İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoyunlara kitab oxumaq lazımdır

348 17.07.2026 20:20 Yazarlar A A

Bu ilin mayında baxışa çıxan Amerika filmi var: “İstintaqı qoyunlar aparır”. Artıq uğurlu film sayıla bilər, 75 milyon dollar büdcə ilə 131 milyon dollar gəlir əldə edib. Film detektiv-komediya janrındadır, baş rollarda Hyu Cekman, Emma Tompson kimi ünlü aktyorlar çəkilib. Əsərin qısa özəti belədir: bir çoban var, hər axşam qoyunlarına kriminal, detektiv əhvalatları kitabdan oxuyur və özünü elə aparır ki, guya qoyunlar bunu başa düşürlər.

Əslində isə qoyunlar onu həqiqətən anlayırlar, hələ çoban yatmağa gedəndə bayaq eşitdikləri detektivdə cinayətkarın kim olması barədə mübahisələrə girişirlər! Uzun sözün qısası, çox spoyler vermədən qeyd edim ki, bir gün çoban şübhəli şəkildə ölü bulunur, qoyunlar bunun kriminal, qətl olduğunu dərhal anlayırlar və... özləri cinayətkarı tapmaq qərarına gəlirlər.

Kinoda, ümumiyyətlə, Qərb cəmiyyətlərində qoyun da içində olmaqla, heyvanlara böyük ehtiram, hörmət var. Lap onların bəzisini axırda kəsib yesələr də. İnsan yeməyinə də hörmət bəsləməli deyilmi? Məsələn, ingilislərdə “Baa, baa, black sheep” (“Məə, məə, qara qoyun”) adlı gözəl uşaq havası var. Hələ sözlərinə fikir verin, tələsik tərcümə eləmişəm, qüsuru varsa üzrlü sayın: “ -Məə, məə, qara qoyun, Sənin yunun varmı? –Hə, ser, hə, ser, üç dolu kisə! Biri sahibim üçün, Biri sahibəm üçün, Biri də tində yaşayan, Balaca oğlan üçün!”

Sizcə, bu münasibət uşaqlıqdan insanda formalaşsa, həmin ölkənin iqtisadiyyatında qoyunçuluq, yun parça sənayesi-filan inkişaf etməzmi? Edər. İngiltərənin timsalında bunu bilirik. Bəs biz nə edirik? Qoyunu alçaldırıq, hər bəyənmədiyimiz qor-qoduğa (diqqətli oxucu bu məqamda məni eşşəklərdən üzr istəməyə çağırar və haqsız olmaz – boynuma alıram) “qoyun” deyirik. Hətta ünlü xalq şairlərimizdən Ramiz müəllim görün nə yazıbdır: “İt olub hürmədik aya, Yıxdı bizi abır-həya, Qoyun olmaya-olmaya, Qoyun olmaq çətin şeydir”. Nəticədə indi qoyun ətinə həsrətik, Gürcüstan və Monqolustandan qoyun almağa məcburuq.

Halbuki, bu xalqın heyvandarlığa və xüsusilə qoyunçuluğa münasibəti keçmişdə qətiyyən belə olmayıb! Biz qoyun-quzunu həmişə hörmət və məhəbbətlə yad edərdik, hətta uca millətimizin folklorunda qoyunların tərənnümü ilə bağlı ayrıca istiqamət, janr var idi, “sayaçı sözlər” adlanır! Görün nə gözəl sözlər idi: “Nənəm, a narış qoyun, Yunu bir qarış qoyun. Sağdım, tez küsüb getdin, Gəl mənnən barış, qoyun”; “Nənəm, qoyunun ağı, Gedər dolanar dağı, Qızlara cehiz ağı, Uşağa bələk bağı, Gəlin yeyər qaymağı”.

Necə deyərlər, bəh, bəh... Çox təəssüf ki, bu ənənə, adət itib-batıb, indi qoyun və qoyunçuluq ancaq təhqir mənasında işlədilir. Kəskin çıxsa da, yazmalıyam: bunun adı əslində yediyi qaba tüpürməkdir.

O baxımdan, yuxarıda söz açdığım film kimi filmlərin bizim ölkədə çəkilməsi ehtimalı heç ağlımın ucundan keçmir. Bəs niyə haqqında yazdım? Bir epizoda görə.

Bugünlərdə bir bədbəxt qadın haqqında xəbər çıxıb, əri onu vəhşicəsinə döyürmüş, az qala gözünü kor edib. Qadına kişinin şəxsi əşyası kimi baxılan tipik şərq-islam cəmiyyətiyik, bu baxımdan bəlkə qeyri-adi hadisə deyildi. Yazıq qadını hətta öz ata-anası da qəbul etmirmiş, deyirmişlər, “hamı döyülə-döyülə arvad olur”.

Belə insanlıq olarmı? Olmaz. Ancaq hadisənin bir detalı hətta məni də heyrətə gətirdi: bu döyülmə prosesi 14 ildir davam edirmiş!

Təsəvvür edin. Şiddət, zorakılıq 14 il davam edir, lakin nə cəmiyyətdə, nə dövlət qurumlarında kiminsə tükü tərpənmir! Söz açdığım filmdəki qoyunlar belə burda kriminalı dərhal görərdi, biz isə görməmişik.

Yəqin biz qoyunlara kitab oxumuruq. Özümüz oxumadığımız kimi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR