ABŞ İrana qarşı hərbi əməliyyat zamanı Avropadakı hərbi bazalardan təxminən 4-5 min uçuş həyata keçirib.
NATO-nun baş katibi Mark Rutte bu barədə "Financial Times" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu fakt Avropanın Vaşinqtonun hərbi müttəfiqi kimi mühüm rol oynadığını nümayiş etdirib və Avropa ölkələrinin öz öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib. Mark Ruttenin bu açıqlaması prezident Donald Trampın uzun zamandır Avropadakı müttəfiqlərdən narazılığı ilə ziddiyyət təşkil edir. Tramp dəfələrlə bəyan edib ki, NATO üzvləri olan Avropa dövlətləri İran məsələsində yaxalarını kənara çəkdilər.
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Ruttenin açıqlaması xüsusilə ABŞ Prezidenti Donald Trampın son illərdə NATO müttəfiqləri barədə səsləndirdiyi sərt tənqidlər fonunda mühüm əhəmiyyət daşıyır: “Tramp dəfələrlə Avropa ölkələrini ABŞ-nin təhlükəsizlik yükündən istifadə etməkdə, lakin kifayət qədər məsuliyyət daşımamaqda ittiham edib. Onun fikrincə, Avropa dövlətləri müdafiəyə lazımi vəsait ayırmır və Vaşinqtonun hərbi imkanlarından faydalanaraq öz üzərlərinə düşən yükü ABŞ-yə ötürürlər.
Son İran əməliyyatı zamanı da Trampı Avropa müttəfiqlərinin prosesdən kənarda qalmasına işarə etmişdi. Lakin Mark Ruttenin açıqladığı faktlar göstərir ki, məsələ yalnız birbaşa döyüş əməliyyatlarında iştirakla ölçülmür. Müasir hərbi əməliyyatlarda logistika, hava nəqliyyatı, yanacaq təminatı, komanda-idarəetmə sistemi, kəşfiyyat məlumatlarının ötürülməsi və bazaların istifadəsi ən azı döyüş meydanındakı fəaliyyət qədər əhəmiyyətlidir.
ABŞ-nin Avropadakı bazaları olmadan Yaxın Şərq istiqamətində bu qədər genişmiqyaslı hava əməliyyatlarını həyata keçirməsi olduqca çətin olardı. Almaniya, İtaliya, Böyük Britaniya, İspaniya və digər Avropa ölkələrində yerləşən NATO infrastrukturu uzun illərdir ABŞ-nin qlobal hərbi strategiyasının ayrılmaz hissəsidir. Bu bazalar təkcə hərbi texnikanın yerləşdirilməsi üçün deyil, həm də əməliyyatların koordinasiyası, təchizatın daşınması və şəxsi heyətin rotasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Ruttenin açıqlaması həm də NATO daxilində "görünən" və "görünməyən" iştirak anlayışlarını yenidən gündəmə gətirir. Döyüş təyyarələrinin havaya qalxması, raket zərbələri və xüsusi əməliyyatlar medianın diqqət mərkəzində olsa da, onların arxasında minlərlə uçuş, yüzlərlə logistika əməliyyatı və mürəkkəb infrastruktur dayanır. Baş katibin açıqladığı 4-5 min uçuş məhz bu görünməyən dəstəyin miqyasını nümayiş etdirir”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, Ruttenin bəyanatı göstərir ki, Avropa ölkələrinin NATO-ya töhfəsi yalnız büdcə göstəriciləri ilə ölçülə bilməz. ABŞ-nin qlobal əməliyyatlarının uğurunda Avropanın coğrafi mövqeyi, hərbi infrastrukturu və siyasi dəstəyi həlledici rol oynayır: “Əgər Avropa bazaları olmasaydı, ABŞ Yaxın Şərq, Şimali Afrika və hətta Hind-Sakit okean istiqamətində hərbi planlaşdırmasını yenidən qurmalı olardı.
Bu hadisə NATO daxilində qarşılıqlı asılılığın nə qədər yüksək olduğunu da nümayiş etdirir. ABŞ Avropanın təhlükəsizliyinə nüvə çətiri və hərbi imkanlarla təminat verir, Avropa isə Vaşinqtona qlobal əməliyyatlar üçün strateji dayaq rolunu oynayır. Başqa sözlə, alyans daxilində münasibətlər birtərəfli deyil, qarşılıqlı maraqlar üzərində qurulub.
İran ətrafında baş verən son hadisələr göstərdi ki, NATO müttəfiqlərinin iştirakı yalnız döyüş meydanında görünən qüvvələrlə məhdudlaşmır. Mark Ruttenin açıqladığı rəqəmlər ABŞ-nin hərbi gücünün arxasında Avropanın geniş logistika və infrastruktur imkanlarının dayandığını göstərir. Bu isə Donald Trampın Avropa müttəfiqlərinin tam passiv qalması barədə arqumentlərini müəyyən dərəcədə zəiflədirsə də, müdafiə xərclərinin artırılması və yükün daha ədalətli bölüşdürülməsi ilə bağlı müzakirələrin davam edəcəyini də istisna etmir. Ruttenin açıqlaması göstərir ki, İran əməliyyatı zamanı NATO daxilində görünməyən əmək bölgüsü olub. ABŞ əsas zərbə qüvvəsi rolunu oynadı, Avropa isə həmin qüvvənin fasiləsiz fəaliyyətini təmin edən strateji platforma funksiyasını yerinə yetirdi”.
Etibar Seyidağa,
Musavat.com






