Fransanın nüfuzlu “Le Parisien” nəşri Luvrun son qarətinə dair araşdırmada diqqətçəkən detalları açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, hadisədən bir neçə gün əvvəl iki nəfər “slavyan aksenti ilə danışan” kişi qarətdə iştirak edən şəxslərdən biri-30 yaşlı Abdullay N.-ə 15 min avro qarşılığında “adi müqavilə” təklif ediblər. O isə buna razılıq verib.
Hadisənin digər şübhəlisi, 35 yaşlı Əlcəzair vətəndaşı Aiyed G. polisə bildirib ki, onu bu əməliyyata yalnız təxəllüsü məlum olan bir şəxs cəlb edib.
Təhqiqatçılar ifadələri diqqətlə araşdırsa da, ehtiyatlı davranırlar. Bununla belə, Fransa polisi xaricdəki potensial “sponsorların” izinə düşülməsi ehtimalını istisna etmir. Bu isə qarətin təsadüfi cinayət deyil, yaxşı maliyyələşdirilən və transsərhəd əlaqələri olan bir qrup tərəfindən təşkil oluna biləcəyini göstərir.
Fransa hüquq-mühafizə orqanlarının araşdırması davam edir və Luvrdakı qalmaqal ölkədə mədəni irsin təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub.
Musavat.com






