Çoxdandır Azərbaycan telekanallarına baxmırdım, elə oldu ki, qonaq getdiyim evdə telekanallarımızın içində ən çox hörmət etdiyim İTV-də efirə verilən “Milyonların şousu”na baxası oldum. Düzü, həm məyus oldum, həm də bir az hiddətləndim.
Birincisi, bir çox suallar təxminən heç də hamıya “paraşüt vermək istəməyən” təyyarə ekipajının qoyduğu sual kimiydi. Bu, bir az uzun lətifə olduğu üçün yazmıram, bilənlər bilir. Suallar elə olmalıdır ki, bunun cavabını onu tərtib edəndən başqa kimsələr də bilsin. Elə ona görə də indiyə qədər bu şouda yalnız bir dəfə kimsə 8 min manat qazanıb, yerdə qalanlar isə orta suallara çatmayıb, “paraşür almadan” ələnib gediblər.
Bu, heç. Adama belə cavab verərlər ki, o qədər pulu “Azərbaycanın paytaxtı hansı şəhərdir” və ya “Dünyada ən uzun çay hansıdır” sualının cavabını bilənlərə verə bilmərik, biz o qədər pulu hər şeyi bilənə veririk.
Amma fakt budur ki, dünyada nəinki hər şeyi, heç çox şeyi bilən insan da yoxdur və sırf iştirakçıları dolaşdırmaq, ələmək üçün yüzlərlə qəliz sualın birini qoymaq kifayətdir.
Aparıcı Fatehin həddindən çox danışmasını qırağa qoyuram, amma onun iştirakçıların rəyinə mənfi istiqamətdə təsir etməsini, onları yanıltmasını qeyd etməmək mümkün deyil.
Baxdığım şouda bir epizod oldu. Ortayaşlı bir iştirakçıydı, savadlı olduğu üsyançı Spartakın haralı olduğunu dərhal bilməsindən aydın idi. Amma görün, Fateh bu şəxsi necə doıaşdırdı. Belə bir sual qoyulmuşdu ki, şair Cabir Novruzun 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunmuş ilk şeirinin adı nə olub. Cavab variantları da beləydi: “İlk görüş”, “Ana”, “Məhəbbət”, “Nəsimi”. Adam sualın cavabını bilmirdi.
Əslində bu, yuxarıda xatırlatdığım lətifədə deyilən kimi “paraşüt verməmək” üçün düşünülmüş suallardan biridir. Son yüz ildə yaşayıb-yaratmış yüzlərlə şairin dərc olunmuş ilk şeirlərinin adlarını yadda saxlamaq nə qədər vacib bilgidir ki, insanlar buna xüsusi diqqət yetirib yaddaşa yazsınlar?
İştirakçı da bu sualın cavabını bilmirdi, ona görə də oyunu dayandırmaq istədi. Amma Fareh ondan əl çəkmədi, psixoloji təzyiqə məruz qoydu, fikrinə təsir etdi, iştirakçı əmin olmadığı halda oyunu davam etdirdi, məntiq yürütdü, fəhminə güvəndi və 1-ci cavabı seçdi: “İlk görüş”.
Aparıcı cavabı qəbul edərək, iştirakçının suala düz cavab verdiyini bəyan etmək əvəzinə, yenə danışdı, danışdı, iştirakçını çaşdırdı, onu öz seçimini dəyişdirməyə məcbur etdi. Nəticədə iştirakçı təzədən “Ana” variantını seçdi və uduzdu. Cavab “İlk görüş” imiş.
Başqa sözlə, Fateh oyunçunu bilə-bilə uduzdurdu, onun növbəti mərhələyə keçməsinə, daha yüksək uduş məbləği qazanmasına mane oldu.
İndi bu, nə dərəcədə ədalətlidir? Adam suala cavab verib, sənin də borcun onu qəbul etməkdir, amma imkan vermirsən. Hələ bir də utanmadan soruşur ki, uduzmağınıza görə özünüzü günahlandırırsınızmı.
İştirakçı savadlı və təmkinli adam olduğu qədər də mərifətli adam çıxdı, demədi ki, sizi günahlandırıram, verdiyim düzgün cavabı qəbul etmədiniz, yanlış cavabı zorla sırıdınız və məni uduzdurdunuz.
İntellektual şou belə olmamalıdır. Şou tamaşaçıları əsəbiləşdirməməlidir. Aparıcı oyunçulara nə kömək etməlidir, nə də onlara mane olmalıdır, onları tərəddüdə salmamalıdır.
Bu intellektual şou başqa ölkələrdə istehsal edilir və efirlərə verilir. Onlarda aparıcıların yox, bəsit suallara cavab verə bilməyən iştirakçıların hiddət doğurduğu olur. Məsələn, illər öncə Kənan İşıkın aparıcı olduğu intellektual şouda iştirakçı adi suala cavab verə bilməyəndə, olduqca həlim, səbrli və mədəni adam olan tanınmış aktyor, bir şey bilməyə-bilməyə intellektual oyuna qapılmış şəxsə açıq-aşkar əsəbiləşmişdi.
Heyf ki, bir çox təqlid olunan tele-layihələrdə olduğu kimi, “Milyonların şousu” da bizdə baxımlı alınmır. Bir baxan bir daha baxmaq istəmir. Öz payıma deyirəm.






