"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi Koreya Respublikası hökumətinin “İTF İnsan Təhlükəsizliyinin Artırılması” (ITF Enhancing Human Security) vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3” adlı layihənin icrasını uğurla yekunlaşdııb.
Musavat.com xəbər verir ki, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın minalardan zərər çəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tər-tər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik ailə təsərrüfatlarının yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarət olub. Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsi çərçivəsində dəstəklənən bəzi benefisiarlar artıq istehsal etdikləri məhsulları sataraq gəlir əldə etməyə başlayıblar:"Koreya Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasına, məşğulluq imkanlarının artırılmasına və kiçik sahibkarlığın inkişafına dəstək məqsədi daşıyıb.
Layihənin bütün benefisiarları mina partlayışlarından zərər çəkmiş şəxslərdir. Aparılan monitorinqlər onların biznes fəaliyyətlərini uğurla davam etdirdiyini göstərib və bəzi iştirakçılar artıq məhsul satışından maliyyə gəliri əldə edirlər”.
O qeyd edib ki, layihədən faydalanan mina qurbanlarının 56 nəfər ailə üzvü də bu layihənin birbaşa benefisiarı qəbul olunur:
“Mina qurbanları üçün alınmış ləvazimatları satan 27 nəfər də sözügedən layihədən faydalananlardır. Layihə benefisiarlarının hamısı mina partlayışlarına məruz qalmış mülkü şəxslərdir. Layihənin birbaşa benefisiarlarından üçü şəhid ailəsi üzvüdür, dördü mina təmizləmə əməliyyatları zamanı partlayışa məruz qalanlar, biri isə polis əməkdaşıdır. Onlar 20-64 yaş aralığındadır". Layihə çərçivəsində keçirilmiş görüşlərdə digər mina qurbanları və onların ailə üzvləri də kənd təsərrüfatının müxtəlif sahələri üzrə, o cümlədən də maldarlıq, qoyunçuluq, arıçılıq, quşçuluq yeminin istehsalı və satışı ilə məşğul ola biləcəklərini, bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildirilib.
Afaq Mirayiq,
Musavat.com






