İLK yayım saatı: 12:18
Mayın 26-da kənd təsərrüfatına həsr olunmuş müzavirədəki çıxışında Prezident İlham Əliyev əsas ərzaq məhsulları ilə özünütəminat səviyyəsinə dair göstəriciləri açıqlayıb. Onun verdiyi məlumata görə, Azərbaycan özünü quş əti ilə 82 faiz faiz təmin edir. İstehsal 147 min ton, idxal isə 32 min tondur. Yumurta ilə özünütəminat həddi keçilib, illik istehsal 2025-ci ildə 2 milyard 340 min ədəd , ixrac isə 90 milyon ədəd təşkil edib.
Prezident müşavirədə vurğulayıb ki, Azərbaycan 2030-cu ilədək quş əti ilə özünü tam təmin etməlidir. Onun təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda 2030-cu ilədək quş əti istehsalının ən azı 30 faiz artırılması hədəflənib.
Prezident hökumətə proqramın icrasına vəsait tapmağı tapşırıb: “Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq”.
Qeyd edək ki, rəsmi statistikaya əsasən 2020-ci ildə Azərbaycanda kəsilmiş çəkidə quş əti istehsalı 115,4 min ton, 2025-cü ildə isə 147 min ton təşkil edib. Yumurta istehsalı isə 2020-ci ildəki 1 milyard 906 milyon 198 min ədəddən 2025-ci ildə 2 milyard 340 milyon ədədə yüksəlib, ixrac 90 milyon ədəd təşkil edib. Göründüyü kimi, 5 ildə quş əti istehsalı 27,4 faiz, yumurta istehsalı isə 22,7 faiz artıb. Bu isə o deməkdir ki, növbəti 4 ildə quş əti istehsalının ən azı 44 min ton artırılması planlaşdırılır. Bu hədəf nə qədər realdır və ona nail olmaq üçün hansı konkret addımlar atılmalıdır?
Sualları cavablandıran Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənlinin Musavat.com-a dediyinə görə, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan quşçuluq sektorunun inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir:

“Bu diqqət sayəsində quşçuluq təsərrüfatları damazlıq və süfrə yumurtası istehsalında ölkə tələbatını aşaraq, xarici ölkələrə ixraca və ölkəmizə xarici valyuta axınının təmin olunmasına töhfə verməyə başlayıblar. Təsərrüfatlar toyuq əti istehsalını da sürətlə artırırlar və tezliklə bu sahədə də ixraca nail olmağı hədəfləyirlər. Bu sahədə qarşımızda duran əsas çətinliklərdən biri avadanlıqlarla bağlıdır. Hazırda quş əti istehsalçıları avadanlıq və texnologiyaların idxalının 40 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmindən yararlana bilmirlər, çünki bu dəstək onlara şamil olunmur. Qlobal bazarlarda son illərdə gedən bahalaşma şəraitində quş əti istehsalçıları avadanlıq və texnologiyaları yeniləmək üçün tələb olunan yüksək məbləğli investisiya qoyuluşlarını özləri həyata keçirə bilmirlər. Xüsusilə də bu gün quşçuluq təsərrüfatları köhnə və yaxud ikinci-üçüncü əl işlədilmiş kəsim avadanlığı ilə işləyirlər. Nəticədə təsərrüfatlarda saxlanılan quşlar kəsim sexinin olmaması və yaxud olanların isə yararsız olduğuna görə diri halda satılır.
Ölkəmizin özünü tam şəkildə quş əti ilə təmin etməsi, ixracın təmin olunması üçün digər problemlərlə yanaşı, bu problemin də həll olunması çox vacibdir. Yəni yetişdirilən quş mütləq sonucda kəsilərək istehlakçıya çatdırılmalıdır. Ancaq bu gün həm ölkəmizdə, həm digər ölkələrdə tələblər və normalar getdikcə yüksəldiyindən və dəyişdiyindən əldə olan texnologiya geri qalır və buna cavab vermir”.
Assosiasiya sədri qeyd edir ki, quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üüçn müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir: “Bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir. Belə ki, sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istyəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki ölkəmizdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır və iki kateqoriyaya aiddir: əkin və örüş. Əkin torpaqlarında əkinçilik, örüşdə isə mal-qaranın otarılması nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, “kənd təsərrüfatı təyinatlı” adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır. Həmin planların həyata keçirilməməsi Azərbaycanda toyuq ətinə artan tələbatın qarşılanmasında problemlərə və qiymət artımlarına yol aça bilər”.
M.Həsənli bildirir ki, Prezidentin müşabvirədəki çıxışı onun torpaqların ayrılması sahəsində vəziyyətdən xəbərdar olduğunu göstərir: “Dövlət başçısı bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verdi. İnanırıq ki, bu sahədə üzləşdiyimiz çətinliklər tezliklə aradan qalxacaq. Təsəvvür edin ki, hazırda Azərbaycanda 851-ə yaxın quşçuluq damı mövcuddur, lakin bunların yalnız 767-si aktiv fəaliyyət göstərir. Təxminən 84 dam istifadəyə yararsız vəziyyətdədir. Tələbatı tam ödəmək üçün Azərbaycanda aylıq ortalama 11.5 milyon ədəd quş becərilməyə təqdim edilməlidir ki, ortalama 10faiz ölüm hallarını nəzərə alsaq, aylıq 10.3 mio quş kəsim prosesinə cəlb olunsun. Mövcud dam sayını nəzərə alsaq hal-hazırda bunu təmin etmək mümkün deyil. Bunun əsas səbəbi bir neçə faktordan qaynaqlanır. İlk olaraq biotəhlükəsizlik və sanasiya müddəti səbəbindən damların ən azı 30-40 faizi boş qalmaq məcburiyyətindədir. Bunu nəzərə alsaq daim 500-ə yaxın işlək dam mövcud olur. Ortalama bir dama həcmindən asılı olaraq 15-20 min civarında quş yerləşdirilir. Bu da təxminən 8-9 mio ədəd quş sayı deməkdir. Hətta bununla belə mövcud damların istifadəsi tam gücü ilə həyata keçirilə bilmir. Buna səbəb damların əksəriyyətinin yüksək konsentrasiya sahələrində yerləşməsidir. Belə ki, mövcud damların böyük əksəriyyəti bir-birinə çox yaxın məsafədə yerləşir ki, bu da xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Eyni zamanda, damların azlığı səbəbindən quşların sıx yerləşdirilməsi və sanasiya dövrlərinin kifayət qədər uzun olmaması kimi problemlər müşahidə edilir. Torpaq ayrılması problemi aradan qaldırılarsa, sürətlə yeni quş damlarının tikintisi baş tuta bilər”.
Assosiasiya sədri daha bir həlli vacib olan digər məsələlər olaraq kəsilmiş formada satılan quş ətinin sənaye məhsulu kimi təsnif edilərək, satışın vergiyə cəlb edilməsi, quşçuluğun əsas yemlərindən olan qarğıdalının idxalının ƏDV-dən azad olunmamasını qeyd edir.
M.Həsənlinin sözlərinə görə, Assosiasiya quş əti istehsalının daxili tələbatı ötəcək səviyyəyə çatdırılması üçün müvafiq dövlət qurumlarına konkret təkliflər təqdim edib: “İnanırıq ki, onlar qəbul edilib icraya yönəldiləcək və dövlət proqramında qarşıya qoyulan hədəfə tam nail olacağıq”.
Dünya,
Musavat.com






