Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına edilən hücumdan sonra Moskva Ukrayna ilə aparılan danışıqlarda mövqeyini sərtləşdirəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi baş verənləri cavabsız qoymayacaq və ölkənin hərbi qüvvələri necə, nə ilə və nə vaxt cavab verəcəklərini dəqiq bilirlər.
Peskov Kiyevin Putinin Novqorod vilayətində yerləşən iqamətgahına hücumunu inkar edən bəyanatları da sərt tənqid edib və bu iddiaları ağlasığmaz adlandırıb. O qeyd edib ki, baş verənlər açıq-aşkar faktdır və bunu inkar etməyə çalışmaq reallığı dəyişmir.
Kremlin sözçüsü vurğulayıb ki, buna baxmayaraq, Rusiya danışıqlar prosesindən çıxmaq niyyətində deyil. Onun sözlərinə görə, Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında etimada əsaslanan dialoq davam edir.
Dmitri Peskov Kiyevin hücumu zamanı Putinin harada olması ilə bağlı sualı cavabsız qoyub. O bildirib ki, bu məsələ hər hansı formada ictimai müzakirə mövzusu ola bilməz.
Musavat.com






