İran ABŞ-ın təcavüzünə cavab verəcək və Hörmüz boğazının idarə olunmasına müdaxiləyə icazə verməyəcək.
Musavat.com xəbər verir ki, bu, İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının açıqlamasında yer alıb. Tasnim agentliyinin yaydığı məlumata görə, "İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ-ın təcavüzünə və terrorçu hərəkətlərinə qəti cavab verəcək və heç bir halda Hörmüz boğazının işlərinə və idarə olunmasına müdaxilə etməsinə icazə verməyəcək".
İran tərəfindən yayılan açıqlamadan bir neçə saat sonra Bəhreyndə hava hücumu xəbərdarlığı verilib. Krallığın Daxili İşlər Nazirliyi bu barədə X-də məlumat verib: "Siren səsi eşidilib. Vətəndaşlar və sakinlər sakit qalmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağırılır".
Qeyd edək ki, İran mətbuatı Bəndər-Abbas və Qəşm adasında Hörmüzə nəzarət baxımından strateji əhəmiyyətə malik obyektlərin vurulduğuna dair məlumat yayıb.
Musavat.com






