıxılmaz vəziyyətə salmağa meylli olmur. Ailə onun üçün güvənli sığınacaq olmalıdır. Bu mühit olmadıqda isə yeniyetmə təhlükəli davranışlara yönələ bilər. Çünki həmin anda hisslərini idarə etmək və tənzimləmək bacarığı hələ tam formalaşmayıb”.

Həkim hesab edir ki, məhz buna görə valideyn övladının duyğularını qəbul etməli, onu səmimi şəkildə dinləməli, ona dəyər verdiyini hiss etdirməlidir: “Bu münasibət uşağın gələcək həyatına güclü təsir göstərir. Belə uşaqlar sonradan böyük uğurlar qazana, ciddi inkişaf yolu keçə və ətrafındakıları təəccübləndirə bilərlər. Hər bir insan müəyyən potensial və imkanlarla dünyaya gəlir. Valideynin əsas rolu həmin potensialın üzə çıxmasına şərait yaratmaqdır. Sonrakı inkişafın təməlini məhz uşağın aldığı sevgi, güvən və dəstək təşkil edir.
Təəssüf ki, bu psixoloji həqiqətləri bilməyən valideynlər hər şeyi nəzarətdə saxlamağa çalışır, bütün qərarları yalnız özlərinin verməli olduğuna inanırlar. Halbuki psixoloji ehtiyacların nəzərə alınmaması sonradan ağır nəticələrə səbəb ola bilər. Bütün bunları dəyişmək mümkündür. Bunun üçün öyrənmək, maariflənmək və uşağın daxili dünyasını anlamağa səmimi şəkildə çalışmaq lazımdır”.
Şahanə Rəhimli,
Musavat.com






