Ermənistanın Azərbaycan benzini almaq qərarı Türkiyə mətbuatında geniş müzakirə mövzusu olub.
Publika.az xəbər verir ki, Türkiyə mətbuatı və sosial media bu xəbəri Azərbaycanın Ermənistana qarşı “humanitar addımı” kimi təqdim edib.
Türkiyənin tanınmış xəbər saytı T24.com bu addımı Azərbaycanın xoşməramlılığının əlaməti kimi qiymətləndirib.
Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət neft şirkəti SOCAR Ermənistana 22 vaqon benzin göndərib. Əməliyyatın sırf kommersiya xarakterli olduğu, benzinin humanitar məqsədlər üçün deyil, beynəlxalq qiymətlərlə satıldığı bildirilir.
Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı yaradılan komissiyası bəyanat mətnini hazırlayaraq təqdim edib.
Musavat.com bildirir ki, sənədin mətnini komissiyanın sədri Şahin İsmayılov parlamentin tribunasından oxuyub.
Bəyanatda bildirilir: “Azərbaycan Respublikasının Milli Məclisi, Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini qətiyyətlə rədd edir və onu siyasi məqsədlərə xidmət edən, qərəzli bir sənəd kimi qiymətləndirir.
Yalan məlumatlar və saxta iddialar əsasında hazırlanmış bu sənəd, konkret cinayət əməllərinə siyasi don geyindirməyə cəhd edir, hüququn aliliyini pozur və Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Aydındır ki, Azərbaycan reallıqlarını bilməyən və ya bilərəkdən görməzdən gələn Avropa Parlamenti, bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları məsələlərini öz gizli gündəliyi və təxribatçı niyyətləri üçün vasitəyə çevirir”.
Bəyanatda daha sonra bildirilib ki, Azərbaycanın ərazilərinin 30 ildən artıq müddətdə işğalda qalmasına, yüzlərlə şəhər və kəndlərimizin viran edilməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına və 1 milyondan artıq məcburi köçkünün pozulmuş hüquqlarına biganə qalan Avropa Parlamenti, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına da qərəzlə yanaşır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Xəbər Vaxtı” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






