İnsanlara hürriyət, millətlərə istiqlal!

Kombi nə zaman partlayır? - Bunları mütləq edin

1726 05.12.2025 13:12 Ölkə A A

Bu gün səhər saatlarında Lökbatanın “Qobu Park-1” yaşayış massivində baş verən güclü partlayış və yanğın ağır faciəyə səbəb olub.

Musavat.com
-un əldə etdiyi məlumata görə, eyni ailənin iki məktəbli uşağı və anaları hadisə yerində dünyasını dəyişiblər. Faciə anında köməyə qaçan 65–70 yaşlarında bir kişi də tüstüdən boğularaq həyatını itirib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Sakinlərin sözlərinə görə, partlayışdan dərhal sonra mənzil bir neçə dəqiqəyə alova bürünüb və içəridə olanların çıxmasına imkan qalmayıb. İlkin ehtimallara əsasən, partlayış mənzildə quraşdırılmış kombidə yaranan nasazlıq nəticəsində baş verib. Hazırda FHN əməkdaşları və digər aidiyyəti qurumlar hadisə yerində araşdırma aparır, partlayışın dəqiq səbəbləri dəqiqləşdirilir.

Hadisə qış mövsümü ərəfəsində kombi təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, kombi partlayışları bir neçə əsas faktordan qaynaqlanır. Ən təhlükəli səbəblərdən biri qaz sızmasıdır.

Kombi və qaz xəttindəki ən kiçik sızma qapalı məkandakı havaya qarışdıqda partlayış üçün şərait yaradır. Sızma çox vaxt hiss edilmədən baş verir. Kombidə təzyiq yüksəldikdə təhlükəsizlik klapanı avtomatik olaraq suyu boşaltmalıdır. Bu mexanizm sıradan çıxarsa, cihaz içəridə toplanan təzyiqdən partlaya bilər.

Suyun kombidə dövr etməməsi cihazın həddindən artıq istiləşməsinə səbəb olur. Bu, həm partlayış, həm də yanğın riskini artırır.

Kombinin qeyri-peşəkar ustalar tərəfindən quraşdırılması ən təhlükəli amillərdən biridir. Səhv qoşulma həm qaz sızmasına, həm də partlayışa səbəb ola bilər.

Kombi yerləşən evlərdə, xüsusən yeni plastik pəncərələrlə tam izolyasiya olunmuş mənzillərdə hava dövranı zəif olur. Bu, qazın otaqda toplanmasına şərait yaradır. Həmçinin gərginlik dalğalanmaları və kombinin içindəki elektrik dövrələrinin sıradan çıxması qığılcım yarada və qazla birləşərək partlayışa səbəb ola bilər. Tüstü çıxışı bağlı olduqda cihaz düzgün işləmədən yüklənir, qazı içəri buraxır və təhlükə ikiqat artır.

Mütəxəssislər bildirirlər ki, kombi təhlükələrinin qarşısını almağın ən effektiv yolu cihazın hər il mövsüm başlamazdan əvvəl peşəkar xidmət tərəfindən tam texniki baxışdan keçirilməsidir. Qaz və karbonmonoksid detektorlarının quraşdırılması da həyati əhəmiyyət daşıyır. Qəribə qoxu hiss edildikdə kombini dərhal söndürmək, qaz xəttini bağlamaq və məkanı havalandırmaq lazımdır. Sakinlərin özləri tərəfindən kombiyə müdaxilə etmək, hissələri söküb quraşdırmaq, filtrləri özbaşına təmizləmək isə qətiyyən yolverilməzdir.

Lökbatandakı faciə bir daha göstərdi ki, kombi təhlükəsizliyi məsələsinə səthi yanaşmaq olmaz. Kiçik nasazlıq, zamanında aparılmayan baxış, yanlış quraşdırma bir ailəni məhv edə bilər.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR