İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə, seçkilər və gizli planlar, regionu nə gözləyir?  

933 02.03.2026 13:24 Dünya A A

Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İsrail və İran arasında qarşılıqlı hava və raket zərbələri davam edir, tərəflər bir-birini daha sərt cavabla hədələyir. ABŞ-nin bölgədəki hərbi qüvvəsi və İranın regional müttəfiqlərinin prosesə qoşulması münaqişənin miqyasını genişləndirir.

Analitiklərin fikrincə, hadisələrin uzanması həm region ölkələri, həm də qlobal güclər üçün ciddi siyasi və iqtisadi nəticələr verə bilər. Körfəz ölkələri təhlükəsizlik tədbirlərini gücləndirib. Bütün diqqətlər indi tərəflərin atacağı növbəti addıma və mümkün danışıqlar perspektivinə yönəlib. Hazırda isə əsas sual budur-müharibə qısamüddətli olacaq, yoxsa region uzunmüddətli qarşıdurma mərhələsinə keçəcək?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Musavat.com-a regiondakı vəziyyəti şərh edib, prosesin Azərbaycana təsirləri ilə bağlı proqnozlarını bölüşüb:

“Hazırkı əməliyyat ötən ilin yayındakı 12 günlük müharibənin davamı sayılır çünki həmin  müharibə zamanı İsrail və ABŞ qarşılarına qoyduqları hədəflərə tam çatmamışdılar-İranın raket istehsalı bazalarını vura bilməmişdi, nüvə obyektlərinin hamısının vurulduğu bəyan edilsə də, sonradan bu təsdiqini tapmadı, eləcə də Ayətullah Seyid Əli Xameneinin ölümünü hədəfləsələr də, buna nail ola bilmədilər, bu dəfə isə bu baş tutdu, o cümlədən bir çox SEPAH liderinin vurulması və s. müharibənin davam etdiyini göstərir. Mənə elə gəlir ki, bu müharibə qısamüddətli olacaq. Donald Tramp müharibənin 3-4 həftə sürəcəyini bəyan edib. Əks halda, bu, ABŞ və İsraildə siyasi gərginliyi artıra bilər. ABŞ Konqresində demokratlar müharibəyə qarşıdırlar. Müharibənin uzanması ABŞ-nin regional imicinə təsir göstərir və qarşısına qoyduğu hədəfləri yerinə yetirə bilməməsi deməkdir. Təxminən 10 gün öncə Demokratlar Partiyasının nümayəndəsi Trampa üz tutaraq deyib ki, ötən müharibədə nüvə obyektlərinin hamısının sıradan çıxarıldığı bildirilib, bəs bu dəfə hansı əsasla İrana hücum edilib? Deməli, ABŞ Konqresində və yüksək dairələrdə İrana hücum əməliyyatını qəbul etməyənlər var.

Bu məsələ perspektivdə Respublikaçıların siyasi nüfuzuna təsir edə və ölkədaxili məsələlərdə problem yarada, qarşıdan gələn seçkilərdə diqqət çəkə bilər. Yeri gəlmişkən, Əraqçi bildirib ki, danışıqlar masasını Tramp bombaladı. Əgər ABŞ və İran arasında danışıqlarla bağlı təmas olmazsa, bu, Tramp üçün impiçment məsələsini gündəmə gətirə bilər. Eləcə də bu ilin noyabr ayında İsraildə parlament seçkiləri keçiriləcək. Əgər bu aksiya nəticə verməsə, yəni yeni hakimiyyət quruluşuna nail olunmazsa, başqa sözlə, ABŞ-nin arzuladığı şəxslər hakimiyyətə gəlməsə, İsraildə Benyamin Netanyahu hökuməti üçün də problem yarana bilər, müxalifət onları İranla münasibətlərin normallaşmasında bacarıqsızlıq göstərməkdə ittiham edər və seçkini uduza bilərlər. Buna görə də hazırkı hədəf aksiyanın tezliklə başa çatması və İrandakı yeni qüvvələrlə danışıq aparılmasıdır. Nə ABŞ, nə də İsrail İrana qarşı quru əməliyyatı keçirib, rayon və kəndlərdə hakimiyyəti dəyişə bilməz. İranda onlara müqavimət göstərə biləcək çox güclü ordu var. SEPAH hələ də güc faktorudur, mövcud rejimin onurğa sütunudur. Hesab edirəm ki, liderlər tədricən sıradan çıxarılır və ən zəif lider seçiləndə onunla danışıqlar apara bilərlər”.

Sədrəddin Soltan: "İranın nüvəyə sahib olması Ön Asiyada faciəyə səbəb ola  bilər"

S.Soltanın fikrincə, müharibənin uzun müddət davam etməsi İranın da marağında deyil: “İran regionda ABŞ və İsrailə aid bazaları nə zamana qədər vura biləcək? Körfəz ölkələri də İrana cavab verməyə başlasa, o zaman İranın vəziyyəti tamam fərqli olacaq. Hər iki tərəf üçün müharibənin qısa zamanda bitməsi və danışıqların başlaması daha məntiqli olar. Bundan əvvəlki 3 raundda İran ABŞ-nin şərtlərini qəbul etmirdi. ABŞ iddia edir ki, İranı vurmasa idi, İran nüvə silahı ilə hücum edəcəkdi”.

O ki qaldı regional proseslərin Azərbaycana təsirlərinə, S.Soltan vurğulayıb ki, Azərbaycan ilə İran arasında 44 günlük Vətən müharibəsindən sonra vəziyyət son zamanlar normallaşmağa başlayıb: “Fevralın 23-də Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur. Eyni zamanda Rəşt-Astara dəmiryolu xəttinin tikintisinin başa çatdırılması gündəmdədir. Bu layihə uzun illərdir ki, yarımçıq qalıb. Bütün hallarda nəqliyyat infrastrukturlarının reallaşması İran üçün də, Azərbaycan üçün də faydalıdır. İranla Azərbaycan arasında ticarət əlaqəsi var. Ticarət dövriyyəsinin həcmi böyük olmasa da, İranda istehsal olunan mallar Azərbaycan istehlakçıları üçün əlverişlidir. Bundan başqa, Güney Azərbaycan türklərinin varlığının qorunması Azərbaycan Respublikası üçün vacib məsələdir.

Prezident İlham Əliyev bəyan edib ki, İranda yaşayan soydaşlarımızın dil məsələsi xarici siyasətimizin prioritetidir. Digər tərəfdən qonşu ölkədə sabitlik, inkişaf Azərbaycan üçün də təhlükəsizliyin təminatı deməkdir. Bütün hallarda Azərbaycan İranla bağlı problemlərin qısa müddətdə həllində maraqlıdır. Əgər Güney Azərbaycan əraziləri bombalanarsa, Azərbaycan qaçqın problemi ilə üzləşə bilər. Humanitar yardıma ehtiyac olarsa, Azərbaycan bunu təmin etməlidir. İran tərəfinin Azərbaycanın hər hansı ərazisini bombalaması, yaxud raket hücumu etməsi qeyri-mümkündür. Çünki Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində heç bir üçüncü qüvvənin hərbi qüvvəsi yoxdur və ölkəmizin ərazisi plasdarm olmayacaq. Ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı ilə telefon danışığında bu mövzunu müzakirə edib və bildirib ki, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil”.    

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR