İranın ali dini lederinin taleyi məlumdur, bəs oğlunun varisi olacağı deyilən Müctəba haradadır?
İRNA dövlət agentliyi İran Müdafiə Şurasının katibi Əli Şamxaninin və SEPAH-ın baş komandanı Məhəmməd Pakpurun öldürüldüyünü təsdiqləyib.
Musavat.com xəbər verir ki, agentlik Ayətullah Əli Xameneinin ölümündən sonra İran prezidenti, məhkəmə sisteminin rəhbəri və Keşikçilər Şurasının üzvünün ölkəyə müvəqqəti rəhbərlik edəcəyini açıqlayıb.
Tramp administrasiyası və İsrail İranın ali dini rəhbəri Ayətullah Xameneini öldürməklə hazırlanmış planın ilk mərhələsini icra etdi. Bildirilirdi ki, ABŞ hakimiyyəti uzunmüddətli müharibəyə deyil, ya ali dini liderin fiziki məhvi, ya da təzyiq yolu ilə onu hakimiyyətdən uzaqlaşdırmaq və yerinə Qərblə münasibətlərdə radikal mövqe tutmayan birini gətirmək variantı üzərində işləyir. Xamnei ilə bərabər onun oğlu Müctəbanın da öldürülməsi barədə “fərman vardı”. Onun da sui-qəsdə məruz qaldığı, amma hazırda sağ olduğu, amma harada saxlandılğı bilinmir. Qısa da olsa, həm Xamneinin, həm də oğlunun həyat yolu haqda məlumatları Musavat.com oxucularına təqdim edirik.
Xamnei-yoxsul ailədən inqilab liderinə...
Seyid Əli 1939-cu il, aprelin 19-da Məşhəddə doğulub.Əslən Ərdəbilin Xamnə kəndindəndir.

Xameneinin öz dediyinə görə, uşaqlığı yoxsul keçib: “Atam məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”. Xamenei doğulduğu ev haqda isə belə deyib: “Ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gələrkən (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu”.
Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum ayətullahül-üzma Milaninin yanında dərsə başlayıb.
Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük şiə alimlərindən bəhrələnmişdir.Atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirdiyindən Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olub. Bəzi ustadlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər.
Xomeyni 16 il Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. Altıncı dəfə tutulanda İranşəhrə sürgün edilir. İslam inqilabı ərəfəsində Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Mütəhhəri, Behişti, Rəfsəncani kimi nüfuzlu şəxslərin iştirakı ilə İslam İnqilabı Şurası təşkil olunur. Xamenei də Xomeyninin göstərişi ilə bu şuraya üzv seçilir.
Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. İslam inqilabının banisi Xomeyninin 1989-cu ildə vəfatından sonra “Xübrəqan” məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei İslam inqilabının rəhbəri seçilir.
Xamenei 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı ali rəhbəri idi. . 1981-1989-cu illərdə İran prezidenti olub. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr şah Məhəmməd Rza Pəhləvidən sonra ən çox vəzifədə olan İran lideridir.
Onun sonunu gətirən İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva vermişdi. Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin, 1999-cu il tələbə, 2009-cu ildə prezident seçkiləri , 2011-2012-ci il , 2017-2018-ci il və 2018-2019-cu il və nəhayət və nəhayət 2025 sonu 2026-ci ilin yanvar etirazlarını xatırlatmaq kifayətdir.
Müctəba: varis, yoxsa…

8 sentyabr 1969-cu ildə şiələrin müqəddəs şəhəri olan Məşhəddə anadan olan Müctəba Xamenei ailənin ikinci oğludur. 1979-cu il İslam inqilabı baş verəndə 10 yaşı olan Müctəba ailəsi ilə Məşhəddən Tehrana köçür. Müctəba Qum dini məktəblərində klassik dini təhsil alıb və orada İslam fiqhi, ilahiyyat və hədis elmlərini öyrənib. Onun müəllimi ən nüfuzlu ayətullahlardan biri olan və mühafizəkar baxışları ilə tanınan Mesbah Yəzdi idi. Müctəba orada həm ümumi, həm də dini təhsil alıb və 1987-ci ildə məzun olub. Müctəba təkcə ilahiyyatla kifayətlənməyib, həm də ölkənin gələcək mənəvi və hərbi liderləri arasında öz ardıcılları şəbəkəsini (komandasını) qurmağa başlayıb.
Onun gücü təkcə ailə əlaqələrindən deyil, həm də ali rəhbərin idarəetmə ofisində oynadığı roldan qaynaqlanır. Müctəba Ruhullah Xomeyninin ali rəhbərliyi dövründə onun oğlu Əhməd Xomeyninin roluna bənzər bir rol oynayır - köməkçi, sirdaş, danışıqlarda vasitəçisi...

Müctəbanın ictimai profili həmişə məhdud olub. O, heç bir rəsmi dövlət vəzifəsi tutmur, nadir hallarda müsahibələr verir və mediada az-az görünür. Buna baxmayaraq, atasının ardınca növbəti rəhbər - İranın ali lideri ola biləcəyi ehtimalı səbəbindən onun adı son zamanlar daha çox xatırlanırdı.
Müctəbanın İranın xeyli maliyyə resurslarına sahib olduğunu göstərən dəlillər də var. Məsələn, 2009-cu ildə Böyük Britaniya hökuməti təxminən 1,6 milyard dollar dəyərində bank hesabını dondurdu və bu hesabın ali liderin oğlunun özünün nəzarəti altında olduğu barədə iddialar yayıldı. Müctəba heç bir dövlət vəzifəsinə seçilməməsinə və ya təyin olunmamasına baxmayaraq, ali lideri rəsmi şəkildə təmsil etdiyinə görə sanksiyalara məruz qalıb. ABŞ Maliyyə Nazirliyi iddia edib ki, ali liderin “rəhbərlik vəzifələrinin bir hissəsini Müctəbaya həvalə edib” və onun SEPAH-ın Qüds Qüvvələri və Bəsic komandiri ilə sıx əməkdaşlıq edir. Müctəbanın həmçinin İran İslam Respublikası Yayım (IRIB) təşkilatına nəzarət etdiyi haqda da ehtimallar vardı.
Müctəbanın xüsusən də SEPAH və ideoloji istiqaməti ilə bağlı mühüm qərarların qəbul edilməsində əsas rol oynadığı iddia olunur. Bəzi mənbələr hətta etirazları yatırmaq üçün fəal şəkildə istifadə edilən könüllü korpus olan Bəsicin vəsaitlərinə və əməliyyatlarına nəzarət etdiyini iddia edilir.
Onun Ali dini rəhbər vəzifəsinə namizədliyi İrandakı hətta mühafizəkar dairələrdə birmənalı yanaşmırdı. Konstitusiyaya görə, Ali lider şiə ilahiyyatında nüfuzlu şəxs olmalıdır. O, keçmişinə və təsirinə baxmayaraq, əksər ilahiyyatçıların nəzərində hələ bu statusa yüksəlməyə nail olmayıb.
Musavat.com






