İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın zərifliyində dövlət sərtliyi: Xəyanətkarların Münhendən başlanan ifşası

347 24.07.2026 21:07 Siyasət A A

İnformasiya müharibəsinin mərmisi sözdür. Səngəri telefondur. Silahı kameradır. Hədəfi isə insanın özü yox, onun təmsil etdiyi dövlətdir.

Bu savaşda bir görüntü yüz məqalədən, bir cümlə yüz bəyanatdan daha təsirli ola bilir. Bəzən aylarla qurulan təbliğat bir neçə saniyəlik canlı polemikada çökür. Çünki montaj insanı gizlədə bilər, üz-üzə dialoq isə onun əsl ölçüsünü göstərir.

2026-cı ildə əvvəl Münhendə yaşanan qarşılaşma məhz belə oldu. Bir tərəfdə Azərbaycan dövlətini təmsil edən şəxs – Birinci vitse-prezident Mehriban Əliyeva, digər tərəfdə isə illərdir xaricdəki internet platformalarından Azərbaycan hakimiyyətinə qarşı sərt kampaniya aparan Emin Hüseynov. Onun timsalında söyüşdən doğulan, təhqiri siyasi fəaliyyətə çevirən Avropadakı blogerlər görünürdü.

Azərbaycan dövlətinin təmsilçisi dayanıb cavab verdi, iqnor etmədi, əsəbiləşmədi, lakin sözlərini də ürəyində saxlamadı.

Münhendə səslənən və illərin üzərindən xətt çəkən bir cümlə

2026-cı ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Emin Hüseynov binadan çıxan Mehriban Əliyevaya yaxınlaşdı. O, Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı sual vermək istədiyini bildirdi.

Görünür, gözləntisi bu idi ki, Mehriban Əliyeva dayanmayacaq. Dayansa da, kamera qarşısında uzun bir mübahisə başlanacaq, sonradan həmin görüntülərin ayrı-ayrı parçaları kəsilib sosial şəbəkələrdə başqa məzmunda təqdim ediləcəkdi. Heç biri baş vermədi.

Mehriban Əliyeva dayandı, döndü Emin Hüseynova baxdı və soruşdu:

"Siz qadın paltarında səfirlikdə gizlənən o insansınız? Sizə can sağlığı arzu edirəm”.

Emin Hüseynov çaşdı və yalnız “qadın paltarı…” deyə mızıldana bildi. Mehriban xanım isə sakitcə yoluna davam etdi.

Bu, sadəcə hazırcavablıq deyildi. Bu, yaddaşın cavabı idi. Qarşısındakı şəxsin, onun qardaşı Mehmanın və onlarla dilbir olan söyüş blogerlərinin aylarla, illərlə dövlətə qarşı apardıqları ideoloji təxribatın “paltarını” çıxarmaq, onların mahiyyətini ifşa etmək idi.
Xatırladaq ki, Emin Hüseynovun 2014-cü ilin avqustunda İsveçrənin Bakıdakı səfirliyinə sığındığı, orada təxminən on ay qaldığı və 2015-ci ilin iyununda İsveçrənin xarici işlər nazirinin təyyarəsi ilə Azərbaycanı tərk etdiyi həm beynəlxalq hüquq müdafiə mənbələrində, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin işi barədə məlumatlarda göstərilir.

Onun səfirliyə qadın geyimində getməsi barədə məlumat isə Azərbaycan mediasında illərdir yayılan həqiqətdir.

Lakin Münhendə əsas məsələ yalnız bu detal deyildi. Əsas məsələ cavabın forması idi.

Hakim ailəyə qarşı illər ərzində internetdə saysız-hesabsız etikadan kənar ifadələr işlədilib. Sosial şəbəkə “fəallığı” adı altında ailə sərhədi, qadın toxunulmazlığı və şəxsi həyat prinsipi dəfələrlə tapdanıb. Özü də bunu edənlərin başında Emin Hüseynovun qardaşı Mehman Hüseynov dayanır.

Amma Mehriban Əliyeva səsini qaldırmadı, dialoqdan yayınmadı. Əksinə, dayandı, cavabını verdi və sonda “Sizə can sağlığı arzu edirəm”, – dedi.

Bax, burası xüsusilə vacibdir. Çünki həmin cümlə ilə Mehriban Əliyeva qarşısında duran və onun timsalında bütün söyüş müxalifətini əsl dövlət davranışı ilə tərksilah etdi.

Mehriban Əliyeva: "Vətənpərvər gənclik olaraq formalaşdırıla biləcək inamımızı artırır"

"Sizə can sağlığı arzu edirəm" – Azərbaycan ailə tərbiyəsinin, xanım mədəniyyətinin, vəzifə məsuliyyətinin və daxili gücün ifadəsi idi. Sərtlik, ironiya vardı, mövqe vardı, amma küçədən gəlmiş avantüristlərin adət etmədiyi, bacarmadığı, səviyyələri çatmadığı ali statusa yaraşan bir tərzdə.

Əsl siyasi güc qarşısındakını öz səviyyənlə, nüfuzunla dərrakənlə, məntiqinlə, yerində oturtmaqdır. Mehriban Əliyeva bunu etdi.

Kamera işləyirdi, amma ssenari dağıldı

Videonun ən maraqlı hissəsi Mehriban Əliyevanın söylədiyi cümlədən sonrakı bir neçə saniyədir. Emin Hüseynov əvvəlcə susur. Cavab gəlmir. Hazırladığı növbəti sual, qurduğu ssenari, gözlədiyi reaksiya bir anda mənasını itirir. Sonra kameranı özünə çevirir, qısa şərh verməyə çalışır və çəkilişi dayandırır.

Bu səhnə bir həqiqəti göstərdi: kamera qarşısında tək danışmaqla canlı polemikada dayanmaq eyni şey deyil. Studiyada monoloq söyləmək asandır. Qarşında səni tanıyan, keçmişini xatırlayan və cavabdan qaçmayan bir insan dayananda isə illərlə qurduğun “məğlubedilməz jurnalist” obrazı bir neçə saniyədə sınağa çəkilir.

Monoloqun qəhrəmanı olmaq asandır. Polemikanın adamı olmaq çətindir.

Və Berlin: “Xəyanət necə gedir?”

Münhendən təxminən beş ay sonra oxşar səhnə Berlində təkrarlandı. 2026-cı il iyulun 21-də Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri zamanı Tural Sadıqlı ilə Prezidentin köməkçisi Hikmət Hacıyev arasında ibrətamiz polemika yaşandı.

Hadisə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı baş verdi. Tural Sadıqlı jurnalistlərin dayandığı məkanda idi. Kənardakı “söyüş qardaşları” bağırıb-çığırırdılar. İran, Rusiya və Ermənistan kəşfiyyatına xidmət etdikləri iddia olunan “dümbülüş blogerlər” aldıqları tapşırıqları icra etməyə çalışırdılar. Tural Sadıqlı isə pusquda dayanmışdı, Azərbaycan Prezidentinə qarşı təxribata hazırlaşırdı. Ona guya çətin suallar verəcəkdi.

Bu məqamda Hikmət Hacıyev onu gördü və Prezidentin köməkçisi blogerə yaxınlaşaraq soruşdu:

“Xəyanət necə gedir?”

Tural Sadıqlı çaşdı. Hesablamaları və planları pozuldu. Kamera vardı, küçə vardı, hazırlanmış suallar vardı, qarşıda yüksək vəzifəli dövlət məmuru dayanırdı. Deməli, onun istədiyi görüntülər alınmalı idi. Ya həmin şəxs uzaqlaşacaq və “sualdan qaçdı” deyiləcəkdi, ya da emosional reaksiya verəcək və bir neçə saniyəlik fraqment günlərlə yayılacaqdı.

Amma Hikmət Hacıyev heç yana qaçmadı. Əksinə, özü yaxınlaşdı, əl verdi, hal-əhval tutdu. Sonra polemikanın çərçivəsini özü müəyyənləşdirdi:

“Xəyanət necə gedir?”-bu, sual formasında verilmiş siyasi hökm idi.

Ardınca daha açıq dedi:

“Həyatda ən çətin şey Vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mənim o statusda yaşayan insanlara yazığım gəlir”.

Tural Sadıqlı verilişlərinin Azərbaycanda hamı tərəfindən izlənildiyini iddia etdikdə Hikmət Hacıyev soyuqqanlı şəkildə bildirdi:

"Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır. Səmimi deyim, elə deyil”.

Bu da başqa bir mifin dağılması idi. Çünki sosial şəbəkə alqoritmləri insana saxta böyüklük hissi verir. Bir neçə yüz min baxışla bəzən adama elə gəlir ki, bütün xalq onu izləyir. Bir neçə min şərhi görəndə ona elə gəlir ki, bütün cəmiyyət onunla nəfəs alır. Öz çevrəsinin səsini bütün Azərbaycanın səsi hesab edir.

Halbuki rəqəmsal gurultu həmişə ictimai nüfuz demək deyil. Alqoritmin məşhuru olmaq xalqın etimadını qazanmaq deyil. Hikmət Hacıyev bunu bir cümlə ilə dedi.

“Mənim haqqımda beş qatını, on qatını deyin…”

Bu cümlənin davamında əsas xətt ortaya çıxdı: məsələ Hikmət Hacıyevin şəxsi deyil. Məsələ dövlətə, Vətənə, milli maraqlara münasibətdir.

Yəni sən bir məmuru tənqid edə bilərsən, onun fəaliyyətini sorğulaya bilərsən, qərarlarına etiraz edə bilərsən. Bu, siyasətin və jurnalistikanın təbiətidir. Amma tənqidlə düşmənçilik, fikir ayrılığı ilə dövlətin məğlubiyyətini arzulamaq, hakimiyyətə müxalif olmaqla Vətənin maraqlarına qarşı mövqe tutmaq eyni şey deyil.

Bu sərhəd qəsdən qarışdırılanda jurnalistika bitir, siyasi satqınlıq və düşmənə xidmət başlayır.

Jurnalist hakimiyyətə qarşı ola bilər. Dövlətinə qarşı ola bilməz. Jurnalist məmuru sərt tənqid edə bilər. Vətəninin məğlubiyyətini arzulaya bilməz. Necə ki, 2020-ci ildəki Vətən müharibəsində və 2023-cü ildə keçirilən antiterror əməliyyatlarında Tural Sadıqlı, Məhəmməd Mirzəli və digərləri məhz belə davranmış, separatçıları müdafiə etmiş, Azərbaycan dövlətinə qarşı ideoloji təxribatlar aparmışdılar.

Jurnalist sual verər, söyüş istehsal etməz. Jurnalist fakt axtarar, düşmən təbliğatına söz daşımaz. Sərhəd budur.

Bu sərhədi keçən adamın əlində mikrofon, qarşısında kamera, “YouTube” kanalında yüz minlərlə izləyicisi ola bilər. Amma bütün bunlar onu avtomatik olaraq jurnalist etmir.

Mikrofon peşə vəsiqəsi deyil. Kamera vicdan sertifikatı deyil. “YouTube” kanalı da toxunulmazlıq sənədi deyil.

Tural Sadıqlı dələduzluq, böhtan və birbaşa cinayət məsuliyyətli əməllərin icraçısıdır – BƏYANAT

Tural Sadıqlının hüquqi statusu

Tural Sadıqlı ilə bağlı məsələ yalnız siyasi polemikadan ibarət deyil.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il dekabrın 26-da Tural Sadıqlı və bir sıra digər xaricdə yaşayan blogerlər barədə qiyabi hökm çıxarıb. Tural Sadıqlı 14 il müddətinə azadlıqdan məhrum edilib. Məlumatda onun dələduzluq, terrorçuluğa açıq çağırışlar, kütləvi iğtişaşlara çağırış və digər maddələrlə ittiham olunduğu bildirilir.

Tural Sadıqlı isə bütün bunların və etdiyi xəyanətlərin üstündən sanki heç nə olmayıbmış kimi keçərək Hikmət Hacıyevə deyir ki, təhlükəsizliyinə təminat verilsin, o da ölkəsinə qayıtsın. Erməni işğalçılarını dəstəklədiyi videolar barədə də bildirir ki, onlar montajdır.

Xaricdə fəaliyyət göstərən radikal platformaların bəzilərinin müxtəlif xarici siyasi dairələrin, fondların və xüsusi xidmət strukturlarının maraqlarına uyğun hərəkət etməsi barədə illərdir iddialar səslənir. Bəzi çıxışların Azərbaycan əleyhinə regional təbliğatla üst-üstə düşməsi də ciddi suallar doğurur.

Xüsusilə 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun fəaliyyətinə münasibətdə bəzi xarici platformalarda səslənən fikirlərlə Ermənistanın rəsmi təbliğat tezisləri arasında paralellər açıq görünürdü.

Əslində onların açıq fəaliyyəti, yayımladıqları videolar, seçdikləri leksika, ölkə üçün taleyüklü anlarda tutduqları mövqe siyasi və hüquqi qiymət vermək üçün onsuz da kifayət qədər material yaradır.

19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı » Sözçü qəzeti

Adamın kimə xidmət etdiyini həmişə sənədlə tapmaq olmur. Bəzən hansı məqamda sevindiyinə, hansı xəbərə kədərləndiyinə, kimin tezisini təkrarladığına baxmaq kifayətdir. İnsanın siyasi ünvanı çox vaxt pasportunda yox, sevincində görünür.

Azərbaycan Ordusu irəliləyəndə narahat olan, düşmənin təbliğatı güclənəndə fəallaşan, dövlətin uğurunu kiçiltmək, məğlubiyyət ehtimalını isə böyütmək üçün çalışan platformaların fəaliyyətinə cəmiyyət özü qiymət verir.

Onları ifşa etmək üçün şişirdilmiş ittihama ehtiyac yoxdur. Öz efirləri elə öz dosyeləridir...

Söyüş niyə siyasi alətə çevrilir?

Radikal mühacir platformalarının əsas problemlərindən biri də söyüşün siyasi metoda çevrilməsidir. Əvvəl fakt azalır, sonra arqument tükənir, daha sonra təhqir başlayır. Bir müddət sonra isə söyüş həmin kanalın əsas janrına çevrilir.

Çünki söyüş tez tirajlanır. Qəzəb alqoritmi qidalandırır. Təhqir şərh sayını artırır. Qalmaqal baxış gətirir.

Beləliklə, siyasi mövqe ilə kommersiya marağı, xəyanət fəaliyyəti və xarici dairələrə xidmət bir-birinə qarışır.

İndi bunlar öz aralarında bir-birini qəhrəman, cəsur adam elan edirlər. İnsanların ailə üzvlərini təhqir etmək, küçə söyüşləri söymək bunların nəzərində qəhrəmanlıq sayılır.

Daha sərt, daha çirkin, daha etikadan kənar danışan “daha cəsarətli” elan olunur. Bu isə artıq jurnalistika deyil. Bu, qəzəbin və xəyanətin biznes modelidir.

Avropadan yayım edən “söyüş uşaqları” məhz xəyanət biznesinin içindədirlər. Onlar nifrəti dövriyyəyə buraxırlar. Beyinləri və sinir sistemləri normal danışıq janrında işləmir.

Bir gün onların qarşısına Mehriban Əliyeva kimi dövlət xadimi çıxanda məlum olur ki, illərlə yaradılan gurultunun arxasında ciddi debat qabiliyyəti yoxdur.

Efir döyüşçüləri niyə canlı polemikada çətinlik çəkirlər?

Çünki efirdə hakim özləridir. Sualı özləri verir, cavabı özləri seçir, videonu özləri kəsir, başlığı özləri qoyur, şərhi özləri yönləndirirlər. Lazım olan yeri saxlayır, lazım olmayan yeri çıxarırlar.

Canlı qarşılaşmada isə bu üstünlüklərin heç biri yoxdur. Qarşındakı adam sənin gözlədiyin kimi davranmır, hazırladığın tələyə düşmür, susmur, yayınmır, əsəbiləşmir. Sənin haqqında bildiyini bir cümlə ilə üzünə deyir.

Və kameranın qarşısında sənin yaratdığın obrazla gerçək davranışın arasındakı fərq görünür. Münhendə də belə oldu, Berlində də.

Emin Hüseynov aldığı cavabdan sonra dərhal əks-arqument qura bilmədi. Tural Sadıqlı isə Hikmət Hacıyevin sakit, birbaşa və göz təmasını itirmədən apardığı polemikada təşəbbüsü ələ ala bilmədi.

Çünki biri sual verməyə gəlmişdi, qarşısındakı isə cavab verməyə hazır idi. Biri səhnə qurmuşdu, qarşısındakı isə ssenarini dəyişdi. Hazırlanmış təxribatın ən böyük düşməni cəsarət və hazırcavablıqdır.

Dövlət mədəniyyəti ilə küçə ritorikası arasındakı fərq

Mehriban Əliyeva Emin Hüseynova can sağlığı arzuladı. Hikmət Hacıyev Tural Sadıqlı ilə əl sıxdı. Söhbətin sonunda da nəzakət qaydaları qorundu.

15.2.26: Kim haqlıdır: Mehriban Əliyeva, yoxsa Emin Hüseynov?

Bu məqamlar xırda detallar deyil. Əksinə, hadisələrin əsas siyasi mənası burada gizlənir. Çünki dövlət təmsilçisi danışarkən yalnız özünü təmsil etmir. O, vəzifəsini, ölkəsini, bayrağını və dövlət mədəniyyətini təmsil edir.

Ona görə də qarşısındakı adam nə qədər kobud danışırsa danışsın, dövlət nümayəndəsi onun səviyyəsinə enə bilməz. Enərsə, polemikanı qazansa belə, təmsil etdiyi məqamı uduzar.

Hər iki halda rəsmilər bunu etmədilər. Onlar cavab verdilər, amma səlis, dəqiq, məntiqli, qarşısındakını mat vəziyyətinə salacaq tərzdə.

Dövlətin böyüklüyü təkcə sərt cavab verməkdə deyil, sərt cavabı mədəni şəkildə verməkdədir. Bu, çox ciddi fərqdir. Çünki qarşı tərəfin əsas arzusu səni öz dilinə çəkmək, əsəbiləşdirmək, səndən kobud bir söz almaq, sonra həmin sözü bütün kontekstdən çıxarıb günlərlə dövriyyəyə buraxmaqdır.

Bu tələyə düşmədiyin anda onların əsas silahını əlindən alırsan.

Münhendə yaranan model

Məncə, Münhendən sonra artıq yeni bir davranış modelindən danışmaq mümkündür. Adını müxtəlif qoymaq olar, amma mahiyyət dəyişmir və beş sadə prinsipə əsaslanır: qarşılaşmadan yayınmamaq, təxribatı dinləmək, sakitliyi itirməmək, fakt və yaddaşla cavab vermək, heç vaxt qarşı tərəfin ritorikasına enməmək.

Münhendə Mehriban Əliyeva bu modelin ilk və ən parlaq nümunəsini göstərdi. Berlində Hikmət Hacıyev onu daha geniş polemika formasında davam etdirdi.

Bu model xaricdə fəaliyyət göstərən Azərbaycan diplomatları, diaspor fəalları, jurnalistləri və ictimai nümayəndələri üçün də əhəmiyyətlidir. Kamera görən kimi üz döndərmək, qaçmaq lazım deyil.

Çünki üz döndərdikdə görüntünün başlığını qarşı tərəf müəyyənləşdirir: “Qaçdı”, “cavab verə bilmədi”, “susdu”.

Halbuki dayanıb qısa, dəqiq, mədəni cavab verəndə həmin ssenari dağılır.

Amma burada vacib şərt var: cavab emosional qisas olmamalıdır. Şəxsi düşmənçiliyə çevrilməməli, qarşıdurmaya, təhdidə keçməməlidir.

Vətənə xəyanət edənlərə yazığım gəlir” — Hikmət Hacıyevdən Tural Sadıqlıya

Onların ən böyük səhvi: Azərbaycanı tanımamalarıdır

Xaricdəki radikal platformaların əsas yanlış hesablarından biri budur ki, Azərbaycan cəmiyyətini yalnız sosial şəbəkə rəylərindən ibarət hesab edirlər.

Onlara elə gəlir ki, bir neçə min anonim profil bütün xalqdır. Onlara elə gəlir ki, xaricdən yayımlanan hər veriliş Bakıda, Gəncədə, Tovuzda, Şəkidə, Lənkəranda, Naxçıvanda hamı tərəfindən izlənir. Onlara elə gəlir ki, Azərbaycan insanı dövlətlə bağlı bütün mövqelərini onların efirlərindən formalaşdırır.

Xeyr.

Azərbaycan xalqı 2020-ci və 2023-cü illərdə kimin hansı mövqedə dayandığını gördü. Kim Ordunun yanında idi? Kim şübhə yayırdı? Kim qələbəyə inanırdı? Kim düşmən mənbələrinin məlumatlarını həvəslə paylaşırdı? Kim şəhid xəbəri gələndə susur, Azərbaycan irəliləyəndə narahat olurdu? Xalq bunları unutmayıb.

Azərbaycan cəmiyyəti tənqidi qəbul edir. Ədalətli tənqidə ehtiyacı da var. Amma Vətən savaşında hansı tərəfdə dayandığını gizlədənləri qəbul etmir.

Çünki bu xalq üçün Qarabağ sadəcə siyasi mövzu deyil. Qarabağ şəhid qanıdır, anaların göz yaşıdır, otuz illik həsrətdir, Zəfərdir, dövlətin və millətin ləyaqət məsələsidir.

Bu həqiqəti anlamadan Azərbaycan auditoriyasına xitab edən hər kəs gec-tez divara dəyəcək.

Mehriban Əliyevanın bir cümləsində iki ayrı güc

Münhen dialoquna yenidən qayıtmaq lazımdır. Çünki orada iki fərqli Mehriban Əliyeva obrazı eyni anda görünürdü.

Birincisi, siyasi yaddaşı olan dövlət xadimi idi. Qarşısındakı şəxsi tanıdı, onun keçmişində ictimaiyyətə məlum olan hadisəni xatırlatdı, replikanı cavabsız qoymadı.

İkincisi, milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin parlaq daşıyıcısı olan və onları ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xanımı idi. Sonda can sağlığı arzuladı.

Bu iki keyfiyyətin birləşməsi cavabı təsirli etdi. Yalnız sərt olsaydı, adi qarşıdurma kimi görünərdi. Yalnız nəzakətli olsaydı, cavabsızlıq kimi yozula bilərdi. Amma həm sərt, həm də nəzakətli oldu.

Zəriflik zəiflik deyil. Təmkin qorxu deyil. Nəzakət geri çəkilmək deyil. Bəzən qadın zərifliyində dövlət sərtliyi gizlənir. Münhendə görünən də bu idi.

WhatsApp Image 2026-07-24 at 16.00.45.jpeg (248 KB)

Kamera hər şeyi çəkmişdi

Hər iki hadisədən sonra qarşı tərəf öz platformasında baş verənlərə fərqli məna verməyə çalışdı. Bu, təbiidir. Hər kəs məğlub göründüyü səhnəni öz auditoriyasına qələbə kimi təqdim etmək istəyir. Amma bu dəfə problem vardı: kamera hər şeyi çəkmişdi.

Kimin yaxınlaşdığı, kimin dayandığı, kimin nə dediyi, kimin cavabdan sonra susduğu görünürdü. Artıq hadisəni tamamilə dəyişdirmək mümkün deyildi.

Çünki sosial şəbəkənin başqa bir qanunu da var: kamera bəzən təxribatçının silahıdır, bəzən isə onun ən böyük şahidinə çevrilir.

Münhendə və Berlində kamera Azərbaycan rəsmilərini çətin vəziyyətə salmaq üçün açılmışdı. Nəticədə qarşı tərəfin polemika hazırlığının zəifliyini göstərdi. Silah sahibinə qarşı çevrilmişdi.

Hər ikisi eyni şeyi göstərdi: Azərbaycan dövləti özünü təhqir edənlərin qarşısından qaçmır, amma onların səviyyəsinə də enmir.

Bu, mühüm siyasi və mənəvi xətdir.

Qaçmamaq lazımdır. Çünki qaçdıqda yalan cəsarətlənir. Susmamaq lazımdır. Çünki susduqda böhtan özünü həqiqət kimi təqdim edir.

Bu nümunələr Azərbaycana qarşı ideoloji müharibə aparan söyüş blogerlərinin ideoloji anatomiyasını darmadağın etdi. Özlərini qorxmaz, məğlubedilməz, dövlət adamlarını susduran qüvvə kimi təqdim edən həmin çevrələrin üz-üzə dialoqda nə qədər hazırlıqsız, arqumentsiz və psixoloji baxımdan kövrək olduqları ortaya çıxdı. İllərlə efirlərdə qurduqları saxta qəhrəmanlıq mifinin arxasında ciddi siyasi mövqe yox, montaj, təhqir, alqoritm gurultusu və qarşı tərəfin cavab verməyəcəyinə hesablanmış rahatlıq dayandığı aydın göründü.

Bütün məsələ də budur. Münhendə, Berlində göründü və möhürləndi.

Dövlətin sözü sakit səslənə bilər. Amma yerində deyiləndə ən gurultulu çıxışdan daha ağır eşidilir.

R. ABBASOV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR