Moskva yenidən Ukraynanın dron hücumuna məruz qalıb. Rəsmi məlumata görə, son sutka ərzində Moskva istiqamətində uçan 67 Ukrayna PUA-sı vurulub.
Ekspertlər Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinin effektivliyinin azalması ilə yanaşı, Moskvanın mümkün cavablarının necə olmasını müzakirə edirlər.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Ukraynanın hərbi potensialı genişləndiyi üçün Rusiyanın iri şəhərlərini vurmaq imkanı əldə edib. Musavat.com-a şərhində İ.İsmayıl bildirib ki, Rusiyanın bu hücumlara sərt cavab verəcəyi, xüsusilə bəzi ekspertlərin fərziyyə etdiyi kimi, taktiki nüvə silahı ilə cavab verəcəyi ehtimalı azdır:
“5-ci ilə keçən müharibənin ilk illərində Rusiya Moskva və Sankt-Peterburqu xüsusi qoruyurdu. Ukrayna tərəfində də uzaq məsafəli dronlar olmadığı üçün bu şəhərlər hücumlara məruz qalmırdı. Amma hazırda Ukraynada təkmilləşmiş dron istehsal olunması Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və Sankt-Peterburqa zərbələr endirməyə imkan verir. Xüsusilə, 2026-cı ildən başlayaraq, bu hücumlar intensivləşib. Artıq adıçəkilən şəhərlər faktiki olaraq, hər gün dron hücumlarına məruz qalırlar. Bu hücumlara cavab olaraq, Rusiya Ukraynanın Kiyev və Odessa şəhərlərini ballistik raketlərlə, dronlarla vurub. Bundan sonra bu cür davam edərsə, Rusiya həqiqətən taktiki nüvə silahına əl ata bilərmi? Bu, ilk növbədə Rusiyanın acizliyini göstərəcək, yəni belə çıxır ki, Rusiya mövcud silahları ilə Ukraynanı məğlub edə bilmir. Buna görə də Rusiyanın taktiki nüvə silahından istifadə etməsi inandırıcı deyil”.
İ.İsmayıl xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra atom bombasından istifadə edilməyib: “Ukrayna ordusu Rusiyanın ərazisinə girmədiyi, yalnız dronlarla atəş açdığı üçün Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etməsi inandırıcı deyil. O zaman bütün dünya, hətta Rusiyaya loyal münasibət bəsləyən dövlətlər belə, ilk növbədə də ABŞ, son il yarım ərzində Rusiyanın yanında olmasına baxmayaraq, onun əleyhinə çıxacaqlar. Ona görə də Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyi ehtimalı azdır”.
Nigar Həsənli
Musavat.com






