İsrail ordusu İranın ölkəyə kütləvi raket zərbəsi endirməsi ssenarisini məşq edib. Bu ssenariyə əsasən, İran tərəfindən İsrailin sıx məskunlaşmış ərazilərinə iki minədək raket buraxıla biləcəyi ehtimalı nəzərdən keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə "Maariv" qəzeti məlumat yayıb.
Təlimlər çərçivəsində İranın İsrail şəhərlərinə təxminən 2 min raketlə hipotetik hücumu simulyasiya olunub. Mənbələrin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) Arxa Cəbhə Komandanlığı genişmiqyaslı manevrlər keçirib.
Manevrlərə əhalinin təxliyəsi, dağıntı zonalarında xəsarət alanlara tibbi yardımın göstərilməsi kimi tədbirlər də daxil edilib.
Təlimlərdə Təl-Əvivin cənubunda yerləşən Zikim bölgəsindəki bazada yüzlərlə hərbçi və komandir iştirak edib. Manevrlərin əsas məqsədi ölkənin sıx məskunlaşmış mərkəzlərinə mümkün kütləvi raket zərbələri zamanı hərəkət planlarının sınaqdan keçirilməsi olub.
Gecə saatlarında keçirilən təlimlərə mülki müdafiə bölmələri də cəlb edilib. Hərbçilər binaların və infrastrukturun dağılması, eləcə də genişmiqyaslı dağıntılar şəraitində qarşılıqlı fəaliyyət mexanizmlərini məşq ediblər.
Arxa Cəbhə Komandanlığının məlumatına görə, bu təlimlər ordunun müntəzəm hazırlıq proqramı çərçivəsində planlaşdırılıb və ən əhəmiyyətli manevrlərdən biri hesab olunur.
Bununla belə, IDF tərəfindən təlimlərin keçirilməsi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Musavat.com






