İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir Mərdanovdan Musavat.com-a ÖZƏL açıqlamalar : “Erməniyə inanmaq olmaz!”

1658 13.06.2026 21:04 Müsahibə A A

Bu gün, iyunun 13-də ölkəmizdəki ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi, sosial şəbəkə hesablarından, mediadan çox maraqlı kadrları izlədik. 

Sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla elə günün hadisəsindən başlayan söhbətimizdə digər suallara da cavab istədik. 

Eks-nazirin Musavat.com-a eksklüziv müsahibəsini təqdim edirik.

- Misir müəllim, yəqin ki, gün ərzində “Son zəng” tədbirlərini izlədiniz. Maraqlıdır, özünüzün orta məktəbi bitirdiyiniz günü, məzun gününüzü necə xatırlayırsınız?

- Biz oxuyan vaxtı, açığını deyim ki, Qərbi Azərbaycanda, bizim kənddə belə şey qeyd olunmurdu. Ona görə, əlbəttə, olmayan şeyi də xatırlaya bilmərəm. Hətta universiteti qurtaranda da mən biləni məzun günü olmadı. Sadəcə yadımdadır ki, mənə fərqlənmə diplomunu universitetin ozamankı rektoru Mehtəliyev verib. Belə, bayram kimi qeyd olunmurdu. Bu tədbrlərin çoxu son zamanlar meydana gəlib. Mənə belə gəlir, mən gördüyüm bu olub. Hər halda, yaxşı bir işdir. Təbrik edirəm bütün məzunları, həm orta məktəb məzunlarını da, həm ali məktəbi qurtaranları. Həyatın növbəti mərhələsi qoy onlar üçün uğurlu olsun! Çox gözəl işdir. Sevinirlər də insanlar. İnsanlara nə qədər çox sevinc bəxş olunsa, bir o qədər yaxşıdır. Sevinməyə haqqımız var.

- İstərdim kəndiniz, məktəb illərindən bir neçə kəlmə danışasınız.

- Mən İcevan rayonunun (Dilican rayonu) Göyərçin kəndində doğulmuşam. Amma sonra Salah kəndinə köçmüşük. Məktəbi Polad kəndində bitirdim, qonşu kənd idi. Bizdə orta məktəb yox idi, yeddiillik məktəb idi. Orada da son zəng keçirilməsini xatırlamıram. Gör neçənci il idi e, 1964-cü il. 62 il bundan əvvəl.

- Azərbaycanlıların kompakt yaşadığı bölgə idi, eləmi?

- Qaraqoyunlu dərəsidir. Orada 13 kənd var idi, hamısı Azərbaycan kəndi idi, bir nəfər də erməni yox idi. Azərbaycan türkləri yaşayırdı Qaraqoyunlu dərəsində.

- Yadımdadır illər öncə İrəvana səfər zamanı kəndinizə də getmişdiniz...

- Bəli, 2001-ci ildə getmişdim.

- O vaxtlarda nələr qalmışdı kəndinizdə?

- Evimiz qalmışdı, dağlar, dərələr, bulaqlar, çaylar, meşələr qalmışdı. Evlər qalmışdı hamısı.

- Və ermənilər yaşayırdı?

- Erməni bizim evdə bir qoca qadınla qoca kişi yaşayırdı. Yəqin indi dünyasını dəyişib. Üstündən 26 il keçib.

- Hansı hisslər keçirirdiniz?

- Ora gedəndə adam çox qəribə hisslər keçirir. Öz əlinlə qurduğun, yaşadığın evə indi qonaq gəlirsən. Çox çətindir…

- Qərbi Azərbaycan mövzusu hamımız üçün çox mühüm və həm də qüssəli mövzudur. Elə hesab edirəm ki, siz də yaşınızın ixtiyar çağında hər zaman o yurda qayıdışla bağlı düşünürsünüz. Cənab Prezidentin istiqamət verdiyi çox önəmli istiqamətdir, ideoloji xəttimizdir. Bu barədə düşüncəniz necədir? Qarabağla bağlı şükürlər olsun, rahatlıq yarandı, abadlaşan torpaqlara Böyük Qayıdış davam edir.

