İnsanlara hürriyət, millətlərə istiqlal!

İran qalib, ABŞ məğlubdur? – Ekspertlərdən FƏRQLİ baxış

387 16.06.2026 18:42 Region A A

Yaxın Şərqdə aylarla davam edən gərginlik, qarşılıqlı təhdidlər, raket hücumları və diplomatik qarşıdurmalar fonunda ABŞ ilə İran arasında əldə olunduğu bildirilən yeni razılaşma dünya gündəminin əsas mövzusuna çevrilib. Prezident Donald Trampın “İranla sövdələşmə başa çatdı” açıqlaması və ardınca Hörmüz boğazının açılması barədə verdiyi mesaj Vaşinqtonla Tehran arasında münasibətlərdə yeni mərhələnin başlandığı barədə müzakirələri daha da gücləndirib.

Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, razılaşmanın əldə olunmasından sonra hər iki tərəf özünü qalib elan edir. Vaşinqton bunu diplomatik uğur kimi təqdim etdiyi halda, Tehran da müqavimət göstərərək, qarşı tərəfi geri addım atmağa məcbur qoyduğunu iddia edir. Öz növbəsində prezident Məsud Pezeşkianın əldə olunan razılaşmanı “İran və müqavimət cəbhəsi üçün şərəf sənədi” adlandırması, həmçinin, İsrailin narazılığını Tehran üçün qələbənin təsdiqi kimi qiymətləndirməsi bu iddiaları daha da aktuallaşdırır.

Bəs əslində nə baş verdi? Trampın "neft çay kimi axsın" çağırışı Vaşinqtonun strateji hədəflərinə çatdığını göstərir, yoxsa Tehran sanksiyalar və təzyiqlər altında belə öz əsas mövqelərini qorumağa nail olub? Bu razılaşma doğrudanmı İranın qələbəsi, ABŞ-ın isə uduzması deməkdir, yoxsa tərəflərin hər biri daxili auditoriyaya qələbə görüntüsü təqdim etməyə çalışır?

Mövzu ilə bağlı Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli Musavat.com-a danışıb: “Hər iki tərəf çoxdan özünü qalib sayır. İranın hərbi-dəniz qüvvələri ağır zərbələr aldı, hərbi-hava qüvvələri zəiflədi, hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı. Hətta İranın hərbi-sənaye kompleksinin də böyük ölçüdə məhv edilmək təhlükəsi ilə üzləşdiyi barədə fikirlər səslənirdi. Buna baxmayaraq, İran təbliğatı yenə də “qalib gəldik” deyir.

İran artıq 28 fevraldan əvvəlki İran deyil. Onun hərbi gücü xeyli dərəcədə zəifləyib. Buna baxmayaraq, özlərini qalib elan edirlər. Məncə, İran hakimiyyəti bu məsələni bir qədər dəqiqləşdirsə, daha yaxşı olar. Əgər söhbət rejimin ayaqda qalmasından gedirsə, bunu müəyyən mənada rejimin uğuru hesab etmək olar. Yəni rejim bu qədər ağır zərbələrdən sonra hələ də mövcuddur. Amma ümumi mənzərəyə baxanda vəziyyət fərqlidir. Mən buna bir növ budanma deyirəm. Ağac necə budanırsa, İranın hərbi imkanları da ciddi şəkildə budanıb. Türk dilində "budanmaq" sözünün başqa bir mənası da var – ağır zərbə almaq, döyülmək mənasında. İnsan döyülə-döyülə ayağa qalxıb "mən qalibəm" deyirsə, bu, müəyyən suallar yaradır. Axı səni əməlli-başlı əzişdiriblərsə, necə qalib olduğunu izah etmək lazımdır”.

Sabiq səfirin sözlərinə görə, İran təbliğatının həqiqətə deyil, daha çox siyasi məqsədlərə xidmət etdiyi uzun illərdir müzakirə olunan məsələdir: “Bu hadisələrə yalnız rəsmi Tehranın təqdim etdiyi rakursdan baxmaq olmaz. İran müxalifətinin mövqeyinə də nəzər salmaq lazımdır. Onların hadisələrə baxışı tamamilə fərqli ola bilər.

Digər tərəfdən, 28 fevral hadisələri hərbi baxımdan həqiqətən də qeyri-adi nəticələr doğurdu. Ölkənin ali rəhbərliyinə və komanda heyətinə vurulan zərbələr ciddi rezonans yaratdı. ABŞ tərəfi də hesab edirdi ki, artıq qələbə yaxındır və buna görə özünü qalib elan etməyə başladı. Maraqlıdır ki, qarşıdurmanın hər iki tərəfi özünü qalib sayır. Halbuki iki döyüşən tərəf eyni vaxtda qalib ola bilməz. Əgər hər iki tərəf qalib olduğunu iddia edirsə, deməli, burada ən azı müəyyən ziddiyyət mövcuddur”.

Professor hesab edir ki, müharibə hələ tam başa çatmayıb: “Proses davam edir və bütün bu təbliğat bəyanatlarına baxmayaraq, əsas məsələ İranın nüvə proqramıdır. Fikrimcə, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək. Əgər buna nail ola bilməsə, o zaman bugünkü "qalibiyyət" iddialarına fərqli qiymət veriləcək. Yox, əgər İran nüvə silahına sahib olarsa, bu, həqiqətən də ciddi strateji uğur sayıla bilər. Bu həm rejimin, həm də dövlətin bütövlüyünün mühüm təminatlarından biri kimi qiymətləndirilə bilər. Və bu fikir yeni deyil. Təxminən 50 ilə yaxındır ki, İranın strateji düşüncəsində bu məsələ mövcuddur.

Hələ şah dövründə nüvə proqramının əsası qoyularkən belə hesab edilirdi ki, İranın uzunmüddətli hədəflərindən biri gələcəkdə nüvə dövlətinə çevrilməkdir. Sonrakı illərdə isə Şimali Koreya nümunəsi bu baxımdan daha çox müzakirə olunmağa başladı. Məqsəd ondan ibarət idi ki, İran da nüvə silahına malik, xarici müdaxilələrdən qorunan və regional güc statusunu möhkəmləndirən dövlətə çevrilsin”.

kenan rovsenoglu 1

Yaxın Şərq məsələləri üzrə yazar Kənan Rövşənoğlu isə qeyd edib ki, ABŞ və İsrail İranda elan etdikləri məqsədlərinə çatmayıblar: “Yəni, rejim dəyişikliyi baş verməyib, İran məğlub olduğunu qəbul etməyib. Əksinə, ABŞ-ın regiondakı hərbi gəmiləri və bazalarını, habelə İsraili, həmçinin ABŞ-ın region müttəfiqi olan ərəb dövlətlərinin ABŞ-a dəstək verən hərbi bazalarını vurub. Üstəlik Hörmüz boğazını bağlayaraq dünya enerji bazarında böhrana və ciddi bahalaşmaya səbəb olub. Bir növ iqtisadi-enerji sabotaj müharibəsi aparıb. Hərbi əməliyyatların 40-cı günü ABŞ birtərəfli qaydada əməliyyatları dayandırıb və danışıqlar prosesini başladıb. İran və İsrail də buna əməl edib”.

Kənan Rövşənoğlunun fikrincə, bu müharibədə klassik mənada qələbə və qalib yoxdur: “Yəni, kimsə kapitulyasiya elan etməyib, ağ bayraq qaldırmayıb. Ancaq indi dünyada əksər müharibələr kapitulyasiya olmadan başa çatır. Bu müharibə İran üçün ona görə qələbədir ki, İran işğal olunmadı, rejim dəyişikliyi baş vermədi və Tehran təslim olmadı. Düzdür bombalandı, amma əvəzində Hörmüz boğazını bağlamaqla dünya enerji bazarını dalğalandırdı.

Həmçinin, ABŞ-ın Körfəzdəki hərbi infrastrukturuna ağır zərbə vurdu. İsrailə ağır zərbə endirdi. ABŞ hökuməti isə quru əməliyyatı cəhdi etsə də nəticə olmadı və gözlənildiyi kimi müharibəni uzun zaman davam etdirə bilmədi. Bu səbəbdən də iranlılar bunu qələbə adlandırır. ABŞ hakimiyyəti isə Hörmüzün açılmasını qələbə hesab edir. Çünki qarşıdan seçkilər gəlir və ABŞ-də neft qiymətlərinin qalxması daxili iqtisadi vəziyyətə mənfi təsir edir. Bu mənada ABŞ-ın qələbəsi əgər deyildiyi kimi sülh sazişi əldə olunarsa, İranı 2015-ci il vəziyyətinə geri qaytaracaq”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR