İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin qorxulu röyası çin olur - Çin buna getsə...

798 08.11.2025 12:30 Siyasət A A

Rusiya neftinə qarşı məhdudiyyətlərin sərtləşməsi Azərbaycana təsir etməyə başlayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, sanksiyaların tətbiqi Rusiyanın neft ixracını azaldıb. O bunu Orta Asiya dövlət başçıları ilə görüş zamanı deyib: “Deyə bilərəm ki, Rusiyadan ixrac əhəmiyyətli dərəcədə azalıb”.

Bundan əvvəl isə Bloomberg Çinin neft emalı zavodlarının yeni sanksiyalar fonunda Rusiya neftinin tədarükündən imtina etməyə başladığına dair məlumat yayıb. Agentlik iddia edir ki, bəzi neft emalı zavodları ABŞ-ın ikinci dərəcəli məhdudiyyətlərindən qorxaraq alışları dayandırıb.

Amerika nəşrinin məlumatına görə, dövlətə məxsus nəhənglər Sinopec və PetroChina Co. artıq neft alışından imtina ediblər. “Çaydanlar” kimi tanınan kiçik şirkətlər də eyni addımı atıblar. Nəşrin məlumatına görə, onlar Çinin Shandong Yulong Petrochemical Co. şirkəti Böyük Britaniya və Aİ tərəfindən qara siyahıya salındıqdan sonra məhdudiyyətlərdən qorxurlar.

Təchizatın dayandırılması, sanksiyalar səbəbindən qiyməti kəskin şəkildə düşən premium ESPO xam neftinə (ESPO) də təsir edib. “Rystad Energy AS” konsaltinq şirkətinin hesablamalarına görə, ümumi tədarük gündə 400.000 barel azalıb ki, bu da Çinin Rusiyadan idxal etdiyi ümumi neftin təxminən 45 faizini təşkil edir.

Bloomberg qeyd edir ki, eyni zamanda, sanksiyalar Rusiya üçün yalnız itkilərə səbəb olmayıb: Qara siyahıya salınmış Yulong tamamən Rusiya neftinə keçib. Məhdudiyyətlərdən əvvəl bu Çin neft emalı zavodu Kanada, Yaxın Şərq, Anqola, Braziliya və Rusiya da daxil olmaqla müxtəlif mənbələrdən neft alıb.

G20 summit: Trump orbits around Xi, Putin and other world leaders | CNN  Politics

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bloomberg-in xəbərini təkzib edib və qeyd edib ki, Çin ötən illə, demək olar ki, eyni həcmdə Rusiya karbohidrogenlərini almağa davam edir. O, “Rossiya-1" televiziya kanalına verdiyi müsahibədə bildirib ki, təkcə bu ilin ilk doqquz ayında Çin Rusiyadan 72 milyon ton neft alıb. Rusiyanın və Çinin ötən ilə dair statistik göstəriciləri baş nazir müavininin yumşaq desək, yalan danışdığını göstərir. Belə ki, Çin Statistika İdarəsinin məlumatına görə, 2024-cü ilin 9 ayında Rusiyadan 80,601 milyon ton neft alaraq, bunun üçün 47,5 milyard dollar ödəyiblər. Bu isə o deməkdir ki, bu ilin yanvar-sentyabrında Çin Rusiyadan neft alışını miqdar baxımından 8,6 milyon ton, yaxud 10,7 faiz azaldıb. Üstəlik, Bloomberg oktyabr ayındakı ixracdan, Novak isə yanvar-sentyabrdakı ixracdan bəhs edir.

Rusiyanın “Kommersant” nəşri Qiymət İndeksi Mərkəzinin (PIC) hesabatına istinadən xəbər verir ki, oktyabr ayında Rusiya neft ixracı aylıq müqayisədə 1,2 faiz azalaraq 440 min tona düşüb. Rosneft və Lukoyl-a qarşı ABŞ-ın yeni sanksiyaları isə hələlik bu göstəriciyə əhəmiyyətli təsir etməyib. Nəşrin məlumatına görə, məhdudiyyətlərin təsiri 21 noyabrdan sonra, bu şirkətlərlə əməliyyatlar üçün icazənin müddəti bitdikdən sonra özünü göstərə bilər.

Bundan əlavə, Böyük Britaniya və ABŞ-ın Rosneft və Lukoyl-a tətbiq etdikləri sanksiyaların da təsiri hiss olunmağa başlayır.  Xüsusilə ABŞ sanksiyaları Hindistan və Çinin Rusiya neftinin alışını azalmasına səbəb olur ki, bu da Moskvanı rekord endirimlərlə ticarət etməyə məcbur edir.

Asiyada Rusiyanın Urals markalı xam neftinin qiyməti beynəlxalq etalon Brent ilə müqayisədə son bir ildə ən aşağı səviyyəyə düşüb. Bu, Hindistan və Çinin ən böyük neft emalı zavodlarının Rusiya xam neftinin emalını azaltması ilə bağlıdır. Reuters xəbər verir ki, sanksiyalara görə Urals və Brent markalı xam neft arasındakı qiymət fərqi 2 dollar daha artıb. Nəticədə, dekabr ayı üçün çatdırılan Rusiya xam nefti təxminən 4 dollar əlavə endirimlə satılır. Bu, son bir ildə ən əhəmiyyətli endirimdir. Hazırkı endirimlər 2022-ci ildəki kimi kəskin olmasa da, barel üçün 8 dollara çatdığına görə yenə də Rusiyanın neft gəlirlərinə təzyiqi artırır.

Hawkish Trump officials plot national security actions against China

Çinin dövlətə məxsus neft korporasiyaları da dəniz yolu ilə daşınan Rusiya neftinin alışını müvəqqəti olaraq dayandırmaq qərarına gəliblər. Nəticədə, ESPO Blend xam nefti artıq Çin limanlarında endirimli qiymətə satılır. Reuters agentliyinin məlumatına görə, Rusiya neftinin ən böyük iki alıcısı olan Hindistan və Çin şirkətlərinin birgə hərəkətləri, Rusiya neftinin əhəmiyyətli həcminin alıcı tapmamasına səbəb ola bilər.

Hazırda Asiyada Rusiya neft bazarı iki seqmentə bölünüb. Sanksiyalara məruz qalmayan şirkətlər tərəfindən istehsal edilən neft daha yüksək qiymətə satılır. Sanksiyalı təchizatçılar və ya tankerlərlə əlaqəli neft həcmləri isə əhəmiyyətli endirimlərlə satılır. 

Rusiya neftinə qarşı məhdudiyyətlərin sərtləşməsinin Azərbaycana faktiki təsiri başlayıb. Belə ki, Rusiyanın enerji şirkəti Lukoyl Xəzər dənizindəki yataqlardan çıxardığı xammalın Bakıya ixracını dayandırıb.

Reuters agentliyinin məlumatına görə, Lukoyl noyabr ayından etibarən bütün neft həcmini Mahaçqalaya yönləndirəcək. Şirkət bu qərarı ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalarla əlaqələndirib.

Sanksiyalar nəticəsində Lukoyl xaricdə fəaliyyətində ciddi çətinliklərlə üzləşib. Artıq Bakıya daşınan bütün aylıq həcmin - təxminən 130 min tonun - Rusiya limanına yönləndiriləcəyi açıqlanıb.

Məlumata görə, bu ay Mahaçqalaya 30 min ton neft çatdırılacaq. Oradan xammal Novorossiysk limanı vasitəsilə ixraca göndəriləcək.

Qeyd edək ki, Lukoyl şirkəti Azərbaycanda “Şahdəniz” layihəsində və qaz ixrac boru sistemindəki layihələrdə 20 faizə yaxın paya malikdir. ABŞ sanksiyalarından sonra şirkət Azərbaycan da daxil olmaqla, xaricdəki bütün aktivlərini satışa çıxardığını açıqladı. Az sonra isə aktivlər üçün Gunvor Group-dan əlverişli təklig aldığını, ABŞ icazə verərsə, bütün xarici aktivlərini ona satacağını elan etdi. Lakin noyabrın 6-da ABŞ Maliyyə Nazirliyi Ukraynadakı münaqişə həll olunana qədər Gunvor şirkətinə biznes aparmaq və mənfəət əldə etmək üçün lisenziya vermək niyyətində olmadığını açıqladı. Nazirlik xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinə tez bir zamanda son qoyulmasının vacibliyini bildirib. Bu baş verənə qədər Gunvor “heç vaxt fəaliyyət göstərmək və mənfəət əldə etmək üçün lisenziya almayacaq”. Nazirlik əmindir ki, Gunvor Rusiya tərəfindən idarə olunur.

Qeyd edək ki, Gunvor Vladimir Putinin yaxın adamı olan Gennadi Timçenko tərəfindən yaradılıb. 2014-cü ildə Krımın işğalından sonra Timçenko sanksiya siyahısına salınıb, formal olaraq şirkətdən uzaqlaşıb. Lakin şirkətə nəzarəti özündə saxlayıb. 

ABŞ Maliyyə Nazirliyinin açıqlamasından sonra  Gunvor Group Lukoyl-un xarici aktivlərinin alınması üzrə təklifini geri götürdüyünü elan edib. Şirkətin ”X" sosial şəbəkəsindəki hesabında yerləşdirilən açıqlamada qeyd olunub: “ABŞ Maliyyə Nazirliyinin ”Gunvor" barədə bəyanatı tamamilə yalnış və həqiqətə zidddir. Gunvor hər zaman öz mülkiyyət strukturu və biznes fəaliyyəti barədə açıq və şəffaf olub, artıq on ildən çoxdur ki, Rusiyadan məqsədyönlü şəkildə uzaqlaşıb, sanksiyalara uyğun olaraq ticarəti dayandırıb, Rusiyadakı aktivlərini satıb və Ukraynada aparılan müharibəni açıq şəkildə pisləyib. Biz bu aydın anlaşılmazlığın aradan qaldırılması imkanını alqışlayırıq. Bu müddətdə Gunvor Lukoyl-un beynəlxalq aktivlərinin alınması üzrə təklifini geri götürür".

Qeyd edək ki, Lukoyl-un sanksiyalar səbəbindən maliyyə vəziyyətinin pisləşməsi onun Azərbaycandakı layihələrə maliyyə ayırmasının qarşısını alacaq. Bu isə layihələrin əməliyyat məsrəflərinin qarşılanması sahəsində müəyyən çətinliklərə səbəb ola bilər. 

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR