İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümünə fətva verilən Müctəba Xamenei: varis, yoxsa...

2242 25.02.2026 08:38 Siyasət A A

Onun gücü təkcə ailə əlaqələrindən deyil, həm də ali rəhbərin idarəetmə ofisində oynadığı roldan qaynaqlanır

Məlum olduğu kimi, Tramp administrasiyası İranın ali dini rəhbəri Ayətullah Xamenei ilə bərabər onun oğlu Müctəbanın da öldürülməsi variantını nəzərdən keçirir. Bildirilir ki, ABŞ hakimiyyəti uzunmüddətli müharibə  deyil,  ya fiziki məhvi, ya da təzyiq yolu ilə ali dini lideri hakimiyyətdən uzaqlaşdırmaq və onun yerinə Qərblə münasibətlərdə radikal mövqe tutmayan birini gətirmək variantı üzərində işləyir. Lakin qurudan ordu girməsə, Xameneini taxtdan salmağın mümkün olmadığı deyilir. Əli Xameneinin illərdir Qərbin və İsrailin hədəfində olduğu bəllidir, amma Müctəba “qara siyahı”ya indi düşür.

Bu səbəbdən “Persona” rubrikasında bu dəfə barəsində çox da məlumat olmayan Müctəba Xamenei haqda yazacağıq.      

Şiə liderinin oğlu 

8 sentyabr 1969-cu ildə şiələrin müqəddəs şəhəri olan Məşhəddə anadan olan Müctəba Xamenei ailənin ikinci oğludur.  1979-cu il İslam inqilabı baş verəndə 10 yaşı olan Müctəba  ailəsi ilə Məşhəddən Tehrana köçür. Müctəba Qum dini məktəblərində klassik dini təhsil alıb və orada İslam fiqhi, ilahiyyat və hədis elmlərini öyrənib.  Onun müəllimi ən nüfuzlu ayətullahlardan biri olan və mühafizəkar baxışları ilə tanınan Mesbah Yəzdi idi. Onun  təhsil aldığı  şiə məktəbində keçmiş xarici işlər nazirləri Əli Əkbər Vilayəti,  Cavad Zərif, eləcə də keçmiş parlament sədri Qulam Əli Həddad-Adel də təhsil alıb.  Müctəba orada həm ümumi, həm də dini təhsil alıb və 1987-ci ildə məzun olub. Müctəba təkcə ilahiyyatla kifayətlənməyib, həm də ölkənin gələcək mənəvi və hərbi liderləri arasında öz ardıcılları şəbəkəsini (komandasını) qurmağa başlayıb.

Xameneinin oğlunun bu ölkədə 4 milyardı üzə çıxdı

Atasının ofisinin əsas siması

Onun gücü təkcə ailə əlaqələrindən deyil, həm də ali rəhbərin idarəetmə ofisində oynadığı roldan qaynaqlanır. Müctəba Ruhullah Xomeyninin ali rəhbərliyi dövründə onun oğlu Əhməd Xomeyninin roluna bənzər bir rol oynayır - köməkçi, sirdaş, danışıqlarda vasitəçisi... 

Müctəbanın ictimai profili həmişə məhdud olub. O, heç bir rəsmi dövlət vəzifəsi tutmur, nadir hallarda müsahibələr verir və mediada az-az görünür. Buna baxmayaraq, atasının ardınca növbəti rəhbər - İranın ali lideri ola biləcəyi ehtimalı səbəbindən onun adı son zamanlar daha çox xatırlanır.

Onun təsir dairəsi ilə bağlı şayiələr 2000-ci illərin əvvəllərində, xüsusən də Mahmud Əhmədinejadın prezidentliyi dövründə fəal şəkildə yayılmağa başladı. O, İranın keçmiş prezidenti Əhmədinejadla yaxın dostluq münasibətləri saxlayıb. Seçkilərdə qələbəsi əldən gedərkən də Əhmədinejadın ikinci müddətə hakimiyyətə qalmasına səbəb olub.  İran parlamentinin keçmiş spikeri və daha sonra prezidentliyə namizəd olan Mehdi Kərrubi iddia edirdi ki, Müctəba seçkidə əvvəlcə Məhəmməd Bağır Qalibafı dəstəklədikdən sonra Mahmud Əhmədinejada həlledici dəstək verib və bu da  onun yüksəlişinə səbəb olub.  Müctəbanın siyasi proseslərə həlledici müdaxiləsi İran sistemindəki müxtəlif  qruplar tərəfindən xoş qarşılanmayıb və etirazlara səbəb olub...

Müctəbanın İranın xeyli maliyyə resurslarına sahib olduğunu göstərən dəlillər də var. Məsələn, 2009-cu ildə Böyük Britaniya hökuməti təxminən 1,6 milyard dollar dəyərində bank hesabını dondurdu və bu hesabın ali liderin oğlunun özünün nəzarəti altında olduğu barədə iddialar yayıldı. Müctəba heç bir dövlət vəzifəsinə seçilməməsinə və ya təyin olunmamasına baxmayaraq, ali lideri rəsmi şəkildə təmsil etdiyinə  görə sanksiyalara məruz qalıb. ABŞ Maliyyə Nazirliyi iddia edib ki, ali liderin “rəhbərlik vəzifələrinin bir hissəsini Müctəbaya həvalə edib” və onun  SEPAH-ın Qüds Qüvvələri və Bəsic komandiri ilə sıx əməkdaşlıq edir.  Müctəbanın həmçinin İran İslam Respublikası Yayım (IRIB) təşkilatına nəzarət etdiyi haqda da ehtimallar var. 

Müctəbanın xüsusən də SEPAH və  ideoloji istiqaməti ilə bağlı mühüm qərarların qəbul edilməsində əsas rol oynadığı iddia olunur. Bəzi mənbələr hətta etirazları yatırmaq üçün fəal şəkildə istifadə edilən könüllü korpus olan Bəsicin vəsaitlərinə və əməliyyatlarına nəzarət etdiyini iddia edilir.

Varis olmaya bilər - Xomeyninin oğlu kimi...

Buna baxmayaraq, onun  Ali dini rəhbər vəzifəsinə namizədliyi İrandakı hətta mühafizəkar dairələrdə birmənalı yanaşmır.  Konstitusiyaya görə, Ali  lider şiə ilahiyyatında nüfuzlu şəxs olmalıdır. O, keçmişinə və təsirinə baxmayaraq, əksər ilahiyyatçıların nəzərində hələ bu statusa yüksəlməyə nail olmayıb. Bundan əlavə, iranlıların əksəriyyəti də dini lider statusunun Müctəbaya keçməsinə isti baxmırlar. Məhz buna görə də Müctəba  vaxtından əvvəl hədəfə gəlməmək üçün diqqətdən kənarda qalmağa üstünlük verir.

Sadə, təvazökar və...

Zahirən, o, təvazökarlığa üstünlük verir, missiyasına mənəvi  bağlılığını vurğulayır. Lakin analitiklər hesab edirlər ki, bu sadəliyin arxasında İslam İnqilabının davamlılığını qoruyub saxlaya bilən və onu müasir çağırışlara uyğunlaşdıra bilən bir fiqur dayanır. Onun potensial hakimiyyətə yüksəlişi elita daxilində daxili tarazlığı qorumaq və təhlükəsizlik qüvvələrinin, ilk növbədə ABŞ-nin və Avropa Birliyinin terrorçu təşkilat kimi tanıdığı SEPAH-ın rolunu gücləndirmək üçün bir ssenari kimi qəbul edilir.

Müctəba Xameneinin atasından xəbərsiz addımı ÖLKƏNİ QARIŞDIRDI - VİDEO

Müctəbanın gələcəyi ilə bağlı intriqa hələ də qalmaqdadır: o, sadəcə, pərdəarxası nüfuzlu oyunçuya, yoxsa ölkənin əsl rəsmi liderinə çevriləcək? Hər halda, onun adı getdikcə “varis” sözü ilə yanaşı çəkilir.

Onu Xameneidən əvvəl  dini lider olan Xomeyninin ən yaxındakı adamı - oğlu Əhmədlə də müqayisə edirlər. O da atasının ofisində onun ən yaxın adamı idi və yeni dini liderin onun olacağına ümidlər çox idi. Amma onun varis olduğu iddia edilsə də, Xomeyninin yerinə Əhməd deyil,  Əli Xamenei (1989-cu ildə) keçdi. Xomeyni və ailəsi İranın idarəetməsindən  kənarlaşdırıldı. O, sadəcə, 1989-cu ildən etibarən yeni yaradılmış Ali Milli Təhlükəsizlik Şurasında (SNSC) Xameneinin öz nümayəndəsi kimi xidmət etdi. Daha sonra, 1995-ci ildə Əhməd təxminən 50 yaşında ürək tutmasından qəfildən vəfat etdi - bəziləri bu ölümü hələ də şübhəli hesab edir. Müctəba ehtimal ki, bu taledən özü üçün nəticə çıxarıb. Amma indi tərslikdən onun varis olmasını dünyanın ən qüdrətli dövləti olan ABŞ və İranın düşməni İsrail də istəmir. Ona görə əməliyyat masasında Xamenei ilə bərabər oğlunun da infazı (ölüm fərmanı) müzakirə edilir...

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR