İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan vətəndaşlarının Amerika macərası – bir ildə 700-ü deportasiya edilib

1368 25.01.2026 14:35 Dünya A A

Son bir ildə Amerika Birləşmiş Ştatlarından təxminən 700 Özbəkistan vətəndaşı deportasiya olunub.
Musavat.com Gazeta.uz saytına istinadla xəbər verir ki, bu həftə ABŞ-dən 44 Özbəkistan vətəndaşını daşıyan repatriasiya reysi Donald Trampın prezident vəzifəsinin icrasına başlamasından bəri 11-ci olub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, hər bir uçuş Özbəkistan və ABŞ-dəki müvafiq qurumların aylarla davam edən birgə işinin nəticəsidir.

“Dunyo” xəbər agentliyinin məlumatına görə, repatriasiya edilənlərin çoxu sərhədi qanunsuz keçməyə cəhd etdikdən sonra uzun müddət ABŞ immiqrasiya mərkəzlərində saxlanılıb.

Agentlik əlavə edib ki, onlar hökumətə vətənlərinə qayıtmalarına göstərdiyi köməyə görə minnətdarlıqlarını bildiriblər. Bir gənc oğlan ABŞ-yə "maraq və başqalarının hekayələrindən təsirlənərək" getdiyini deyib. Onun xərcləri ümumilikdə 23.000 dollar təşkil edib. "80.000 dollara qədər pul ödəyənlər var", - deyən gənc Özbəkistandan Meksikaya təxminən bir aya çatdığını bildirib. Onun səyahətinin ən çətin hissəsi Meksikada olub. O, ABŞ-yə daxil olmaq üçün meşələrdən və kimsəsiz cığırlardan keçib.
"Amerikaya gəldikdən sonra üç ay müvəqqəti saxlama mərkəzində qaldım. Bəzi insanlar bu mərkəzlərdə illərlə saxlanılırlar. Bu, adamı zehni və fiziki cəhətdən sarsıdan çətin bir sınaqdır. Böyük miqdarda pul qazandıqlarını söyləyən və Amerikaya dəvət edən dost-tanışı olanlara məsləhətim budur: onlara inanmayın. Reallıq tamamilə fərqlidir. Hətta Meksikadan keçsəniz belə, iş tapmaq, sənədlər almaq və sadəcə həyata uyğunlaşmaq olduqca çətindir... Bu qədər pulu xarici ölkədə qanunsuz olaraq, hüquqsuz, zəmanətsiz qalmaq üçün ödəməyə dəyməz", - deyə o bildirib.

Meksikadan ABŞ-yə keçərək 3 ay müvəqqəti saxlama mərkəzində qalan başqa bir deportasiya olunmuş kişi bu avantüraya 20.000 dollar israf etdiyini söyləyib. O, soyuq havada yatdığını, aclıq çəkdiyini, mal-qaraya verilməyəcək yeməklər yediyini təsvir edib. "Bu, insanı daxilən parçalayır. Mərkəzdə oturmaq, əslində, həbsxanada olmaq kimidir. 20.000 dollara. Bu, daha yaxşı həyata aparan yol deyil. Heç kimə bu yolu seçməyi məsləhət görmürəm. Bu, ağrı, qorxu, alçaldılma və tam qeyri-müəyyənlikdir... ", - deyə, kişi peşmanlığını bildirib.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında ABŞ Gömrük və Sərhəd Mühafizəsi (ICE) 13.600-dən çox Özbəkistan vətəndaşının Meksika vasitəsilə ABŞ-yə girməyə cəhd edərkən saxlanıldığını bildirib. Həmin ilin noyabr ayında ABŞ rəsmiləri Meksika vasitəsilə ölkəyə girməyə çalışan Özbəkistan vətəndaşlarının qəbulunu dayandıracağını elan edib.

2024-cü ilin sonlarında ABŞ səfirliyi Özbəkistan vətəndaşlarını ABŞ-yə səyahət etmək üçün "təhlükəsiz və qanuni" yoldan istifadə etməyə çağırıb və qanunsuz yolla gələnlərin "tez bir zamanda çıxarılacağını" bildirib.

Həmin ilin ilk doqquz ayında ABŞ 572 özbəkistanlını deportasiya edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 dəfə çoxdur. ICE həmin ilin sonunda deportasiya siyahısında 975 Özbəkistan vətəndaşının olduğunu bildirib.

Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ qanunsuz immiqrantlara qarşı əməliyyatları genişləndirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR