Gələn ildən etibarən özəl sektorda işçi sayının azalması tendensiyası daha da sürətlənə bilər. Buna səbəb həm yeni vergi yükü, həm də biznes mühitində uzun müddətdir yığılan struktur problemlərdir.
Musavat.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli də mövzu ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, 2025-ci ildən qüvvəyə minəcək yeni vergi tənzimləmələri özəl şirkətləri çətin seçim qarşısında qoyacaq – ya maaşları optimallaşdırmaq, ya da ixtisarlara getmək.
İqtisadçının Musavat.com-a açıqlamasına görə, həm subyektiv, həm də obyektiv səbəblər iş yerlərinin kütləvi azalmasını qaçılmaz edir:
![]()
“Özəl sektorda çalışanların üzərinə əlavə vergi yükünün qoyulması şirkətlərin xərc strukturunu artırır. Bu isə çox zaman veriləcək ilk qərarların ixtisar olmaq ehtimalını yüksəldir. Bir çox iş yerlərində artıq bu proseslər görünməyə başlayıb. Eyni zamanda obyektiv səbəblər də var: onlayn ticarətin sürətlə artması, pərakəndə sektorun rəqabətdə geri qalması, mağaza şəbəkələrinin yeni reallığa uyğunlaşa bilməməsi. Xüsusilə geyim və ayaqqabı mağazalarının ard-arda bağlanması bunu açıq göstərir”.
Natiq Cəfərli bildirir ki, hazırkı vəziyyətdə əsas problem sadəcə bazarın transformasiyası deyil, biznesə yaradılan şərtlərin yetərincə əlverişli olmamasıdır:
“Özəl sektora vergi və gömrük güzəştləri, ucuz kreditə çıxış imkanı təqdim edilmədiyi halda bu sahənin ayaqda qalması çox çətinləşir. Əksinə, cərimələrin artması, vergi yükünün ağırlaşması şirkətləri sıxır və onlar fəaliyyətlərini optimallaşdırmağa məcbur olur. Bu isə birbaşa işçilərə təsir edir. Hökumət bu tendensiyanı ciddi şəkildə nəzərə almalıdır, çünki davamlılıq baxımından bu, təhlükəli istiqamətdir”.
Ekspertlərin fikrincə, Azərbaycanda xüsusilə xidmət və pərakəndə sektorunda tənəzzülün ilk əlamətləri artıq görünür. Onlayn alış-veriş platformalarının yüksəlişi fonunda fiziki mağazaların bağlanması işsizliyin artmasına təkan verir. Son aylar Bakının müxtəlif ticarət məkanlarında ard-arda bağlanan mağazaların görüntüləri sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.
İqtisadi araşdırmalar göstərir ki, özəl sektorun zəifləməsi yalnız məşğulluğa təsir etmir, eyni zamanda büdcəyə vergi axınını azaldır, iqtisadi aktivliyi zəiflədir və sosial yükü daha da artırır. Bir çox sahibkar artıq yüksək icarə qiymətləri, satışdakı durğunluq və artan əməliyyat xərcləri fonunda işçi sayını azaltmağa məcbur qaldıqlarını gizlətmirlər.
Şahanə Rəhimli
Musavat.com






