Pakistan-Əfqanıstan sərhədində artan gərginlik beynəlxalq narahatlıq doğurur. Artıq bu qarışdurmaya ard-arda dövlətlər, dünya çapında nüfuzlu sayılan təşkilatlar tərəfindən reaksiyalar verilməkdədir. Tərəflər silahları yerə qoymağa dəvət olunur.
Maraqlıdır ki, bu çağırışçılar sırasında Rusiya da canfəşanlıq göstərməkdədir. O Rusiyakı hazırda Ukraynada daşı-daş üstündə qoymayıb, işğalçılıq savaşının əhatə dairəsini genişləndirməkdədir. Bir sözlə bir dövləti tarixdən silmək niyyətini həyata keçirməkdədir.
Musavat.com xəbər verir ki, Rusiya Prezideni Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın bölgədə baş verən birbaşa döyüş toqquşmalarını ciddi risk kimi qiymətləndirdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya vəziyyətin inkişafını diqqətlə izləyir və Pakistan ilə Əfqanıstan arasında gərginliyin tezliklə səngiyəcəyinə ümid edir. Kreml sözçüsü həmçinin Vladimir Putin ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında planlaşdırılan təmaslardan danışıb. Bu açıqlamalar “özünə umac ova bilmir, başqasına əriştə kəsir” məsəlinə bənzəməkdən başqa cür qəbul olunmur və ikrah hissi doğurmaqdadır.
Bu arada qeyd edək ki, Pakistan baş naziri Şahbaz Şərif Rusiyaya səfər edəcək. Teleqraf.az xəbər verir ki, bu barədə Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Səid Moskva-İslamabad media forumunda çıxışı zamanı bildirib. Komitə rəhbəri səfərin gələn həftəyə planlaşdırıldığını qeyd edib.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-da Rusiyadan daha çox qardaş Türkiyə faktorunu bu məsələdə qabartdı: “Pakistan və Əfqanıstan arasında gərginlik və toqquşmaların baş verməsi arzu olunan deyil. İki müsəlman ölkəsinin münasibətlərinin gərginliyindən 3-cü tərəf istifadə edir. Ona görə də tərəflər maksimum səbrli davranış nümayiş etdirməlidirlər. Rusiyanın bu ölkələr arasında toqquşmalara münasibəti səmimi təsir bağışlamır. Çünki özü 4 ildən artıqdır ki, haqsız olaraq Ukrayna ilə müharibə aparır və bu ölkənin 20 faiz torpaqlarını işğal edib. Belə olduğu halda Putinin Pakistan və Əfqanıstan dövlət başçıları ilə təmaslar quraraq vəziyyətin sabitləşdirilməsinə çalışması geosiyasi maraqlardan qaynaqlanır. Rusiya bu toqquşmalardan öz maraqlarını ifadə etmək üçün yararlanmağa çalışır. Pakistan və Əfqanıstan arasında ədalətli vasitəçiliyi zənnimcə Türkiyə yerinə yetirə bilər. Çünki ötən dövr ərzində Türkiyə sübut etdi ki, regionda sabitliyin qorunmasında maraqlıdır”.
Cavanşir ABBASLI,
Musavat.com






