İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazın yeni reallığı: Kremlin Bakı ilə bağlı strategiyası dəyişəcəkmi?

424 17.07.2026 20:24 Analitika A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində Sergey Lavrovla keçirdiyi görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, nəqliyyat layihələri, iqtisadi əlaqələr və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub. Tərəflər münasibətlərin qarşılıqlı hörmət və milli maraqlar əsasında inkişafının vacibliyini vurğulayaraq, regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Diqqətçəkən məqamlardan biri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun təkbətək görüşdən öncəki çıxışında səfərin Moskvanın təklifi ilə baş tutduğunu deməsidir. Görünən odur ki, rəsmi Moskva Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Bəs bu maraqlarn əsasında nə dayanır?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli hesab edir ki, Kreml Azərbaycanla münasibətlərin qorunub saxlanılmasında və inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirməyə çalışır. Musavat.com-a şərhində deputat bildirib ki, Azərbaycan xarici işlər nazirinin Moskvaya səfərinin Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğu xüsusi vurğulamasl diplomatik praktikada təsadüfi sayılmır:
“Adətən münasibətlərdə müəyyən gərginlik yaşandığı dövrdə görüşün təşəbbüskarının kim olması tərəflərin prosesə verdiyi siyasi önəmin göstəricisi kimi qəbul edilir. Məhz buna görə də ortaya tamamilə məntiqli bir sual çıxır ki, əgər Rusiya həqiqətən Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlıdırsa, o zaman son aylarda Rusiya informasiya məkanında müşahidə olunan anti-Azərbaycan kampaniyalarının, qərəzli təbliğatın və açıq informasiya təxribatlarının məntiqi izahı nədən ibarətdir? Bu sualın cavabını yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, Rusiyanın dəyişən geosiyasi reallıqlar fonunda formalaşdırdığı regional strategiya kontekstində axtarmaq lazımdır.

Əvvəla, Rusiyanın xarici siyasət davranışında uzun illərdir müşahidə olunan bir xüsusiyyət var. Moskva dialoq və təzyiq alətlərindən eyni vaxtda istifadə etməyə üstünlük verir. Kreml bir tərəfdən siyasi münasibətləri qorumağa çalışır, digər tərəfdən isə tərəfdaş hesab etdiyi dövlətlərə müxtəlif təsir mexanizmləri vasitəsilə öz imkanlarını və təsir gücünü xatırladır. Amma Azərbaycana münasibətdə “kökə və zopa” siyasətinin heç bir effekti olmadığı dəfələrlə təsdiqini tapıb. Yəni bizim öz kökəmiz olduğu kimi zopamiz da var.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, rəsmi diplomatiyanın verdiyi mesajlarla dövlət nəzarətində olan media platformalarında səsləndirilən ritorika arasında müəyyən ziddiyyətlərin mövcudluğu yeni hadisə deyil.

Digər tərəfdən, Rusiyanın informasiya siyasətini yalnız jurnalist təşəbbüsü və ya media fəallığı ilə izah etmək də mümkün deyil. Xüsusilə federal televiziya kanalları, iri dövlət informasiya agentlikləri və hakimiyyətə yaxın media resurslarının iştirakı ilə həyata keçirilən kampaniyaların mərkəzi hakimiyyətin iradəsindən kənarda formalaşdığına inanmaq çətindir. Rusiyanın siyasi sistemi bu cür müstəqil davranışlara imkan verən model deyil. Bu səbəbdən anti-Azərbaycan ritorikasını təsadüfi emosional reaksiyaların deyil, müəyyən siyasi məqsədlərə xidmət edən idarəolunan informasiya siyasətinin elementi kimi qiymətləndirmək daha doğru olar”.

E.Mirzəbəyli vurğulayıb ki, son illərdə Cənubi Qafqazda geosiyasi reallıq köklü şəkildə dəyişib:
“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionda yeni güc balansı formalaşıb, Türkiyənin təsiri artıb, Ermənistanın xarici siyasət kursunda isə ciddi transformasiya müşahidə olunur. Paralel olaraq Rusiyanın Ukrayna müharibəsi səbəbindən əvvəlki imkanları da əhəmiyyətli dərəcədə məhdudlaşıb.

Belə şəraitdə Moskvanın əsas məqsədi artıq region üzərində mütləq dominantlıq yaratmaq deyil. Rusiya üçün prioritet məsələ Cənubi Qafqazda mümkün qədər təsir imkanlarını qorumaq, regionun tam şəkildə Qərbin geosiyasi nəzarət zonasına keçməsinin qarşısını almaq və əsas kommunikasiya layihələrində iştirakçı statusunu saxlamaqdır.

Bu xüsusda Azərbaycan Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı həm regional təhlükəsizlik məsələlərində, həm enerji siyasətində, həm Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində, həm də Avrasiya məkanında formalaşan yeni logistika marşrutlarında açar aktorlardan biri və birincisidir. Moskva anlayır ki, Azərbaycanla münasibətlərin ciddi şəkildə pisləşməsi Rusiyanın Cənubi Qafqaz siyasətinə çox ağır zərbə vura bilər.

Məhz buna görə də son dövrlərdə Kremlin davranışında iki paralel xətt müşahidə olunur. Bir tərəfdən yüksək səviyyəli siyasi dialoq davam etdirilir, qarşılıqlı təmaslar intensivləşdirilir və strateji tərəfdaşlıq haqqında bəyanatlar verilir. Digər tərəfdən isə informasiya məkanında təzyiq elementləri saxlanılır. Bunun məqsədi, ən azı daxili auditoriyayaya Moskvanın hələ də regional proseslərə təsir imkanlarının mövcud olduğunu nümayiş etdirməkdir.

Bu baxımdan Lavrovun Azərbaycan və Rusiya liderləri arasında Düşənbədə keçirilən görüşün münasibətlərin normallaşmasında həlledici rol oynadığını vurğulaması da diqqət çəkir. Əslində Düşənbə görüşünün əsas nəticəsi münasibətlərdə yeni strateji səhifənin açılması deyil, yaranmış gərginliyin idarəolunan müstəviyə keçirilməsidir.

Başqa sözlə desək, Düşənbə görüşü problemləri aradan qaldırmadı, lakin problemlərin münasibətlərin böhran mərhələsinə keçməsinin qarşısını aldı. Məhz bunun nəticəsində təmaslar intensivləşdi, siyasi dialoq bərpa olundu və Moskva Azərbaycanla münasibətlərin qorunmasının öz milli maraqlarına uyğun olduğunu daha açıq şəkildə nümayiş etdirməyə başladı. Şübhəsiz ki, bu da çox önəmli və həlledici məqam kimi qiymətləndirilə bilər”.

Deputat qeyd edib ki, Rusiya Azərbaycanı itirmək istəmir və bunun hansı nəticələr doğuracağını çətinliklə və çox ləng də olsa qəbul etməyə cəhd göstərir yaxud belə bir təəssürat yaratmağa çalışır:
“Azərbaycan isə öz növbəsində qonşu dövlətlə münasibətləri qarşılıqlı hörmət, suverenlik və milli maraqlar prinsipi əsasında inkişaf etdirmək niyyətini dəfələrlə nümayiş etdirib. Buna görə də Moskvanın son diplomatik fəallığı ilk növbədə dəyişən regional geosiyasi reallıqların diktə etdiyi zərurətdən qaynaqlanır.

Ancaq eyni zamanda aydın görünür ki, Kreml hələlik ənənəvi təsir alətlərindən tam imtina etməyə hazır deyil. Bu səbəbdən rəsmi diplomatiyanın əməkdaşlıq mesajları ilə informasiya məkanında müşahidə olunan təzyiq elementləri müəyyən müddət ərzində paralel şəkildə mövcud olacaq. Bu isə əslində Rusiyanın Azərbaycana münasibətdə ziddiyyətli siyasəti deyil, dəyişən geosiyasi şəraitdə öz təsir imkanlarını qorumağa yönəlmiş klassik siyasi taktikasının növbəti təzahürüdür.

Bütün bunlar Azərbaycanın prinsipial mövqeyinə təsir göstərəcəkmi? Əlbəttə ki, yox. Çünki Azərbaycanın xarici siyasəti istisnasız olaraq, milli maraqlara, dəyişməz prinsiplərə və real orta güc konsepsiyasına əsaslanır. Bu reallıqlar şimal qonşumuz tərəfindən nə qədər tez və gerçəkliyə uyğun dəyərləndirilərsə, bir o qədər faydalı olar”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR