2026-cı ilin başlanğıcı dünya enerji xəritəsində ən dramatik geopolitik dəyişikliklərdən biri baş verdi. ABŞ prezidenti Donald Trumpın göstərişi ilə neftlə zəngin Venesuelanın prezidenti Nikolas Maduro oğurlandı. Beynəlxalq hüquq çərçivəsindən çox uzaq bu olay Latın Amerikasından daha çox qlobal enerji bazarlarına ciddi siqnallar göndərir.
Venesuela dünyada ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir - təxminən 300 milyard barel ilə dünya neft ölkələrinə liderlik edir. Bununla belə, son illərdə hasilat siyasi və sanksiya maneələri səbəbindən azalmışdı. ABŞ-ın müdaxiləsi ilə bu ehtiyatların yenidən fəallaşdırılması ideyası bazar tərəfindən hələ “real təklif” kimi qəbul olunmur. Çünki Venesuelada infrastruktur müəssisələri məhv olub, hasilat gücü aşağıdır. Qısa müddətdə Venesueladan dərhal böyük həcmdə neft çıxışı gözlənilmir. Gündəlik hasilat hazırda təxminən ~0,9 milyon barelə yaxındır. Buna baxmayaraq, bu geosiyasi şok bazarlarda qiymət dəyişkənliyini yüksəldə bilər.
İran dünya çapında neft istehsalçısıdır və Çin kimi böyük alıcılarla əlaqələri onu bazarda hələ də substantiv rol oynayır. Baxmayaraq ki, ABŞ-ın sanksiyaları Tehranı limanlardan birbaşa ixracdan qismən məhrum edir. Sanksiyalar nəticəsində İranın neft ixracı rəsmi kanallarla məhdudlaşdırılsa da, kölgə flotu və qeyri-rəsmi kanallar vasitəsilə ixrac artıb, bu da sızma effektinə malikdir. Bazarlarda İran ixracının qismən davam etməsi qiymətə təsirləri yumşaltmış olur.
2025 və 2026-cı il üçün bir çox beynəlxalq analitik qurumların proqnozları göstərir ki, 2025-də neft qiymətləri 20%-dən çox aşağı düşüb, “Brent” 60 dollara yaxın səviyyədədir. Bu, üsyan və sanksiyalarla yanaşı, təklif artımları ilə bağlıdır. 2026-cı il üçün əsas proqnozlar üst-üstə təklifin davam edəcəyi və qiymət təzyiqi olacağıdır. “Brent” üçün orta qiymət 60-62 dollar səviyyəsi hələ də gözlənilir. Bu proqnozlar, Venesuela və İran ilə bağlı geopolitik şoklara baxmayaraq, bazarda artıq təklif varlığı və tələbin zəif artımı səbəbindən qiymətlərdə kəskin yüksəliş gözlənilmədiyini göstərir.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, enerji və valyuta bazarları arasında ən kritik əlaqə neftin dünya ticarətində ABŞ dolları ilə qiymətlənməsidir:
“Əksər xam neft müqavilələri hələ də dollarla həyata keçirilir. Qiymət dəyişkənliyi və təchizat narahatlığı geosiyasi qeyri-müəyyənlik olacaq. Venesuela, İran, Orta Şərqdə dollar qısa müddətdə güclənə bilər. Dünya enerji qiymətləri aşağı səviyyədə saxlanarsa, enerji ixracatçısı ölkələrinin Rusiya, Səudiyyə, İran milli valyutaları zəifləyə bilər. Xüsusilə neftdən gəlirləri dominant olan ölkə valyutaları dollara qarşı daha zəif performans göstərə bilər. Xüsusilə İran rialı inflyasiya və sanksiyalar fonunda son illərdə ciddi devalvasiya görüb və dollara qarşı zəif olub. Bu isə daxili iqtisadi sabitliyi daha da çətinləşdirə bilər. Tehran ticarət əlaqələrini genişləndirsə belə, valyuta bazarında dollara qarşı davamlı möhkəmlənmə çətin olacaq. Enerji bazarlarında bu gün reallıq budur ki, qlobal neft təklifi hələ də bol səviyyədədir, qiymətlər geopolitik sarsıntılardan əvvəlcədən aşağı-orta diapazonda formalaşır. Milli valyutaların gücü əsasən ticarət balansı, pul siyasəti və enerji qiymət proqnozlarına bağlı olacaq. Enerji satışından büdcəsi yüksək səviyyədə asılı olan ölkələrdə valyutalar daha çox risklə üzləşə bilər”.
Siyasi şərhçi bildirib ki, qlobal neft-qaz bazarı geopolitik siqnallarla yanaşı, təklifin bolluğu, tələbin zəif artımı və OPEC+ siyasətləri ilə formalaşır:
“Bu da ABŞ dollarının qlobal ticarətdə dominant mövqeyini saxlamağa kömək edəcək. Milli valyutaların məzənnəsi isə qısa müddətdə kəskin və tez-tez dəyişəcək”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