- Düşünürəm ki, əgər Allah qoysa, Ermənistanla Azərbaycan arasında o saziş imzalansa, yavaş-yavaş get-gəl ola bilər. Ancaq ermənilərin gəlib Azərbaycanda yaşamasına mən belə tezliklə inanmıram. Çünki bu müharibə zamanı çox qan tökülüb. Ona görə ermənilər gəlib burada yaşaya bilməzlər. Bizim oraya gedib yaşamağımıza da ümid edirik, ancaq o da yəqin ki, tez başa gəlməz. Ancaq dünya belədir ki... Məsələn, İkinci Dünya Müharibəsi zamanı Fransa ilə Almaniya ən qatı düşmən ölkələr olmuşdular. Ancaq Strasburq indi Avropanın mərkəzidir və azad şəkildə gedirlər də, gəlirlər də. Yəni dünyada misal üçün belə şeylər də var. Ona görə də məncə, illər keçməlidir. Mənə belə gəlir ki, bugünkü gənclər həmin günləri görəcəklər. Hər halda ümid edirik ki, qayıdacağıq.

- İnşallah. Misir müəllim, son günlər Ermənistanda keçirilən seçki prosesinin gedişində də Paşinyana əsas hücum məhz azərbaycanlıların qayıdışı ilə bağlı guya vəd verməsi ilə bağlı idi. Nikol Paşinyan da dedi ki, “belə bir vəd verməmişəm”, deyərək məhkəməyə müraciət etməklı həm də bir oyun oynamış oldu. Bununla da 300 min azərbaycanlının qayıdışını əngəlləyəcəyini nümayiş etdirməyə çalışır. Bu proses sizə nə deyir?

- Yəni ermənidir də. Erməniyə inanmaq olmaz. Erməni bu gün dediyini sabah inkar edəcək. O şeyləri çox görmüşük. Ona görə də ermənilərin dediyinə və hərəkətlərinə inanmaq qəti olmaz!

- Cənab Prezident də deyib, heç zaman arxayın olmaq olmaz.

- Bəli, bəli. Məşhur misaldakı kimi, “ağac”ı heç zaman yerə qoya bilmərik.

- Zəngəzur dəhlizinin reallaşmasına necə, inanırsınız?

- İnşallah, o, olacaq. Hökmən olacaq. Onu biz də deyirik, ermənilər də deyir reallaşacaq, Amerika da. Bir az İran deyəsən, nəsə məsləhət vermək istəyir, ona da inanmıram, bacarmaz.

- Rusiyanın Ermənistandakı hərbçiləri nəsə fəallaşıblar o bölgədə...Amma vaxtilə Qarabağa da imkan vermək istəmirdilər.

- Yox, yox, bacarmazlar Zəngəzur dəhlizinə mane olsunlar.

- Həm də, Şuşa Bəyannaməsinin ildönümü tamam olacaq. Gərək qarşı tərəf bunu da unutmasın, elə deyilmi?

- Bəli, bəli. Elə biz sabah tezdən Şuşaya, tədbirə gedirik, Allah qoysa.

- Çox gözəl. Yəqin izlədiniz, Elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcərdə “Son zəng” tədbirində iştirak etdi, pozitiv kadrları izlədik. Həm də diqqətimi çəkən bu idi ki, nazir bir məzunun olduğu məktəbə gedib, onu tək qoymadı. Bunun özü çox yaxşı haldır, bir müddət əvvəl şagird azlığı səbəbindən məktəblərin qapanacağı xəbərləri yayılırdısa, artıq elm və təhsil naziri bu addımı ilə sanki demək istədi ki, məktəbdə, sinifdə bir şagird olsa belə, o, qapadılmayacaq. Sizin münasibətiniz maraqlıdır...

- Bəli, əlbəttə, məktəbi açmaq lazımdır, bağlamaq yox. Məktəb açmaq daha yaxşı olar, nəinki bağlamaq.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR