Yaxın Şərqdə gərginlik hər dəfə pik həddə çatanda maraqlı, amma artıq təkrarlanan bir mənzərə ortaya çıxır: İsrail və ya ABŞ qırıcıları İranın – yaxud onun nəzarət etdiyi ərazilərin – hava məkanına daxil olur, ən həssas hərbi obyektləri, radar stansiyalarını, raket istehsalı mərkəzlərini hədəfə alır və demək olar ki, ciddi itki vermədən geri qayıdırlar.
Dövlət televiziyalarında onilliklər boyu “məğlubedilməz” hərbi gücdən, yeraltı raket şəhərlərindən danışan İran niyə öz səmasını qoruya bilmir? Niyə İranın Hava Hücumundan Müdafiə sistemləri ən kritik anlarda faktiki olaraq iflic vəziyyətinə düşür və xarici qırıcılar ölkənin dərinliklərinə qədər irəliləyə bilir?
Bu sualın arxasında emosional yox, sərt hərbi-texnoloji reallıq dayanır. İranın səmasının bu qədər həssas olmasının bir neçə fundamental səbəbi var.
Qırx illik sanksiyaların gətirdiyi texnoloji boşluq
Müasir müharibədə hava məkanını qorumaq üçün təkcə yerüstü zenit sistemləri kifayət etmir. Onları havada dəstəkləyən, hava üstünlüyü yaradan müasir qırıcı aviasiya lazımdır. İranın Hərbi Hava Qüvvələri isə əsasən keçmiş dövrün platformalarına söykənir. 1979-cu il İslam İnqilabından sonra Tehran Qərbdən hərbi texnika ala bilmir. Bu gün İran ordusunun döyüş parkının əsasını şah dövründə ABŞ-dan alınmış F-4 Phantom II və F-14 Tomcat qırıcıları təşkil edir. İran müxtəlif yollarla bu təyyarələri istismarda saxlayıb, modernləşdirməyə çalışıb, lakin platformanın özü 1970-ci illərin texnologiyasıdır.
Müasir hava müharibəsi isə artıq beşinci nəsil qırıcılar, rəqəmsal avionika və şəbəkə-mərkəzli idarəetmə üzərində qurulub. Bu fərq yalnız statistikada deyil, real əməliyyat şəraitində özünü göstərir. Köhnə platformalarla yeni nəsil qırıcıların qarşılaşması balanslı duel deyil.
“Stealth” və elektron müharibə amili

İsrail və ABŞ Hərbi Hava Qüvvələri regionda texnoloji baxımdan ciddi üstünlüyə malikdir. Xüsusilə İsrailin arsenalında olan F-35 Adir qırıcıları hava əməliyyatlarının xarakterini dəyişib. Bu təyyarələrin əsas üstünlüyü aşağı radar görünürlüğü və inkişaf etmiş elektron müharibə imkanlarıdır. İranın köhnə radar sistemləri belə platformaları ya gec aşkar edir, ya da ümumiyyətlə stabil izləyə bilmir. Lakin məsələ təkcə “görünməzlik” deyil. Müasir əməliyyatlarda zərbədən əvvəl elektron müharibə mərhələsi gəlir. Radar sistemlərinə müdaxilə edilir, rabitə kanalları qarışdırılır, hava hücumundan müdafiə şəbəkəsinin koordinasiyası zəiflədilir. Müdafiə sistemi fiziki olaraq məhv edilməzdən əvvəl informasiya baxımından neytrallaşdırılır.
“S-300” mifi və müdafiə çətirinin məhdudiyyəti

İran uzun illər hava təhlükəsizliyini Rusiyadan aldığı S-300 kompleksləri üzərində qurduğunu bəyan edirdi. Daha sonra yerli istehsal kimi təqdim olunan Bavar-373 sistemi ön plana çıxarıldı. Kağız üzərində bu sistemlər uzun mənzilli hədəfləri aşkar edib məhv etmək qabiliyyətinə malikdir. Lakin müasir standoff silahları – yəni təhlükəsiz məsafədən buraxılan yüksək dəqiqlikli raketlər – hava məkanına dərin girmədən radar və komanda məntəqələrini hədəfə ala bilir. Əgər radarın özü hədəfə çevrilirsə, müdafiə zəncirinin ən həssas halqası artıq aşkar olunmuş sayılır.
Çarəsizlikdən doğan strategiya

İran hərbi rəhbərliyi hava məkanındakı zəifliyi yaxşı anlayır. Məhz buna görə Tehran son illərdə müdafiə sistemlərindən daha çox hücum potensialına sərmayə yatırıb. Ballistik raket proqramı, uzaqmənzilli zərbə vasitələri, kütləvi istehsal edilən kamikadze dronlar – xüsusilə “Şahed” tipli PUA-lar – bu strategiyanın nəticəsidir. İran klassik hava üstünlüyü modelini seçməyib. O, asimmetrik çəkindirmə modelinə üstünlük verib.
Mesaj aydındır: səmanı tam bağlaya bilməsəm də, cavab zərbəsi ilə qarşı tərəfin riskini və qiymətini artıraram.
Bugünkü reallıq budur ki, müasir müharibədə səma üzərində nəzarət texnologiya yarışıdır. Sürət, görünməzlik və elektron üstünlük həlledici rol oynayır. Sanksiyalar altında olan və aviasiya parkı köhnəlmiş bir dövlət üçün bu tempə çatmaq çətindir. Yeraltı raket şəhərləri strateji çəkindiricidir. Amma səma üzərində təşəbbüs başqasının əlindədirsə, risk həmişə qalır. İranın əsas problemi də məhz budur – güclü hücum potensialı ilə zəif hava qalxanı arasındakı balanssızlıq. Bu gün İran - İsrail - ABŞ gərginliyində İranın ən yumşaq qarnı onun hava məkanıdır. Sanksiyalar səbəbindən köhnəlmiş texnika, müasir qırıcıların yoxluğu və rəqibin inanılmaz texnoloji üstünlüyü Tehranı səma döyüşlərində şanssız qoyur. Nə qədər ki, ölkənin iqtisadiyyatı sanksiyalar altındadır və texnologiya geriliyi davam edir, İranın səması "dəvətsiz qonaqlar" üçün açıq qapı olaraq qalacaq. Və yerdəki raketlər nə qədər güclü olursa olsun, səması kor olan ölkənin müasir müharibədə qalib gəlmək şansı yoxdur.
Məhəmməd Türkmən / Musavat.com






