İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğalçı siyasətə qurban gedən azərbaycanlılar – XİLAS YOLU

846 04.06.2026 08:00 Ölkə A A

Rusiya-Ukrayna müharibəsində daha iki Azərbaycan əsilli hərbçinin həlak olduğu barədə məlumat yayılıb. Bildirilir ki, 1980-ci il təvəllüdlü Aftandil Arif oğlu Hacıyev və 1973-cü il təvəllüdlü Fərhad Mustafa oğlu Qasımov Rusiya ordusunun sıralarında Ukraynada gedən döyüş əməliyyatları zamanı həyatlarını itiriblər.

Rusiyanın Leninqrad vilayətinin Kamenka qəsəbəsindən hərbi xidmətə cəlb edilən 46 yaşlı Aftandil Arif oğlu Hacıyev Xarkov vilayəti istiqamətində, 15 mart 1973-cü ildə Azərbaycanda anadan olan və uzun illər Rostov vilayətinin Dubensovskaya kəndində yaşayan Fərhad Qasımov isə Donetsk vilayəti istiqamətində həyatını itirib. Onların Rusiya Silahlı Qüvvələrinin motoatıcı briqadalarının tərkibində xidmət etdikləri bildirilir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəfdən müxtəlif ölkələrdən olan şəxslərin, o cümlədən Azərbaycan mənşəli şəxslərin həlak olması ilə bağlı məlumatlar müntəzəm yayılır. Azərbaycan Baş Prokurorluğu bir müddət əvvəl bununla bağlı xəbərdarlıq edib. Lakin yenə də azərbaycanlılar Ukraynada gedən döyüşlərdə iştirak edir və xüsusən işğalçı ordunun tərkibində olurlar. Bu da sırf maddi maraqdan irəli gəlir. Nəticədə isə can da gedir, pul da.

Bəs onları necə durdurmalı? Baş Prokurorluğun çağırışından əlavə hansı addımlar atıla bilər?

Tanınmış hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, həm sosial şəbəkələrdə, həm də media cameəsində mövzu ilə bağlı müzakirələr aparılır və çağırışlar edilir, ancaq bu, tam nəticə vermir: “Sözsüz ki, müəyyən təsiri var, amma tam nəticə əldə olunması üçün bu müharibələrdə iştirak edən şəxslərdən bəzilərinin açıq məhkəməsi keçirilməlidir. Yəni, həmin məhkəmələr geniş işıqlandırılmalıdır ki, ölkə vətəndaşı başqa bir dövlətin sıralarında hərbi xidmətə və ya müharibəyə qatıla bilməz. Bizdə adətən bunu eşidirlər, amma çox da əhəmiyyət vermirlər. Mən şəxsən vaxtilə hərbi hissədə xidmət edəndə çalışırdım ki, hərbi tribunalın bəzi iclasları hərbi hissədə keçirilsin. Hərbi hissədə minlərlə hərbçi görəndə ki, təqsirləndirilən şəxs mühakimə olunur və ona real cəza verilir, bu, öz təsirini mütləq göstərirdi.

Bu gün də eyni vəziyyətdir. Azərbaycan vətəndaşı əgər həmin ölkənin vətəndaşı deyilsə və iki tərəfdən birinin ordusunun tərkibində döyüş əməliyyatlarında iştirak edibsə, o, mütləq şəkildə cəzalandırılmalıdır. Çağırışlarla məsələ həll olunmur. Çünki dəfələrlə çağırış edilməsinə baxmayaraq, yenə də görürük ki, ailəli insanlar aldadılır, böyük pullar və müxtəlif imtiyazlar vəd olunur. Amma nəticədə onlar həyatlarını itirirlər. Bu insanların həyatı nə Rusiya tərəfi, nə də Ukrayna tərəfi üçün ciddi əhəmiyyət daşıyır. Nə qədər ki, silah tuta bilirlər, onlara müxtəlif vədlər verilir. Həyatlarını itirdikdən sonra isə ailələri çətin vəziyyətdə qalır. Azərbaycanda vəziyyət bir qədər fərqlidir: “Döyüş əməliyyatlarında iştirak edənlərdən kimsə şəhid olarsa, onun ailəsinə şəhid statusu ilə bağlı nəzərdə tutulan imtiyazlar və güzəştlər tətbiq olunur. Amma digər ölkənin ərazisində döyüşənlərlə bağlı heç nə olmur. Onları gətirib dəfn edirlər və məsələ bununla bitir”.

Polkovnik bildirib ki, Rusiyada və ya Ukraynada həlak olanların şəhid kimi təqdim edilməsi doğru deyil: “Çünki onlar öz dövlətlərinin müharibəsində deyil, başqa dövlətlərin müharibələrində iştirak ediblər və müəyyən maddi maraqlar naminə həyatlarını itiriblər. Ona görə Baş Prokurorluğun çağırışını başa düşürəm. Dövlət qurumu olaraq öz vəzifəsini yerinə yetirir və xəbərdarlıq edir. Amma nəticə etibarilə hər gün mediadan ölüm xəbərlərini almaqda davam edirik. İnsanlar qanunsuz şəkildə müharibədə iştirak etdiklərinə görə mühakimə olunmasalar, bu hallar davam edəcək. Amma görsələr ki, müharibədə qanunsuz iştirak edənlər cəzalandırılır, həbs cəzası alırlar, o zaman başqaları da düşünəcək. Həm də onlarda müəyyən qorxu və çəkinmə yaranacaq. Hazırda isə təəssüf ki, bildiklərini edirlər. Nəticədə ailələr böyük çətinliklərlə üz-üzə qalırlar”.

Hərbi ekspertin sözlərinə görə, Baş Prokurorluğun çağırışları ilə yanaşı, maarifləndirici verilişlər də olmalıdır: “Mediada, dövlət televiziyalarında, İctimai Televiziyada və digər platformalarda ictimai müzakirələr təşkil edilməlidir. Tək bir çağırışla məsələ həll olunmur. Bundan əlavə, məktəblərdə və qeyri-hökumət təşkilatlarının xətti ilə də bu istiqamətdə iş aparılmalıdır.

Bu, çox ciddi məsələdir. Əslində, biz buna, sadəcə, hadisə kimi baxırıq ki, filankəs Rusiya və ya Ukrayna tərəfində döyüşərkən həlak oldu. Amma məsələnin başqa tərəfi də var. Burada xalqın, dövlətin imici məsələsi mövcuddur. Biz ruslara və ya ukraynalılara necə izah edək ki, həmin şəxs dövlət tərəfindən göndərilməyib? O, sadəcə fərdi qaydada həmin müharibəyə qatılıb. Əgər həmin şəxs o ölkənin vətəndaşıdırsa, bu, başqa məsələdir. Belə halda o, həmin ölkənin qanunları ilə hərəkət edir və Azərbaycan qanunları ona hər hansı məhdudiyyət tətbiq edə bilməz. Çünki o, etnik azərbaycanlı olsa belə, həmin dövlətin vətəndaşıdır. Mən isə Azərbaycan vətəndaşlığı olan şəxslərdən danışıram.

Onları bundan çəkindirmək üçün bu iş kampaniya xarakteri daşımamalıdır. Ən azı, yarım il ərzində dəfələrlə təbliğat xarakterli materiallar hazırlanmalı və yayımlanmalıdır. Bu, təkcə Rusiya-Ukrayna müharibəsinə aid deyil. Bizim vətəndaşlarımız arasında Suriyada, İraqda, Əfqanıstanda müxtəlif dövrlərdə qeyri-rəsmi şəkildə döyüşlərdə iştirak edənlər də olub. Ona görə də bu məsələ həm çox mürəkkəbdir, həm də ona laqeyd yanaşmaq olmaz. Bu istiqamətdə həm səfirliklər, həm konsulluqlar, həm də Diasporla İş üzrə Dövlət Komitəsi ciddi fəaliyyət göstərməlidir. Onlar xaricdə yaşayan soydaşlarla görüşməli, maarifləndirmə işi aparmalıdırlar. Bu da görülməsi vacib olan əsas işlərdən biridir”.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR