Amerika Birləşmiş Ştatlarında Donald Tramp administrasiyasının ordu rəhbərliyində etdiyi növbəti təyinat ölkədə və beynəlxalq mətbuatda böyük bir siyasi qalmaqala və şoka səbəb olub.
Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu "Washington Post" qəzetinin mətbuata sızdırdığı eksklüziv məlumata görə, Ağ Ev rəhbərliyi 6 yanvar hadisələrində ABŞ Konqresinin (Kapitoliya) binasına təşkil olunan qanlı basqında iştirak etdiyinə görə rəsmən məhkum olunmuş Elias İrizarrini ABŞ Müdafiə Nazirliyində (Pentaqon) çox kritik bir vəzifəyə təyin edib.
Ağ Evin qərarı ilə keçmiş cinayətkar Pentaqonun birbaşa qlobal terrorizmlə mübarizə idarəsində yüksək posta gətirilib. Ən qorxulu və sensasiyalı məqam isə odur ki, bu rəsmi vəzifə Elias İrizarriyə ABŞ ordusunun dünya üzrə həyata keçirdiyi ən məxfi, xüsusi və gizli hərbi əməliyyatların planlarına maneəsiz çıxış və tam giriş hüququ (top secret clearance) qazandırır.
Məlumata görə, Kapitoliya basqını zamanı cəmi 19 yaşı olan və dövlət çevrilişinə cəhddə ittiham edilən İrizarri, inzibati xəta törətdiyini rəsmən etiraf edərək cəzaçəkmə müəssisəsində 14 günlük həbs müddəti çəkib.
Lakin o, 2025-ci ildə hakimiyyətə yenidən gələn Donald Tramp tərəfindən xüsusi fərmanla tamamilə əfv olunaraq təmizə çıxarılıb. ABŞ-ın daxili siyasi analitikləri və müxalif dairələri dövlət binalarını darmadağın edən bir şəxsə ordunun ən gizli kodlarının və anti-terror planlarının etibar edilməsini ABŞ-ın milli təhlükəsizliyinə qarşı qorxulu bir təhdid və görünməmiş bir dövlət rəzaləti kimi qiymətləndirirlər.
Musavat.com






