Dünya Çempionatı-2026-nın qrup mərhələsi başa çatdıqca mundialın əsas favoritləri ilə bağlı müzakirələr daha da qızışır. Futbol ictimaiyyətinin diqqəti təkcə meydandakı nəticələrə deyil, həm də statistik modellərin və süni intellekt sistemlərinin proqnozlarına yönəlib. Məhz belə proqnozları ilə tanınan Opta superkompüteri növbəti mərhələyə yaxınlaşdıqca dünya çempionatının qaliblik ehtimallarını yenidən hesablayıb.
İlk onluq belədir: 1. Argentina – 15,6% 2. Fransa – 15,1% 3. İspaniya – 12,8% 4. İngiltərə – 10,6% 5. Almaniya – 6,6% 6. Portuqaliya – 5,3% 7. Norveç – 5,2% 8. Braziliya – 5,0% 9. Niderland – 4,3% 10. ABŞ – 4,0%
İlk baxışdan bu siyahı məntiqli görünə bilər. Amma dünya çempionatlarının tarixi göstərir ki, futbol heç də həmişə rəqəmlərin dediyi kimi inkişaf etmir. Əksinə, bu turnirin əsas cazibəsi məhz gözlənilməzlikdir. 2002-ci ildə Türkiyənin yarımfinala yüksəlməsi, Cənubi Koreyanın sensasiyası, 2018-ci ildə Xorvatiyanın finala qədər irəliləməsi, 2022-ci ildə Mərakeşin yarımfinala çıxması sübut etdi ki, statistik modellər hər şeyi hesablaya bilmir.
Opta Argentinanı favorit göstərir. Bu seçim müəyyən mənada anlaşılandır. Argentina son dünya çempionudur, komanda uzun illərdir eyni sistem üzərində qurulub və turnir futbolunun necə oynanıldığını yaxşı bilir. Bununla belə, argentinalıların hər matçda dominant futbol sərgilədiyini söyləmək çətindir. Onlar daha çox nəticəyə hesablanmış oyun nümayiş etdirirlər. Pley-off mərhələsində isə bir uğursuz axşam bütün proqnozları alt-üst edə bilər.
Fransa isə bəlkə də siyahıda ən təhlükəli komandadır. Kylian Mbappenin liderliyi altında "xoruzlar" istənilən rəqibi məğlub edə biləcək potensiala malikdir. Turnirin əvvəlindən nümayiş etdirdikləri sürət və hücum gücü göstərir ki, Fransa kubokun ən ciddi namizədlərindən biridir. Bir çox ekspert hətta Argentinadan daha şanslı komandanın məhz Fransa olduğunu düşünür.
İspaniyanın ilk üçlükdə yer alması da təsadüfi deyil. Son illərdə gəncləşdirilən heyət artıq formalaşıb. İspanlar topa nəzarət etməyi, oyunun tempini idarə etməyi və rəqibi yoraraq məğlub etməyi bacarırlar. Lakin tarix göstərir ki, bəzən həddindən artıq texniki futbol fiziki cəhətdən güclü rəqiblərə qarşı problemlər yaradır.
Portuqaliyanın da siyahıda yer alması təəccüblü görünməməlidir. Hər halda Kriştiano Ronaldo hər şeyi deyir…
Ən maraqlı məqamlardan biri Norveçin yeddinci pillədə qərarlaşmasıdır. Bir neçə il əvvəl belə bir proqnoz futbol ictimaiyyətində təəccüb doğurardı. Lakin Erling Haaland nəslinin yetişməsi ilə Norveç artıq Avropanın orta səviyyəli komandası deyil. Buna baxmayaraq, onların dünya çempionluğu ehtimalının Braziliyadan yüksək göstərilməsi mübahisəli görünür.
Məhz Braziliya məsələsi ən çox müzakirə olunan məqamlardan biridir. Beşqat dünya çempionlarının cəmi 5 faiz şans alması bir çox futbolsevərlərə qəribə görünə bilər. Dünya çempionatları tarixində Braziliya həmişə favoritlər sırasında olub. Hətta zəif nəsillərdə belə "sambaçılar" təhlükəli rəqib hesab ediliblər. Bununla belə, son illərdə komandanın sabitlik problemi yaşaması və bəzi oyunlarda gözlənilməz xal itkiləri Optanın hesablamalarına təsir edib.
ABŞ-ın ilk onluqda yer alması da diqqət çəkir. Ev sahibi amili futbol tarixində həmişə mühüm rol oynayıb. ABŞ həm tribunaların dəstəyindən yararlanır, həm də turnir boyu uzun səfərlərdən daha az təsirlənir. Lakin amerikalıların həqiqətən də dünya çempionluğu səviyyəsində olub-olmaması hələ açıq sualdır.
Son dünya çempionatlarında uğursuz çıxış edən almanlar bu dəfə yenidən öz klassik kimliklərinə qayıdırlar. Nizam-intizam, kollektiv futbol və soyuqqanlılıq onları təhlükəli rəqibə çevirir. Qrup mərhələsində nümayiş etdirdikləri oyun göstərir ki, Almaniya hazırda Optanın verdiyi 6,6 faizdən daha yüksək potensiala sahib ola bilər.
Əslində superkompüterlər keçmiş nəticələri, qol gözləntilərini, topa sahibolma faizlərini, müdafiə göstəricilərini və yüzlərlə statistik parametri nəzərə alaraq hesablamalar aparırlar. Ancaq futbolun bir tərəfi var ki, onu heç bir alqoritm hesablaya bilmir. Azarkeş təzyiqi, emosiyalar, bir futbolçunun ilhamlı günü, hakim qərarı və ya son dəqiqədə vurulan qol bəzən bütün statistik modelləri mənasız edir.
Məhz buna görə də Optanın siyahısı müəyyən istiqamət göstərsə də, onu son həqiqət kimi qəbul etmək olmaz. Dünya çempionatları həmişə kompüterlərin deyil, meydandakı futbolçuların müəyyən etdiyi turnirlər olub.
Bu gün üçün Argentina, Fransa və İspaniya favorit sayıla bilər. Lakin mundial tarixinin bizə öyrətdiyi ən vacib dərs budur ki, kuboku həmişə ən yüksək faiz alan komanda qazanmayıb. Futbolun gözəlliyi də elə bundadır.
Bu sorğu reallığı əks etdirirmi sualı ilə idman mütəxəssisi Kənan Məstəliyevə müraciət etdik. O, bunları dedi: “Bu cür sorğular, reytinqlər mütəmadi açıqlanır, müəyyən fikirlər formalaşdırır. Əsasən heyətdəki oyunçuların keyfiyyəti xüsusi rol oynayır. Opta da çox mötəbər mənbədir, adətən reallığa yaxın rəqəmləri olur. Bu dəfə də belədir. Argentinanın reytinqə başçılıq etməsi, ispanların bir qədər geriləməsi məntiqəuyğundur. Ancaq DÇ hələ təzə başlayıb, sensasiyalar, gözlənilməzliklər də mütləq olacaq”.
Cavanşir Abbaslı
Musavat.com






