İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər blogerlərə uduzurmu? - İKİ BAXIŞ

426 17.07.2026 15:25 Media A A

Azərbaycanda blogerlərin milyonlarla izləyicisi var. Bu da reallıqdır ki, müxtəlif sahələr üzrə onlar jurnalistləri izləyici sayında, populyarlıqda üstələyirlər. Yəni klassik jurnalistika sosial media və vətəndaş jurnalistikasına bu mənada uduzur. Aydın məsələdir ki, sosial şəbəkə dövründə blogerlik inkişaf edir və ənənəvi mətbuat onlarla ayaqlaşa bilmir. Bu gün tik-tok, instagram səhifələrində milyonlarla baxışı olan blogerlər göstərmək olar. Cəmiyyət də onlardan daha çox danışır, sosial media fenomenləri ilə şəkil çəkdirir, blogerlərlə görüşür.

Sözsüz ki, dünyanın hər yerində bu tendensiya müşahidə olunur. İllərini yazılı mətbuata, radio və televiziyaya həsr etmiş təcrübəli media nümayəndələri var, lakin bir neçə ayın içərisində milyonlarla insanın qəlbini fəth edən blogerlər onları üstələyir.

Bəs jurnalistlər blogerlərdən niyə geri qalır və onlara uduzurlar? Nə üçün jurnalistlər də belə tez populyarlaşa bilmirlər? Bəlkə onlar da blogerlərin metodlarını sınamalıdırlar?

Qulu Məhərrəmli yenidən efirdə | Modern.az

Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin fikrincə, jurnalistlər heç də blogerlərə uduzmur: “İndiki şəraitdə, yeni medianın təsiri və medianın transformasiyası fonunda, virtual aləmdə müxtəlif proseslərin getdiyi bir dövrdə oxucu, tamaşaçı və auditoriya üçün cəlbedici kontentin yaradılması təəccüblü deyil. Bəli, bu gün ölkədə kifayət qədər tanınmış blogerlər var. Onların izləyici sayı çoxdur, paylaşımları geniş auditoriya tərəfindən izlənilir. Onlar aktual mövzulara toxunur, cəmiyyəti narahat edən problemlərdən bəhs edir və bu yolla tamaşaçıların diqqətini cəlb etməyə çalışırlar. Bu, danılmaz bir faktdır. Amma bütün bunlar jurnalistikanın uduzması anlamına gəlmir”.

Qulu Məhərrəmli qeyd edib ki, blogerlərin üstünlük qazanmasının əsas səbəbi onların daha sərbəst, daha azad və daha əlçatan olmalarıdır: “Eyni zamanda, onlar mobil platformalarda daha çevik fəaliyyət göstərə bilirlər. Çünki hər hansı bir məsələ televiziya, radio və ya qəzet tərəfindən işıqlandırılana qədər müəyyən redaksiya prosedurlarından keçir, müxtəlif filtrlərdən süzülür, peşəkar məsuliyyət və etik prinsiplər nəzərə alınır. Bu proses müəyyən vaxt tələb edir. Blogerlər isə həmin mövzunu çox daha operativ şəkildə gündəmə gətirə bilirlər. Atalar sözündə deyildiyi kimi, "Ağıllı fikirləşincə dəli vurdu çayı keçdi". Bəlkə də bu məsəl üçün tam uyğun nümunə deyil, amma mövcud vəziyyəti müəyyən mənada ifadə edir”.

Professor bütün blogerləri birmənalı şəkildə jurnalistikadan üstün və ya jurnalistikaya yaxın hesab etmir: “O blogerlər ki, ictimai məzmunlu kontent hazırlayır, cəmiyyət üçün əhəmiyyət daşıyan məsələlərə münasibət bildirir və sosial problemləri gündəmə gətirirlər, onlar müəyyən auditoriya qazana bilirlər. Xüsusilə də peşəkar medianın müxtəlif səbəblərdən toxunmadığı mövzuları işıqlandıranda daha çox diqqət çəkirlər və auditoriya üçün cəlbedici görünürlər. Əslində, Azərbaycanda klassik mənada vətəndaş jurnalistikasının mövcud olduğunu düşünmürəm. Daha doğru ifadə etsək, bizdə vətəndaş mediası var. Yəni əlində müasir texnoloji imkanlar olan, çevik davranan və təşəbbüskar insanlar bu vasitələrdən maraqlı şəkildə istifadə etməyə çalışırlar və müəyyən nəticələr əldə edirlər. Mənə elə gəlir ki, burada hər şey azadlıq, sərbəstlik və peşəkarlıq amilləri üzərində qurulur. Peşəkar jurnalistikanın və jurnalistlərin bloqerlərdən geri qalmaması, hətta onları qabaqlaması üçün onların həm sərbəst fəaliyyət imkanları, həm də yüksək peşəkarlığı olmalıdır. Yalnız bu halda onlar əllərində olan informasiya və texnoloji vasitələrdən daha ağıllı, daha səmərəli istifadə edə bilərlər. Əgər bunu bacarsalar, üstünlük yenə də peşəkar jurnalistikanın tərəfində olacaq. Əks halda isə bu gün müşahidə etdiyimiz mənzərə dəyişməyəcək”.

Jurnalist-bloger Könül İbrahim isə qeyd edib: “Mən jurnalistəm. Bununla fəxr edirəm. Amma sosial mediada aktivəm, kontent istehsal edirəm, PR və media menecerliyi ilə məşğulam. Mədəniyyət və şou sahəsində çalışdığım, tanınmış simalarla işlədiyim, müxtəlif layihələrin içində olduğum üçün sosial media işimin ayrılmaz hissəsinə çevrilib. Bu gün 49 mindən çox izləyicim var. Bu auditoriya mənə hazır verilməyib. İllərlə gördüyüm işlərin, hazırladığım xəbərlərin, reportajların, layihələrin və sosial mediada qurduğum ünsiyyətin nəticəsidir".

Əlixanın "Səriyyə"si - Erkən nikahlar, pedofiliya, evdən qaçan qızlar... -  Dərgi.az

Onun fikrincə, bugünkü jurnalist yalnız xəbər yazmaqla kifayətlənməməlidir:

"O, kameranın qarşısına keçməyi də bacarmalıdır. Öz auditoriyasını yaratmalıdır. Şəxsi brendini qurmalıdır. Çünki insanlar artıq xəbəri anonim mənbədən yox, etibar etdikləri insandan almaq istəyirlər. Bu, jurnalistikadan imtina etmək deyil. Əksinə, jurnalistikanın gücünü sosial medianın imkanları ilə birləşdirməkdir. Gələcəyin ən uğurlu jurnalistləri məncə, məhz bunu bacaranlar olacaq. Bu gün Azərbaycanda milyonlarla izləyicisi olan blogerlər var. Onlar bir paylaşımı ilə böyük auditoriyaya çatır, gündəm yaradır, təsir göstərirlər. Bu, sosial medianın reallığıdır. Amma bir məqamı da unutmayaq: ənənəvi medianın gücünü heç nə əvəz edə bilməz. Peşəkar jurnalistika hələ də cəmiyyət üçün ən etibarlı informasiya mənbəyidir. Xəbərin yoxlanılması, faktın təsdiqlənməsi, məsuliyyət anlayışı - bunlar jurnalistikanın dəyişməyən dəyərləridir. Sadəcə, dövr dəyişib və uğur qazanmaq üçün dövrün tələblərinə uyğunlaşmaq lazımdır”.

WhatsApp Image 2026-07-17 at 15.37.57.jpeg (169 KB)

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR