Hüquqşünas deyir ki, PA-nın sabiq rəhbəri istintaqla əməkdaşlıq etməsə, növbəti dəfə...
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin barəsində seçilmiş qətimkan tədbiri uzadılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin təqdimatı əsasında Bakı şəhəri Səbayel Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədibirinin uzadılması ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə vəsatəti təmin edib və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri uzadılıb.
Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilən Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılacağı gözlənilən idi. Qanunvericiliyə görə, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq müddəti maksimum 19 aydır.
Oktyabrın 31-də Baş Prokurorluğun təqdimatı, Səbayel Rayon Məhkəməsinin qərarı ilə “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Vüqar Məmmədov bundan iki gün əvvəl DTX-nin keçirdiyi əməliyyatla tutulub. Onun həbs müddəti fevralın 9-dan uzadılıb.
AXCP sədri Əli Kərimli də Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə təqsirləndirilir. Əli Kərimli və Məmməd İbrahimə yaxın şəxslərin (onlardan bəzisi DTX-da şahid qismində dindirilib) verdiyi açıqlamalarda da həbslərin Ramiz Mehdiyev işi ilə bağlı olduğu deyilib. İki gün əvvəl Əli Kərimlinin də istintaq müddəti uzadılıb. Güman ki, yaxın saatlarda eyni ittihamla həbsə alınan Məmməd İbrahimin də həbs müddəti uzadılacaq.
Mediada Milli Elmlər Akademiyası katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun da Ramiz Mehdiyev işinə görə tutulduğu qeyd edilib. Eldar Əmirovun tutulması xəbəri mətbuatda noyabrın 3-də dərc olunub. Xəbərdə onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi, hansı istintaq orqanının təqdimatı ilə tutulduğu göstərilməyib, yalnız Səbayel Rayon Məhkəməsinin 4 ay müddətinə həbs-qətimkan tədbiri seçdiyi vurğulanıb. Eldar Əmirovun konkret nə vaxt tutulduğu, məhkəmə qərarının xəbər yayılan gün, yoxsa daha əvvəl çıxarıldığı bəlli deyil.
Beləliklə, mediada çıxan xəbərlərə əsaslansaq, ümumilikdə 4 nəfərin (Vüqar Məmmədov, Əli Kərimli, Məmməd İbrahim, Eldar Əmirov) Ramiz Mehdiyev işinə görə həbs olunduğunu söyləmək, açıq mənbələrdən üç həbsin məhz bu işlə əlaqəsini təsdiqləyən arqumentlər gətirmək mümkündür.
Yada salaq ki, Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır, 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddə 7 ildən 12 ilədək cəza nəzərdə tutulur.
182-ci maddə hədə-qorxu ilə tələb etmə haqqındadır. Bu maddənin sanksiyasında da 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Bəs ibtidai istintaq nə üçün uzanır və bundan sonra daha bir neçə ay da uzadıla bilərmi? Ramiz Mehdiyevin “Dövlət Şurası”nın 50 üzvünün olduğu barədə xəbərlər yayılmışdı və həbslərin həmin siyahıdakıların hesabına genişlənəcəyi deyilirdi. Maraqlıdır ki, həbslər genişlənmədi. Bəs istintaqın bundan sonrakı gedişində yeni şəxslərin məsuliyyətə cəlb olunması mümkündümü?

Xəyal Bəşirov
Hüquqşünas Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, ölkədə böyük rezonans doğuran “Mehdiyev işi” ilə bağlı proses hələ də davam edir: “Söhbət uzun illər ərzində Azərbaycanda yüksək vəzifə tutmuş Ramiz Mehdiyevə aid cinayət işindən gedir. Həmin cinayət işi ilə bağlı bir sıra məqamlar aşkarlandı. Bir neçə nəfər həbs edildi. Keçmiş deputat Gültəkin Hacıbəyli və baş nazirin sabiq birinci müavini Abbas Abbasov barəsində bu istintaq işi çərçivəsində həbs-qətimkan tədbiri qərarı verildi. Lakin bu iki şəxsi biri Türkiyədə, o birisi isə Rusiyada yaşaması səbəbilə hələ ki Azərbaycana gətirmək və istintaqa cəlb etmək mümkün olmayıb. Söhbət sadə bir cinayətdən getmir. 278.1 maddəsi hakimiyyəti zorla ələ keçirmə və saxlama, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd etmə kimi ağır cinayəti nəzərdə tutur. 274-cü maddə isə daha ağır maddədir, dövlətə xəyanət maddəsidir. Bunlar ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və bu cinayət ömürlük və ya 20 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Bu baxımdan şübhəsiz ki, açılmış cinayət işinin davam etdirilməsi zərurəti var”.
Hüquqşünas hesab edir ki, prosesin uzanmasının səbəblərindən biri bu cinayətin iştirakçılarının daha geniş arealı əhatə etməsi ilə əlaqəlidir: “Yəni bu cinayətdə kifayət qədər çoxsaylı şəxslər iştirak edib və onların sırasında hələ də iqtidarda təmsil olunan və müxalifətdə olan şəxslər var. Cinayət işinin mürəkkəbliyi də prosesin uzanmasının səbəblərindən biri ola bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün həssas bir dönəmdən keçir. Ermənistanla sülh prosesi, Cənubi Qafqazda, ümumən regionda gedən geosiyasi proseslər, qarşıdurmalar fonunda prosesi ölkəmizin uğurlarına hər hansı şəkildə maneçilik törətməyəcək şəkildə davam etdirir. Bütün bu proseslərin başqa bir fəsadlar doğurmadan aparılması zəruridir və bu da təbii ki, zaman alır. Azərbaycan Cinayət Prosessual qanunvericiliyində xüsusilə ağır cinayətlərin ibtidai istintaq müddəti 19 aya qədər davam etdirilə bilər. Bu baxımdan Ramiz Mehdiyevlə bağlı cinayət işinin ibtidai istintaq müddətinin uzadılmasında qanundankənar heç nə yoxdur. Bundan sonra da ehtiyac olacaqsa, 11 aya qədər uzadılmasına qanun imkan tanıyır”.
X.Bəşirov qeyd etdi ki, Ramiz Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ona münasibətdə istintaqın yaşına görə atdığı jest xarakterli addım kimi nəzərə alınmalıdır: “O, bu jesti nəzərə alaraq istintaqla əməkdaşlıq etməlidir, onda olan məlumatları istintaqa verməlidir. Ramiz Mehdiyev onda olan məlumatları istintaqla bölüşmürsə, o halda ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təqdimat verilə bilər. Bu da həbs qərarı ilə əvəz oluna bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






