Ermənistan Respublikasında keçirilən gərgin parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyanın Rusiya Federasiyasına etdiyi ilk rəsmi işgüzar səfər çərçivəsində ikitərəfli münasibətlərin pərdəarxası məqamları üzə çıxmağa başlayıb. Rusiyanın Yekaterinburg şəhərində təşkil olunmuş "Innoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində reallaşan bu görüş, tərəflər arasında yığılıb qalmış bir çox problemli mövzuların müzakirəsi ilə yadda qalıb.
Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hökumətinin rəhbəri Mixail Mişustinlə baş tutan təkbətək danışıqların yekunları barədə mətbuata qısa, lakin kifayət qədər müəmmalı bəyanat verib. Paşinyan iki ölkə arasındakı gərginliyi azaltmağa yönəlmiş bu dialoqu yüksək qiymətləndirib: "Rusiya Federasiyasının hökumət başçısı ilə olduqca açıq, dürüst və dostyana bir söhbətimiz baş tutdu. Görüşün gedişatında bir sıra mühüm razılaşmalar əldə edildi. Lakin mən həmin razılaşmaların konkret detallarını və məzmununu hələlik ictimaiyyətə açıqlamayacağam, çünki onların tam şəkildə həyata keçirilməsini, reallaşmasını gözləyirəm".
Qeyd edək ki, təxminən ay yarım davam edən danışıqlarda Rusiya tərəfi Ermənistanda formalaşacaq yeni hökumətdən rusiyalı investorların hüquqlarının qorunmasını və birtərəfli Qərb meyllərindən uzaq durmağı tələb edib. Ekspertlər Paşinyanın Mişustinlə əldə etdiyi gizli razılaşmaların xüsusilə regional nəqliyyat dəhlizləri, Ermənistan AES-inin gələcəyi və İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki iqtisadi öhdəlikləri ilə bağlı olduğunu ehtimal edirlər. Paşinyanın detalları gizlətməsi isə İrəvandakı daxili siyasi vəziyyət və yeni koalisiya hökumətinin qurulması prosesi ilə əlaqələndirilir.
Musavat.com






