İnsanlara hürriyət, millətlərə istiqlal!

İpoteka üçün FAİZ dərəcələri dəyişəcək? – AÇIQLAMA

453 24.07.2026 13:20 Sosial A A

2024-cü ildən bəri İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 13 mindən çox həyat və 37 mindən çox əmlak sığortası müqaviləsi imzalanıb. Bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, son 3 ildə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 11,6 min əmlak qiymətləndirilib. R.Abdullayev, həmçinin, deyib ki, bu ilin I yarısında ipoteka kreditləşməsi ilə alınan mənzillərin orta dəyəri 160 min manat olub:

“Adi ipoteka kreditləri hesabına alınan mənzillərin orta dəyəri 175,5 min manat, güzəştli ipoteka kreditləri üzrə hesabına alınan mənzillərin orta dəyəri isə 133,4 min manat təşkil edib. İpoteka kreditlərinin orta məbləği 101 min manat, orta müddəti 290 ay, orta çəkili faiz dərəcəsi 6,4 %, kredit alanların orta yaşı isə 34 olub. Aylıq ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə azalaraq 702 manata düşüb”.

“Hazırda ipoteka kreditlərinin orta çəkili faiz dərəcəsi 6,5 %-lik uçot dərəcəsinə yaxındır. Bəzi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələri daha əlverişli hesab olunur. Çünki iqtisadi reallıqlarla bağlı bir çox ölkələrdə ipoteka faizləri mərhələli şəkildə artırılıb. Dövlət dəstəyi nəticəsində isə fond uzun illərdir ipoteka kreditləri üzrə faiz dərəcələrinin sabit saxlanmasını təmin edib. Hazırda güzəştli ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi 4 %, adi ipoteka kreditləri üzrə isə 8 % təşkil edir", - deyə Fond rəsmisi vurğulayıb (Report).

Eyyub Kərimli: “Azərbaycan biznesin qeydiyyatı prosesi üzrə ən qabaqcıl  təcrübələrdən birinə malikdir”

İqtisadçı Eyyub Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, həm kirayə mənzillər üçün nəzərdə tutulan, həm də güzəştli ipoteka kreditləri 4 və 7-8 faiz arası dəyişir. Onun fikrincə, bu, uzunmüddətli ipoteka kreditləri istiqamətində məqbul faiz dərəcələridir:

“Araşdırmalar onu göstərir ki, MDB məkanında da, Avropa və ABŞ-də də uzunmüddətli ipoteka faizləri bu diapazondadır. Hesab edirəm ki, iqtisadi reallığı və ölkədə baş verən mütəmadi inflyasiya göstəricilərini nəzərə alaraq, dövlət tərəfindən ayrılan ipotekaların faizləri məqbuldur. Kommersiya bankları bir qədər yüksək-10-11 faiz civarında uzunmüddətli ipoteka verirlər.

Azərbaycanda illik inflyasiya 5-7 faiz arasında dəyişir. Müddəti nəzərə alaraq, həmçinin, manatın sabitliyi, faizlərin qorunması, artırılmaması baxımından İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan kreditlər iqtisadi cəhətdən həm məqbuldur, həm də əmlakın əlçatanlığını təmin edir. Digər tərəfdən fikrimcə, kreditləşmənin əhatəsi və həcmi həm regionlar, həm də paytaxt üzrə daha da genişlənməli, əlçatanlıq təmin olunmalıdır. Bu, insanların ipoteka ilə əmlak əldə etmə imkanlarını genişləndirər”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR