İnsanlara hürriyət, millətlərə istiqlal!

Muzey Mərkəzində “Azərbaycan Təsviri Sənətinin İnciləri. Qızıl Kolleksiya” sərgisinin açılışı olub  

352 08.07.2026 15:38 Mədəniyyət A A

Muzey Mərkəzində “Azərbaycan Təsviri Sənətinin İnciləri. Qızıl Kolleksiya” sərgisinin açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, sərgi Azərbaycan Dövlət Rəsm Qalereyası ilə BP şirkətinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

Sərginin məqsədi Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunan milli təsviri sənətimizin ən dəyərli nümunələrini nümayiş etdirmək, müxtəlif nəsilləri təmsil edən görkəmli rəssam və heykəltəraşların yaradıcılığını sənətsevərlərə təqdim etməkdir.

Tədbirdə çıxış edən BP-nin Xəzər bölgəsi üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət uzun illərdir təhsil, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyi layihələrlə cəmiyyətin inkişafına töhfə verir.

“Son iki ildə mədəniyyət istiqamətində də mühüm layihələr reallaşdırmışıq. Azərbaycanın zəngin mədəni irsinin qorunması və tanıdılması məqsədilə beş sərgi zalının müasir texnologiyalar əsasında yenidən qurulmasını həyata keçiririk. Bu zallarda 100-ə yaxın rəsm əsərinin nümayişi nəzərdə tutulur. Layihəyə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm”, – deyə o vurğulayıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə çıxışında bildirib ki, Muzey Mərkəzində həyata keçirilən yenidənqurma layihəsi milli təsviri sənət irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verəcək.

Onun sözlərinə görə, sərgi zalları əsaslı şəkildə yenilənib, ekspozisiya müasir və innovativ texnologiyalar əsasında qurulub. Yenilənmiş ekspozisiyada Azərbaycan təsviri sənətinin görkəmli ustalarına məxsus 80-ə yaxın heykəltəraşlıq əsəri nümayiş etdirilir. Bu əsərlər milli təsviri sənətimizin müxtəlif inkişaf mərhələlərini əks etdirərək ziyarətçilərə zəngin bədii irsimizi yaxından tanımaq imkanı yaradır.

Qeyd edək ki, sərgi sentyabrın 15-dək davam edəcək. Ziyarətçilər burada Azərbaycan təsviri sənətinin ən dəyərli nümunələri ilə tanış olmaq, onların tarixi və estetik əhəmiyyətini daha yaxından kəşf etmək imkanı əldə edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR