Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını professor, Azərbaycanın İranda səfiri olmuş Nəsib Nəsibli cavablandırıb. Professorla ABŞ-İran arasındakı son anlaşma barəsində söhbətləşmişik.
Müsahibəni təqdim edirik:
- Nəsib bəy, bu anlaşmanı necə dəyərləndirirsiniz, açıqlanan 14 bəndə nəzər yetirəndə, İranın bu proseslərdən üstün çıxdığını söyləmək olarmı?
- O memorandumun mətni İran tərəfindən yayılıb. Tehran isə öz istəklərini qarşı tərəfin qəbul etdiyi maddələr kimi təqdim edir. Məncə, mətnə dəyişiklik ediləcək və ondan sonra dəqiq fikir bildirmək mümkün olacaq. İndiki halda, İran özünü müştəbeh aparır. Halbuki ölkə darmadağın edilib, rejim budanıb (yəni şil-küt olunub), amma bu vəziyyətdə hakim təbliğat müharibədə qalib gəldiyini iddia edir. Sadəcə, bəli, bu hadisələrdə rejim özünü qorudu, ölkə isə böyük itkiyə məruz qaldı. Buna qalibiyyət demək olmaz. Düzdür, ABŞ də özünü qələbə qazanmış tərəf kimi təqdim edir. Yəni bir-birini yaxşı tapıblar. Prezident Trampla İrandakı rejim biri-birinə taydırlar. Ona görə də real vəziyyəti təsəvvür etmək çətindir. Bütün hallarda İranın nüvə proqramından imtina etməsi, uranın zənginləşdirilməsinin 60 faizdən aşağı endirilməsi və ya xaricə köçürülməsi bölgə üçün qazanclardan biri olacaq. Azərbaycan və türk dünyasının maraqları baxımdan bu mühüm üstünlük olacaq, digər detallar isə təfərrüatdır. Ona görə də 14 maddə İranın açıqladığı mətndir. Biz yekun mətni gözləməliyik. Üstəlik, islahatçılarla sərt xətt tərəfdarları arasında gərgin mübarizə başlayıb, ölkədə iqtisadi vəziyyət ağırlaşıb. Bu şəraitdə özünü qalib saymaq gülməlidir.
- Necə bilirsiniz, özünü qalib kimi aparan rejim bu halda İranı xalq və qonşular üçün nə dərəcədə təhdiddir?
- Bu hadisələrdən sonra İranın ərəb ölkələri ilə münasibətləri yenidən pisləşib. Azərbaycanla əlaqələrdə də mənfi məqamlar üzə çıxdı. Xüsusən Naxçıvan hadisəsini qeyd etmək olar. Avropa ilə əlaqələrin də yaxşılaşacağını gözləmirəm. Bir sözlə, Trampın qeyri-ciddi bəyanatlarına baxmayaraq, ABŞ dövləti istəyinə nail olmağa çalışacaq. Bu proseslərdə Çinin rolunun olduğunu da düşünmürəm. Axı 12 günlük müharibədən fərqli olaraq, 40 günlük savaşda İran daha böyük zərbə aldı. Həmçinin dəniz blokadasının tətbiqi İranın xeyrinə olmadı. Ümid etdikləri Çin İrana siyasi dəstək vermədi, Rusiyadan kömək gəlmədi. Odur ki, rejim nümayəndələrinin bəyanatlarına baxmayın, daxili ictimai fikri rahatlatmaq üçün belə fikirlər səsləndirilir. Ümumiyyətlə, İranda radikalların son fikirləri reallıq hissinin itirilməsi və hikkədən ibarətdir. Hikkə isə rasional düşüncəyə qarşıdır.
- Bununla belə, rejim öz varlığını qoruyub saxladısa, ABŞ ilə anlaşma ərəfəsindədirsə, xalqın dəyişiklik etmək arzusunun üstündən xətt çəkilmiş sayıla bilərmi?
- Fakt budur ki, ölkədə həyati problemlər qalmaqdadır. Ən əsası, cəmiyyət müti deyil və ərəb ölkələrindən fərqlənir. Odur ki, İranda mübarizə davam edəcək. Rejim hər nə qədər yaralarını sarımağa başlasa da, dondurulmuş aktivlərin qaytarılması müzakirə olunsa da, problemlər içində boğulan İranın sosial-iqisadi vəziyyətini yaxşılaşdırmağa kömək etməyəcək. Yaxın həftələrdə anlaşma olsa belə, İranda rejimə qarşı hərəkatın yeni mərhələsi başlanacaq. Repressiyalarla isə bunun qarşısını almaq mümkün deyil. 47 ildir ki, bu rejim xalqı repressiya edir, amma nəticə olmur. Çünki mövcud problemləri həll edə bilmirlər. Ölkədə bu sosial-iqtisadi və ideoloji yanaşma ilə problemlər həllini tapmayacaq. Sadəcə, İran rejiminin bəxti onda gətirib ki, Tramp kimi qeyri-ciddi siyasi lider qarşısına çıxıb və tüccar yanaşması ortaya qoyur.
Emil Salamoğlu
Musavat.com






