İnsanlara hürriyət, millətlərə istiqlal!

Nasistlərin reaktiv təyyarəsi - ABŞ nadir hərbi qəniməti dərhal Avropadan çıxarıb

1389 17.07.2026 20:00 Yaxın tarix A A

1945-ci ilin aprel ayında ABŞ-nin piyada qoşunları Türingiya meşələrinin kənarında yerləşən, Almaniyanın kiçik Fridrixroda şəhərində gizlədilmiş Qota aviasiya zavoduna daxil olublar. Zavodun istehsal sexlərinin beton döşəməsi üzərində adi təyyarələrə bənzəməyən, daha çox nəhəng polad skatları xatırladan qəribə uçuş aparatları dayanıbmış. Bu maşınlarda nə quyruq hissəsi, nə də ənənəvi gövdə quruluşu olub. Onların əsasını vahid bir konstruksiyada birləşən nəhəng oxşəkilli qanadlar təşkil edib. Qanadların daxilində pilot kabinəsi və iki reaktiv mühərrik yerləşdirilib. Amerikalılar əvvəllər buna bənzər heç nə görməyiblər. Adi “Messerschmitt” və “Focke-Wulf” təyyarələrinin görünüşünə öyrəşmiş əsgərlər qarşılarında duran qurğunun müharibənin taleyini dəyişə biləcək silah olduğunu dərhal anlamayıblar. Əgər Almaniyanın müharibəni davam etdirmək üçün bir neçə ay da vaxtı olsaydı, bu təyyarələr hava müharibəsinin gedişatını tam dəyişə bilərdi.

5adc7b2d-4d47-49e1-8091-81ce89aeb3c1.jpeg (164 KB)

Mütəxəssislərdən ibarət komanda bir neçə gün sonra “Paperclip” adlı məxfi əməliyyat çərçivəsində zavoda gəlib. Tapşırıq sadə olub: SSRİ-dən əvvəl alman hərbi-texniki işləmələrinin ən qiymətli nümunələrini ələ keçirmək. Amerikalılar tam vəziyyətdə olan nümunəni seçərək onun dərhal okeanın o tayına göndərilməsinə göstəriş veriblər. Bundan əlavə, zavoddan 75 mil aralıda eyni layihəyə aid iki nəhəng qanad hissəsi aşkar edilib və onlar da gəmiyə yüklənib. Beləliklə, ABŞ onilliklər ərzində dünya aviasiyasının gələcəyini müəyyənləşdirəcək nadir bir hərbi-texniki qənimət əldə edib.

Göyə vurğun iki qardaş

1945-ci ildə müharibədə uduzan Almaniyada belə fantastik layihənin yaradıldığını anlamaq üçün 1930-cu illərin əvvəllərinə qayıtmaq lazımdır. Həmin dövrdə iki gənc alman — doğma qardaşlar Reymar və Valter Horton aviasiya sahəsində ilk addımlarını atmağa başlayıblar. Onları birləşdirən əsas maraq isə səma və uçuşun sərhədlərini genişləndirmək arzusu olub. Onlar ənənəvi təyyarə quruluşlarından fərqli ideyalar üzərində düşünüb, havada daha səmərəli hərəkət edə biləcək yeni aerodinamik sxemlər axtarıblar. Məhz bu axtarışlar gələcəkdə dünyanın ən qeyri-adi hərbi təyyarə layihələrindən birinin — reaktiv “uçan qanad” konsepsiyasının əsasını qoyub.

cf9aa533-4309-494c-abaf-47378735f5c1.jpeg (303 KB)

Reymar hələ mövcud olmayan uçuş aparatlarının formasını əvvəlcədən görə bilən yaradıcı təfəkkürə malik olub. Valter isə cəsarətli və riskdən çəkinməyən pilot kimi qardaşının kağız üzərində çəkdiyi istənilən layihəni sınaqdan keçirmək və onu havaya qaldırmaq üçün hazır olduğunu bildirib.

I dünya müharibəsində məğlubiyyətdən sonra Almaniya Versal müqaviləsinin şərtlərinə əsasən hərbi aviasiya yaratmaq hüququndan məhrum edilsə də, bu qadağanı keçmək üçün müxtəlif üsullardan istifadə olunub.

Belə üsullardan biri də idman planer klubları olub. Rəsmi olaraq bu klublarda gənclərə sadə və təhlükəsiz planer təyyarələrində uçuş öyrədilib. Amma əslində həmin klublar gələcək hərbi pilotların hazırlanması üçün mühüm baza rolunu oynayıb. Məhz bu mühitdə Horton qardaşları öz qeyri-adi aviasiya ideyalarını inkişaf etdirməyə başlayıblar. Onların əsas məqsədi ənənəvi təyyarə sxemlərindən fərqli, daha səmərəli və gələcəyə hesablanmış uçuş aparatları yaratmaq idi. Məhz həmin illərdə Reymar həyatının əsas məqsədinə çevriləcək bir ideyaya — “uçan qanad” konsepsiyasına vuruldu. Bu fikir eyni zamanda həm sadə, həm də olduqca cəsarətli idi.

a4690049-e7b5-498c-9f86-14ee9a7d7db5.jpeg (291 KB)

Adi təyyarə quruluşunda gövdə, qanadlar və quyruq hissəsi olur. Lakin qaldırıcı qüvvəni əsasən yalnız qanadlar yaradır. Digər hissələr isə əlavə çəki yaradır, hava müqavimətini artırır və nəticədə təyyarənin daha çox yanacaq sərf etməsinə səbəb olur. Reymarın təklifi isə artıq hissələrdən imtina etməkdən ibarət olur. O, bütün konstruksiyanı vahid qanad formasında yaratmağı, ekipajı, mühərrikləri, yanacağı və silahları isə həmin qanadın daxilində yerləşdirməyi təklif edir.

Belə bir təyyarə daha yüngül, daha sürətli olmalı və ənənəvi quruluşlu istənilən analoji aparatdan xeyli uzağa uça bilməli idi. 1930-cu illər boyunca Horton qardaşları bir-birindən mürəkkəb olan quyruqsuz planer modelləri hazırlayaraq sınaqdan keçirdilər. Müharibə başlananda isə onlar dünyada çox az mühəndisin malik olduğu, aerodinamika və qeyri-standart təyyarə quruluşları sahəsində böyük təcrübə toplamışdılar. 1943-cü ilə gəldikdə Almaniyanın səması əsl cəhənnəmə çevrilmişdi. Müttəfiqlərin minlərlə ağır bombardmançı təyyarəsi gecə-gündüz alman şəhərlərini bombalarla dağıdır, onları dayandırmaq isə getdikcə daha çətinləşirdi.

Bu vəziyyətdə reyxsmarşal Hermann Görinq tarixə “Üç dəfə 1000” adı ilə düşən müsabiqə elan etdi. Onun tələbi belə idi: 1000 kiloqram bomba daşıya bilən, 1000 kilometr məsafə qət edən və saatda 1000 kilometr sürət yığan təyyarə yaratmaq. Bu tələblərin hər biri ayrı-ayrılıqda belə olduqca çətin idi. Lakin üçünün eyni vaxtda yerinə yetirilməsi, demək olar ki, hamıya fantastik görünüb.

ffd1751c-98d9-4bf4-9738-545a154e2a46.jpeg (274 KB)

Lakin Horton qardaşları bu rəqəmlərdə öz ideyalarının doğruluğunun təsdiqini gördülər. Gövdəsi və quyruq hissəsi olmayan “uçan qanad” konstruksiyası hava müqavimətini kəskin şəkildə azaldırdı. Qənaət edilən yanacaq isə təyyarəyə çatışmayan əlavə kilometrləri qət etməyə imkan verə bilərdi. Onların layihəsi Görinqin tələblərinə ən çox yaxınlaşan yeganə iş olub. Reyxsmarşal bu layihədən təsirlənib, qardaşlara 500 min reyxsmark vəsait ayırdı və təyyarənin mümkün qədər tez havaya qaldırılmasını əmr edib.

Qeyri-adi “uçan qanad” quruluşu sayəsində aparat ənənəvi təyyarələrdən tamamilə fərqlənib. Onun bütün konstruksiyası minimal hava müqaviməti və maksimum səmərəlilik prinsipi üzərində qurulub. Bu xüsusiyyətlər isə həmin dövr üçün inqilabi hesab olunub. Təyyarənin hərəkət sistemi kimi iki ədəd “Jumo 004” reaktiv mühərriki seçilib. Bunlar məşhur “Messerschmitt Me 262” reaktiv qırıcılarında istifadə olunan eyni mühərriklər olub. Eniş zamanı idarəetməni və sürəti azaltmaq üçün qanadın içərisindən xüsusi əyləc paraşütü buraxılıb. Təyyarə iki ədəd 30 millimetrlik topla təchiz edilib.
Beləliklə, Horton qardaşlarının yaratdığı bu aparat öz dövrü üçün tamamilə yeni bir texnoloji nailiyyət olub: minimal hava müqavimətinə malik “uçan qanad” quruluşu, güclü reaktiv mühərriklər və ağır silahlanma bir konstruksiyada birləşdirilib. Bu xüsusiyyətlər onu IIi dünya müharibəsinin son mərhələsində ən qabaqcıl aviasiya layihələrindən birinə çevirib.

Hortonların ideyasının gələcəyin aviasiyasına təsiri

ddc0258e-7904-4de9-b047-9c01b965c098.jpeg (567 KB)

1944-cü il martın 1-də ilk, hələ mühərriksiz prototip Berlin yaxınlığındakı Oranienburq aerodromu üzərində yedəyə alınaraq havaya qaldırılıb. Pilot trosu ayırdıqdan sonra özünü bütün ənənəvi aviasiya qaydalarına zidd şəkildə uçan bir aparatla təkbətək qalıb. Bu təyyarənin arxasında quyruq hissəsi, ayaqlarının altında isə adi gövdə yox idi. Sınaqlar bütün yay boyunca davam edib və “uçan qanad” Reymar Hortonun hesabladığı kimi özünü sabit və idarəolunan aparat kimi göstərib. Bundan sonra artıq iki reaktiv mühərriklə təchiz edilmiş ikinci prototip hazırlanıb. Təyyarənin idarəetməsi üçün “Luftwaffe”nin təcrübəli pilotu, leytenant Ervin Ziller seçilib. 1945-ci il fevralın 2-də o, ilk dəfə reaktiv “qanadı” səmaya qaldırıb. Təyyarə öz qeyri-adi formasına baxmayaraq, gözlənilməz dərəcədə yüksək manevr qabiliyyəti nümayiş etdirib. Sınaq döyüşü zamanı Horton layihəsi hətta alman aviasiyasının fəxri sayılan “Messerschmitt Me 262” reaktiv qırıcısını belə geridə qoymağı bacarıb. Bu nəticə “uçan qanad” konsepsiyasının nə qədər qabaqcıl olduğunu göstərən mühüm hadisə idi.

Görinq layihəyə heyran qalıb və dərhal 40 ədəd təyyarə üçün sifariş imzalayıb. Lakin 1945-ci il fevralın 18-də faciə baş verib. Növbəti uçuşların birində Zillerin idarə etdiyi təyyarənin iki mühərrikindən biri alışıb və dayanıb. Belə qeyri-adi quruluşa malik “uçan qanadı” yalnız bir işlək mühərriklə yerə endirmək hətta bu qədər təcrübəli pilot üçün də mümkün olmayıb. Mühərriklərin yaratdığı qeyri-bərabər dartı qüvvəsi təyyarəni bir tərəfə çevirdi. Aparat aerodromun kənarına düşərək dağılıb, Ervin Ziller isə aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib. Bu qəza nəticəsində təkcə yeganə uçan nümunə deyil, həm də təyyarənin havadakı davranışı haqqında son dərəcə qiymətli sınaq məlumatları itirilib. İlk baxışdan layihənin sona çatdığı görünürdü. Lakin Görinq əksinə addım atıb: sifarişi artırıb və istehsalın cəbhə xəttindən daha uzaqda yerləşən, Fridrixroda şəhərindəki Qota zavoduna köçürülməsinə dair göstəriş verib.

59b64a64-e938-4e58-b0fa-7246ddfbd339.jpeg (386 KB)

“Uçan qanad”ın heç bir seriya nümunəsi səmaya qalxa bilməyib. Amerika qoşunları bütün tapıntılar Ohayo ştatının Deyton şəhərində yerləşən Rayt aerodromundakı bazaya aparıb. Burada onlar sözün əsl mənasında son vintinə qədər sökülüb və hər bir detalı diqqətlə araşdırılıb. Xüsusilə mütəxəssislərin diqqətini qanad konstruksiyasında istifadə olunan, kömür hopdurulmuş xüsusi faner materialı cəlb edib. Bu material həm yüngüllüyü, həm də möhkəmliyi ilə o dövr üçün olduqca qabaqcıl texnologiya hesab olunurdu.

Əldə edilən məlumatlar artıq öz “uçan qanad” layihələri üzərində çalışan konstruktorların qarşısına qoyulub. Onların arasında 1930-cu illərdən etibarən Horton qardaşlarının təcrübələrini diqqətlə izləyən amerikalı mühəndis Cek Nortrop da olub. Onun pərli mühərriklərlə təchiz edilmiş ağır quyruqsuz bombardmançı layihəsi ciddi vibrasiya problemləri ilə üzləşirdi. Almanlardan əldə edilən məlumatlar isə bu çətinliklərin aradan qaldırılması üçün çox qiymətli olub. Daha sonra təyyarədə porşenli mühərriklər reaktiv mühərriklərlə əvəz edilib və aparat nəhayət nəzərdə tutulduğu kimi uçmağa başlayıb. Beləliklə, Horton qardaşlarının əsas ideyası özünü doğruldub: əsl “uçan qanad” konsepsiyası yalnız reaktiv mühərriklərin verdiyi yüksək sürət və səmərəlilik imkanları ilə tam şəkildə öz potensialını göstərə bilərdi. Onların onilliklər əvvəl irəli sürdüyü fikir gələcək hərbi və mülki aviasiyanın inkişaf istiqamətlərindən birinə çevrilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR