İlk yayın vaxtı 17:42
Azərbaycana qarşı beynəlxalq aləmin ikistandartları davam edir. Bir çox sahələr üzrə olduğu kimi, İsrail məsələsində də ölkəmizə qarşı qərəzli münasibətlərin şahidi olmaqdayıq. Fələstinlə son iki illik savaşda açıq şəkildə rəsmi Bakıdan Təl-Əvivlə münasibətlərin dayandırılması, bir çox sahələr üzrə əməkdaşlığa son qoyulması tələblərinə rast gəldik. Amma təbii ki, Azərbaycan Vətən müharibəmizdə İsrailin bizə verdiyi dəstəyi heç vaxt unutmur. Eyni zamanda, rəsmi Bakı xarici siyasətdə daim balanslı siyasətə üstünlük verir.
Təəssüflər olsun ki, bu prosesdə qardaş Türkiyədə olan bəzi dairələr də iştirak edirlər. Onlar düşünürlər ki, Azərbaycan hərbi sahədə ən yaxın əməkdaşlıq etdiyi, eyni zamanda, II Qarabağ savaşında ona yaxından dəstəyini ifadə edən bir ölkə ilə əlaqələri pozmalıdır. Türkiyədəki belə qüvvələrə etiraz edənlər kifayət qədərdir.
“Azərbaycan əleyhinə hər gün paylaşım edənlər nədənsə səslərini çıxarmırlar”.

Bu barədə Türkiyə Yaxın Şərq və Mərkəzi Asiya Tədqiqat İnstitutunun direktoru Hilmi Demir “X” hesabında yazıb.
“Azərbaycan əleyhinə hər gün paylaşım edənlər nədənsə İsrail və Misir arasında 35 milyard dollar dəyərində qaz sazişinin imzalanmasına qarşı səslərini çıxarmırlar. Misir Səfirliyinin qarşısında etiraz aksiyası da keçirilmir... Görünür, onların problemi Azərbaycan imiş!”, - deyə H. Demir əlavə edib.
Azərbaycana daha çox bir müsəlman ölkəsi kimi İsraillə əlaqələri kəsmədiyinə görə qərəzli münasibəti səngitmirlər. Amma bəzi müsəlman dövlətləri də var ki, İsraillə Azərbaycandan daha çox yaxın əməkdaşlıq edirlər, milyardlıq sazişlər imzalayırlar, lakin onlara qarşı bu cür münasibətin şahidi olmuruq. Son olaraq, elə Misiri misal çəkək. Təsəvvür edin ki, İsrail və Misir arasında bu günlərdə İsrail tarixinin ən böyük təbii qaz sazişi imzalanıb. Bunu baş nazir Benyamin Netanyahu açıqlayıb: “Müqavilənin dəyəri 112 milyard şekel (təxminən 35 milyard dollar) təşkil edir. Bu, İsrail tarixində ən böyük qaz müqaviləsidir. Məbləğin 58 milyard şekeli dövlət büdcəsinə gedəcək.
İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz sazişi artıq təsdiqlənib. Sazişə əsasən, Leviathan yatağından 2040-cı ilə qədər Misirə 130 milyard kubmetr təbii qaz ixrac ediləcək. Sazişin 18 milyard dolları birbaşa İsrail xəzinəsinə gedəcək".
Netanyahu bildirib ki, Misirlə bağlanan müqavilə İsrailin enerji sektorundakı regional mövqeyini xeyli gücləndirəcək: "Bizi qarşıda daha xoş sürprizlər gözləyir"

Bu azmış kimi, Qahirədə keçirilən Şərqi Aralıq Dənizi Qaz Forumu çərçivəsində Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında Avropaya qaz tədarükünə dair anlaşma memorandumu imzalanıb. Sənədi Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla, Aİ-nin enerji komissarı Kadri Simson və İsrailin enerji naziri Karine Elharrar imzalayıblar.
Sənədin imzalanması mərasimindən sonra jurnalistlərə müsahibə verən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Misir və İsrailin Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayacağını deyib. O əlavə edib ki, iki ildən sonra imzalanmış sənədin müddəti avtomatik olaraq daha üç il uzadılacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə əslində cari ilin avqust ayından gündəmə gəlmiş, oktyabrda imzalanması təxirə düşmüşdü. Göründüyü kimi, HƏMAS-İsrail savaşının ən qızğın çağlarında bu sazişin imzalanmasına ciddi hazırlıqlar gedirdi. Amma o zaman Misir əleyhinə hər hansı bir sərt bəyanatların, eləcə də, dünyanın müxtəlif yerlərində bu müsəlman ölkəsinin səfirliklərinin önündə hər hansı bir etiraz aksiyalarının şahidi olmadıq. Sazişin bağlanmaması üçün hər hansı bir cəhdləri də müşahidə etmədik.
Amma bir ay öncə “Oil Change İnternational” təşkilatı Braziliyada keçirilən COP30 çərçivəsində hesabat təqdim edərək, İsraili yanacaqla təmin edən ölkələri araşdırmışdı. Həmin hesabatda Azərbaycan və Qazaxıstan İsrail neftinin 70 faizini təmin etməklə “Qəzza soyqırımı”nda iştirak etməkdə ittiham olunurdular.
Amma həmin vaxt İsrail tarixinin ən böyük qaz sazişini imzalamağa hazırlaşan Misirə “gözün üstündə qaşın var” deyən yox idi...

Məsələ ilə bağlı Musavat.com-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan dünyanın bu cür ikilistandartları ilə uzun illərdir ki, üz-üzə qalıb: “Bəzən Azərbaycanı İsraillə əlaqələrə görə qınayanlar olur. Amma bu qınanma heç də ərəb dünyasından gəlmir. Azərbaycanın ərəb dünyası ilə də çox yaxın münasibətləri var. Demək olar ki, bütün ərəb ölkələri ilə bizim siyasi, eyni zamanda, ticari-iqtisadi əlaqələrimiz var. Cənab Prezident bu gün Birləşmiş Ərəb Əmirliklərində fəxri qonaq qismində iştirak edir. Suriyanın bərpa edilməsində Azərbaycan yaxından iştirakçıdır. Fələstin məsələsində Azərbaycan birmənalı şəkildə Fələstinin müstəqilliyinin tərəfdarı olduğunu bildirib. Azərbaycanda uzun müddətdir ki, Fələstin dövlətinin səfirliyi var. Eyni zamanda Fələstində səfirliyimiz fəaliyyət göstərir. Qəzzanın bərpa edilməsində də Azərbaycanın iştirakı arzu olunur. Əlbəttə, təhlükəsizlik məsələsi həll olunarsa, yaxından iştirak edəcəyik. Bildirmişik ki, biz Fələstində orta məktəb tikməyə hazırıq. Görünən ondan ibarətdir ki, ərəb dünyanın az qala yarıdan çoxunun İsraillə yaxın əlaqələri var. Nədənsə bu məsələdə tənqidçilər üzlərini ölkəmizə tərəf çevirirlər. Biz digər ölkələrin siyasətinə qarışmırıq. Hesab edirik ki, bizim münasibətlərə də kimlərinsə qiymət verməsinə ehtiyac yoxdur. Görünür, müəyyən ölkələr Azərbaycanla ərəb dünyası arasında soyuqluğun yaranmasında maraqlıdırlar. Bu məsələdə Azərbaycanı haqsız formada ittiham etməyə çalışırlar. Bizim daxili və xarici siyasətimiz şəffafdır. Biz sülhün və əmin-amanlığın olmasında maraqlıyıq. Bundan sonra da belə olacaq”.

Siyasi təhlilçi Sona Əliyeva isə bunları dedi: “Həmişəki kimi beynəlxalq münasibətlərdə tez-tez rast gəlinən selektiv yanaşma və ikili standartlar üzə çıxır. Qəzzaya yeganə qeyri-İsrail çıxışı olan Rəfah keçidi Misirin nəzarətindədir və humanitar yardımların həcmi, tempi və davamlılığı birbaşa Qahirənin qərarlarından asılıdır. Bu reallıq fonunda Misirə qarşı ciddi beynəlxalq təzyiqlərin olmaması, ittihamların yalnız enerji ixracatçılarına yönəlməsi məsələnin humanitar yox, geosiyasi maraqlar prizmasından aparıldığını göstərir. Digər tərəfdən, hesabatda ABŞ-ın İsrailə hərbi təyyarələr üçün istifadə olunan “JP-8” reaktiv yanacağının yeganə təchizatçısı olduğu açıq şəkildə qeyd edilir. Bu yanacaq birbaşa hərbi əməliyyatlarda istifadə olunur. Lakin ABŞ faktoru ictimai müzakirələrin mərkəzinə çəkilmir. Bu da beynəlxalq siyasətdə tez-tez müşahidə edilən reallığı bir daha təsdiqləyir: qlobal güc mərkəzləri məsuliyyətdən daha asan kənarda qalır, nisbətən zəif aktorlar isə simvolik günahlandırmanın obyektinə çevrilir. Yəni, Azərbaycanla bağlı səsləndirilən ittihamlar Qəzzadakı faciənin həlli üçün real mexanizmlər təklif etmir. Əksinə, diqqəti əsas məsuliyyət daşıyan aktorlardan yayındıraraq, beynəlxalq ictimai rəyin emosional şəkildə istiqamətləndirilməsinə xidmət edir. Bu cür selektiv yanaşmalar ədalət prinsipindən uzaq, həmçinin humanitar böhranların aradan qaldırılmasına heç bir töhfə vermir. Əgər məqsəd həqiqətən də ədalət və məsuliyyətdirsə, o zaman müzakirə bütün aktorları, bütün zənciri və bütün siyasi qərarları eyni ölçü ilə əhatə etməlidir”.
Cavanşir ABBASLI
Musavat.com






