“Ermənistanda vəziyyət çətindir. Bilirsiniz ki, bu yaxınlarda Yekaterinburqda baş nazirlərin görüşü oldu. Prinsipial söhbət aparıldı və Ermənistanın öz mövqeyini müəyyənləşdirməli olduğu dəqiq şəkildə bildirildi. Qlobal qeyri-sabitlik şəraitində Ermənistanın sağ qalma şansı Rusiya ilə dostluq və Aİİ-yə üzvlüyünü qorumaqdır”.
Musavat.com xatırladır ki, bunu rusiyalı senator Vladimir Cabarov deyib.

“Biz konkret addımları izləyəcəyik. Məhsullarını sata bilməyən fermerlər artıq narazılıqlarını bildirirlər. Biz xalqdan qisas almağa hazırlaşmırıq, amma başa düşməliyik ki, bizim öz maraqlarımız var”, - Cabarov bildirib.
Məlumdur ki, Rusiya Ermənistandan bir çox məhsulun idxalına qadağa qoyub. Son olaraq da süd məhsullarının. Belə bir gərgin vaxtda isə Nikol Paşinyanın Rusiyanın daha bir adamını qandallamağa hazırlaşdığı məlum olub. Ermənistan mediasının məlumatına görə, Mərkəzi Seçki Komissiyası "Güclü Ermənistan" blokunun siyasi şurasının üzvü, erməni əsilli rusiyalı oliqarxı və blok lideri Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın deputat toxunulmazlığından məhrum edib.
Baş Prokurorluq az öncə Narek Karapetyana qarşı cinayət işi açılması və həbs cəzası verilməsi üçün MSK-ya vəsatət təqdim eləmişdi. O, ikili vətəndaşlığını gizlətməkdə və hərbi xidmətdən yayınmaqda ittiham olunur. Artıq revanşist Karapetyanla bağlı cinayət təqibi başlayıb.
Paşinyan bununla Moskvaya hansı mesajı vermək istəyir?
Deputat Azər Badamov hesab edir ki, Paşinyan Yekaterinburq görüşündə Moskvanın xəbərdarlıqlarını dinləsə də, siyasi kursunu dəyişmək niyyətində deyil: “O anlayır ki, Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistan üçün ağır iqtisadi nəticələr yarada bilər. Digər tərəfdən, Rusiya da Ermənistanı bu birlikdən çıxarmaq üçün hüquqi mexanizmə malik deyil. Məhz buna görə tərəflər arasında hələlik siyasi təzyiq, iqtisadi xəbərdarlıqlar və qarşılıqlı mesajlar mübarizəsi gedir. Paşinyan üçün hazırda əsas prioritet xarici siyasətdən daha çox daxili hakimiyyətini möhkəmləndirməkdir. Məhz buna görə son aylarda müxalif düşərgəyə qarşı hüquqi və siyasi təzyiqlərin intensivləşdiyini müşahidə edirik”.
Onun sözlərinə görə, müxalifətdən seçilmiş deputatların mandatlarının ləğvi, toxunulmazlıqlarının aradan qaldırılması, cinayət işlərinin açılması və həbs təhlükəsi ilə üz-üzə qoyulmaları təsadüfi proses deyil: “Bu addımlar Paşinyanın parlamentdə mümkün müqavimət mərkəzlərini əvvəlcədən neytrallaşdırmaq strategiyasının tərkib hissəsi kimi görünür. Əslində Paşinyan bununla Moskvaya iki mesaj göndərir: Birincisi, Ermənistanın daxili siyasi qərarlarını artıq Kreml müəyyən etməyəcək. İkincisi isə odur ki, İrəvan Rusiyanın təzyiqlərinə baxmayaraq, öz siyasi kursunu müstəqil şəkildə müəyyənləşdirmək niyyətindədir. Lakin bu siyasətin qiyməti də kifayət qədər yüksək ola bilər. Rusiya Ermənistan üçün hələ də əsas ticarət tərəfdaşlarından, enerji təminatçılarından və təhlükəsizlik sisteminin mühüm elementlərindən biridir. Buna görə də Moskvanın iqtisadi və siyasi təzyiq imkanları kifayət qədər geniş olaraq qalır”.

Deputata görə, Kreml Paşinyanı geri addım atmağa məcbur etməyə çalışır, amma baş nazir geri çəkilməyərək həm daxili auditoriyaya, həm də xarici tərəfdaşlarına Ermənistanın müstəqil qərarlar qəbul edən dövlət olduğunu nümayiş etdirmək istəyir: “Qarşıdakı aylarda bu siyasi qarşıdurmanın hansı tərəfin xeyrinə dəyişəcəyini isə həm Ermənistanın daxili siyasi prosesləri, həm də regionda formalaşacaq yeni geosiyasi reallıq müəyyən edəcək”.
Cavanşir Abbaslı
Musavat.com





