İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran ABŞ zərbələri ilə üz-üzə qalarsa, Bakı...” - VACİB AÇIQLAMA

841 05.02.2026 19:21 Son xəbər A A

İranın ali dini liderinin müşaviri Əli Şamxaninin “Əl-Mayadin” telekanalına verdiyi son müsahibə regionda yeni gərginlik dalğasının anonsu kimi səsləndi. ABŞ ilə mümkün hərbi qarşıdurmadan danışan Şamxani bu dəfə də Azərbaycanı hədəfə gətirməklə Tehranın köhnə, lakin təhlükəli ritorikasını yenidən gündəmə daşıdı.

Rəsmi Bakının dəfələrlə açıqladığı prinsipial mövqeyə baxmayaraq, İran tərəfi yenə şübhə, təhdid və eyham dilini seçdi. Şamxani müsahibəsində İranın əvvəlki müharibə dövründə bəzi ərazilərdən təhdid edildiyini iddia edərək, artıq “səbirli olmağın lazım olmadığını” vurğuladı, bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəklərini, digərlərini isə “sənədləşdirilmiş şəkildə” xəbərdar edəcəklərini bildirdi.

Bu açıqlama açıq şəkildə region ölkələrinə, o cümlədən Azərbaycana ünvanlanan mesaj kimi dəyərləndirildi.

OGUZ.jpeg (277 KB)

Məsələyə münasibət bildirən siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında İran dini liderinin müşavirinin reallıqdan uzaq danışdığını qeyd edərək bildirib ki, Tehran öz siyasi davranış modelini başqalarına da şamil etməyə çalışır. Onun sözlərinə görə, məşhur “hər kəs hər şeyi öz arşını ilə ölçər” deyimi İran rəsmilərinin mövqeyini dəqiq ifadə edir.

Heydər Oğuz xatırladıb ki, Azərbaycan dəfələrlə öz ərazilərindən, hava və su məkanından üçüncü dövlətlərə qarşı istifadəyə icazə verilməyəcəyini açıq şəkildə bəyan edib. Buna baxmayaraq, Xamenei ətrafındakı çevrələr çətin vəziyyətə düşən kimi Bakıya şübhə ilə yanaşır.

Siyasi şərhçinin fikrincə, bunun səbəbi aydındır: zaman-zaman Rusiyanın, bəzən isə Çinin proksi qüvvəsi kimi hərəkət edən İran rəhbərliyi böyük güclərin zərbələrini öz üzərinə çəkdiyi kimi, Azərbaycanın da eyni yolu tutduğunu zənn edir. Halbuki Azərbaycan tarixən belə davranış sərgiləməyib. Rəsmi Bakı heç vaxt qonşularına, din və etnik baxımdan yaxın xalqlara qarşı xəyanət yolunu tutmayıb və tutmayacaq. Əksinə, Azərbaycan ən çətin anlarda belə regional sabitliyi və humanist mövqeyi üstün tutub. Hətta ən qatı düşməni olan Ermənistanla qarşıdurmada belə, rəsmi şəkildə özünə məxsus olmayan tarixi torpaqlara iddia irəli sürməyib, mübarizəsini beynəlxalq hüquq çərçivəsində aparıb.

Heydər Oğuzun vurğuladığı kimi, Azərbaycan ardıcıl antiimperialist mövqe sərgiləyərək müxtəlif xalqlara, o cümlədən Fransa müstəmləkələrinin azadlıq mübarizəsinə açıq dəstək verib.

Tarix göstərir ki, regionda gərginlik yarananda təhlükə ilə üzləşən ölkələrə ilk yardım əlini uzadanlardan biri də məhz Azərbaycan olub.

Siyasi şərhçinin fikrincə, sabah İran ABŞ zərbələri ilə üz-üzə qalarsa, onun yanında duran ilk ölkələrdən biri yenə Bakı olacaq.

Nəticə etibarilə, Xameneinin “su bulandıran” müşavirləri bilməlidirlər ki, Azərbaycan qonşularına xəyanət edərək böyük güclərin rəğbətini qazanmağa çalışan dövlət deyil. Azərbaycan dostluğunu da, düşmənçiliyini də açıq, prinsipial və kişi kimi aparan ölkədir.

E. MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR