Ermənistanın baş naziri Nikol Paşinyan 27 noyabr brifinqində Ermənistan Apostol Kilsəsinin rəhbərinə qarşı sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Paşinyanın sözlərinə görə, II Qaregin (dünyəvi adı Ktariç Nersisyan) kilsənin islahatlarında iştirak etmək üçün bütün imkanlarını tükədib və getməli, “Eçmiədzin taxtını” azad etməlidir.
Bu bəyanata səbəb, arxiyepiskop Arşakın iştirakı ilə yayılan qalmaqallı videonun ekspertiza nəticələrinin nəzərə alınmaması və kilsənin reputasiyasına zərər vurmaqda Katolikosu ittiham edən 10 yepiskopun açıq məktubu olub.
Paşinyan qeyd edib ki, hökumət başçısı kimi yepiskopların addımını qətiyyətlə alqışlayır. O, eyni zamanda üsyankar yepiskoplarla görüşməyə və islahat gündəliyini müzakirə etməyə hazır olduğunu bildirib.
Yerli jurnalistlər bildirib ki, məktubu imzalayanların arasında qalmaqallarla tanınan şəxslər də var — məsələn, “ofşor qalmaqalı”nda adı keçən arxiyepiskop Navasard Köçəyan, eləcə də mətbuatda subaylıq əhdini pozmaqda və digər pozuntularda ittiham olunan Arakel Karamyan və Vazgen Mirzaxanyan.
Paşinyan cavabında bildirib ki, o, hər kəsin şəxsi keçmişini araşdırmaq niyyətində deyil.
Musavat.com






