Kanadada separatizm mövzusu yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, ölkənin ən böyük neft ehtiyatlarına malik əyalətlərindən biri olan Albertanın Kanadadan ayrılması ilə bağlı referendum təşəbbüsü rəsmi mərhələyə keçib.
Kanadanın CBC telekanalının məlumatına görə, Alberta əyalətinin Seçki Komissiyası müstəqillik tərəfdarlarının irəli sürdüyü təşəbbüsü təsdiqləyib və onların imza toplama kampaniyasına başlamasına icazə verib.
Söhbət “Alberta Prosperity Project” (Alberta Rifah Layihəsi) adlı qrupun irəli sürdüyü petisiyadan gedir. Qaydalara əsasən, təşəbbüsün rəsmi startı üçün təşkilatçılar yanvarın əvvəlinədək maliyyə direktorunu təyin etməlidirlər. Bundan sonra imza toplanması prosesi qanuni şəkildə başlaya bilər.
Referendumun keçirilməsi üçün təxminən 178 min imza toplanmalıdır. Səsvermə bülleteni üçün nəzərdə tutulan sual isə son dərəcə sadə və kəskindir: “Albertanın Kanadanın tərkibindən çıxaraq müstəqil dövlət olmasına razısınızmı?”
Əyalətin baş naziri Daniyel Smit daha əvvəl bildirmişdi ki, Alberta prinsip etibarilə Kanadanın tərkibində qalmağa üstünlük verir. Bununla belə, o, federal hökuməti – Ottavanı – sərt şəkildə tənqid edərək, neft hasilatı və ixracına qoyulan məhdudiyyətlərin regiona milyardlarla dollar zərər vurduğunu vurğulayıb.
Ekspertlər hesab edirlər ki, enerji siyasəti ətrafında yaranan bu gərginlik təkcə iqtisadi deyil, Kanadanın daxili siyasi sabitliyi üçün də ciddi çağırışa çevrilə bilər. Albertada referendum təşəbbüsünün real səsverməyə çıxarılıb-çıxarılmayacağı isə yaxın aylarda imza kampaniyasının nəticələrindən asılı olacaq.
Musavat.com






