İnsanlara hürriyət, millətlərə istiqlal!

““Neftçi”də rusiyalı futbolçu ola bilməz”-Ukraynalı baş məşqçi

1347 17.01.2026 16:17 Ölkə A A

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına - sport.ua saytına müsahibə verib.

Musavat.com xəbər verir ki, ukraynalı baş məşqiçi klubun bugünlərdə start götürəcək ikinci dövrə planlar haqda bir sıra açıqlamalar verib.

Ruslara qarşı döyüşən ukraynalı "Neftçi"dən 85 min manat alacaq - Yuri Vernidub kimdir?
Bəllidir ki, ötən ilin sonunda "Neftçi "Lokomotiv"in akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Memoranduma əsasən, tərəflər gənc futbolçuların yetişdirilməsi sahəsində təcrübə mübadiləsi aparacaq və Azərbaycan və Rusiyada turnirlər təşkil edəcəklər. Ukraynalı baş məşqçi Yuri Vernidubun "Neftçi" ilə 1,5 illik müqavilə imzaladıqdan bir neçə gün sonraya təsadüf edən bu müqavilə Ukraynada ciddi rezonans doğurub. Rusiyanın "Lokomotiv”lə əməkdaşlıq memorandumunu açıqlaması və əvvəlki illərdə Rusiyada turnirlərdə iştirak etməsi, Vernidubun baş məşqçi qərarı Ukraynada tənqid obyektinə çevirib.
Ukrayna nəşri də Vernudubdan bu məsələni soruşub. Baş məşqçi yayılmış iddiaları təkzib edib: “Burada jurnalistlər məlumatı şişirdiblər. Bəzi KİV-lər yazıb ki, guya mən Moskvaya gedəcəyəm. Bu, ağlasığmazdır. Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Mənim bununla nə əlaqəm var?” Vernedub onu da deyib ki, hazırda Ukraynadan futbolçu transferi ilə bağlı planı yoxdur: “Burada yalnız “Çernomorets”in keçmiş yarımmüdafiəçisi Andrey Ştoqrin oynayır. O, hazırlıqlarda iştirak etdi və məndə çox yaxşı təəssürat bağışladı. İndi o, əsas komandaya sifariş olunacaq”.

Daha maraqlısını baş məşqçi bundan sonra deyib: “Əsas komandada bir nəfər də olsun rusiyalı yoxdur və ola da bilməz. Gənclər komandalarında isə yalnız azərbaycanlılar çıxış edirlər. Mən burada Ukrayna dilində danışıram, sözlərimi isə futbolçulara və ya həmsöhbətə tərcüməçi çatdırır”.

Musavat.com xatırladır ki, Yuri Vernidub 1966-cı il yanvarın 22-də Ukraynanın Jitomir şəhərində anadan olub. Futbolçu karyerasına yerli “Spartak”da başlayan Vernidub “Kolos” (Nikopol), “Dnepr” (Dnepropetrovsk), “Prikarpatye”, “Matellurq” (Zaporojye), “Kemnitser” (Almaniya), “Torpedo” (Zaporojye) və “Zenit” (Sankt-Peterburq)  klublarında çıxış edib.
“Zenit”lə Rusiya Kubokunun qalibi (1999) və UEFA İntertoto Kubokunun finalçısı (2000) olan Vernidub 1989 və 1990-cı illərdə “Metallurq”un heyətində “Neftçi”yə qarşı oynayıb.
Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye, 2001-2002, 2005-2009), “Zarya” (Luqansk, 2010-2019), “Krivbass” (2022-2025), Belarusda “Şaxtyor” (Soliqorsk, 2019-2020), Moldovada “Şerif” (Tiraspol, 2020-2022) klublarında çalışıb. 

Təcrübəli məşqçi “Zarya” ilə Ukrayna Kubokunun finalçısı (2016) və Ukrayna çempionatının bürünc mükafatçısı (2017), “Şaxtyor”la Belarus Superkubokunun finalçısı (2020), “Şerif”lə Moldova çempionu (2021, 2022), Moldova Kubokunun (2021) və Superkubokunun (2021) finalçısı, “Krivbass”la Ukrayna çempionatının bürünc mükafatçısı (2024) olub.

“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı isə Avropa Liqasının qrup mərhələsinə yüksəldən mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR