Rusiya–Ukrayna müharibəsi davam etdikcə bu savaşın Azərbaycan cəmiyyətinə toxunan ağrılı tərəfləri də getdikcə daha çox üzə çıxır. Son aylar mətbuatda Rusiya–Ukrayna müharibəsində itkin düşən və ya həlak olan azərbaycanlılarla bağlı xəbərlər demək olar ki, hər gün yer alır. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, itkin düşənlərin böyük əksəriyyəti müharibəyə Rusiya tərəfdən cəlb olunan azərbaycanlılardır. Ailələr aylarla övladlarından, qardaşlarından, həyat yoldaşlarından xəbər ala bilmədiklərini bildirir, rəsmi qurumların isə bu müraciətlərə aydın cavab verməkdə aciz qaldığı vurğulanır.
Daha düşündürücü məqam isə ondan ibarətdir ki, bu müharibədə yalnız iki slavyan xalqı üz-üzə gəlmir. Məlum olur ki, həm Rusiya, həm də Ukrayna tərəfdən vuruşan azərbaycanlılar var. Beləliklə, faktiki olaraq azərbaycanlılar bu müharibədə bir-birinə qarşı silah qaldırmalı olur. Bu isə həm mənəvi, həm də siyasi baxımdan ciddi suallar doğurur.
Bəs minlərlə kilometr uzaqda gedən bu müharibəyə azərbaycanlıları aparan əsas motivlər nədir? Onlar hansı vədlərə inanaraq, hansı səbəblərlə Rusiya ordusuna yazılır və ya Ukrayna tərəfində döyüşməyə razılaşırlar? Maddi çətinliklər, vətəndaşlıq vədi və miqrant statusu? Təzyiq və ya məcburiyyət iddiaları nə dərəcədə doğrudur?
Musavat.com məhz bu sualların cavabını tapmağa çalışıb.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sayta açıqlamasında bildirib ki, Rusiya–Ukrayna müharibəsi uzandıqca onun acı nəticələrinin yalnız iki slavyan xalqı ilə məhdudlaşmadığı getdikcə daha aydın görünür. Onun sözlərinə görə, bu müharibənin görünməyən, amma ən ağır bədəllərindən birini də azərbaycanlılar ödəyir: ”Artıq faktlarla təsdiqlənən, lakin hələ də yetərincə müzakirə olunmayan bir reallıq var: hər iki tərəfdən – həm Rusiya, həm də Ukrayna ordusunun tərkibində döyüşən azərbaycanlılar həlak olurlar.
Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, ölənlərin böyük əksəriyyəti Rusiya ordusuna yazılaraq Ukrayna cəbhəsinə göndərilən azərbaycanlılardır. Müxtəlif mənbələrdən daxil olan məlumatlara görə, artıq 1500-dən çox azərbaycanlının Rusiya ordusunun tərkibində həlak olması ilə bağlı faktlar mövcuddur. Üstəlik, çoxsaylı itkinlər var. Bu isə məsələnin artıq fərdi faciələrdən çıxıb milli fəlakət miqyası aldığını göstərir”.
Mövzu ilə bağlı araşdırma apardığını deyən R. Arifoğlu bildirir ki, burada sistemli və təhlükəli bir mexanizm işləyir:” Kremlin rəhbərliyi, Rusiya ordusunda xarici vətəndaşların döyüşməsini stimullaşdırmaq üçün faktiki olaraq muzdlu ordu mexanizmi yaradıb. Yüksək maaş vədləri ilə – Azərbaycan pulu ilə təxminən ayda 4000 manat civarında əməkhaqqı təklif edilərək, azərbaycanlıların Rusiya ordusuna yazılması asanlaşdırılır. Əksər hallarda bu proses aldatma üzərində qurulur. İnsanlara deyilir ki, guya onlar döyüşə yox, arxa cəbhə işlərinə – yemək bişirməyə, təminat və logistikaya cəlb olunacaqlar.

Reallıq isə tamam fərqlidir. Bir-iki aylıq qısa “təlim”dən sonra bu insanlar birbaşa cəbhəyə göndərilirlər. Yüksək maaşa aldanan azərbaycanlılar ilk zamanlarda, adətən, birinci maaşlarını alan kimi öz yaşadıqları rayonlardan, ətraflarından qohum-əqrəbanı, tanışları da bu yolla Rusiya ordusuna cəlb etməyə başlayırlar. Üstəlik, təkcə Rusiyada yaşayanlar yox, birbaşa Azərbaycandan gedib orduya yazılanlar da az deyil”.
Media rəhbərinin sözlərinə görə, ən ağrılı məqamlardan biri də budur ki, son vaxtlar bu axına döyüş təcrübəsi olan, Vətən müharibəsindən çıxmış bəzi qazilərimizin də qoşulması müşahidə olunur: ”Nəticə isə dəyişmir. İstər “arxa cəbhə işi” adı ilə aldadılan sadə insanlar, istərsə də birbaşa döyüş üçün gedən peşəkarlar qısa müddət ərzində Ukrayna cəbhəsində həlak olurlar. Ən yaxşı halda onların cəsədi tapılıb ailələrinə verilir. Ən pis halda isə aylarla onlardan xəbər çıxmır. Və çox zaman Rusiya tərəfi kompensasiya ödəməmək üçün həlak faktını ailələrdən gizlədir. Bu isə faciəni daha da dərinləşdirir.
Digər tərəfdə isə Ukrayna ordusunda döyüşən azərbaycanlılar var. Onların sayı yüzlərlədir: təxminən yüz nəfər də həlak olub. Bu şəxslər əsasən Ukrayna vətəndaşı olan azərbaycanlılardır və könüllü şəkildə Ukrayna ordusuna qoşulublar. Onların həlakı Ukrayna cəmiyyətində və mediasında qəhrəmanlıq kimi təqdim olunur, Azərbaycanda isə çox zaman şəhidlik zirvəsi ilə müqayisə edilir. Lakin istənilən halda nəticə dəyişmir – itirilən yenə azərbaycanlı canıdır”.
R. Arifoğlu deyib ki, müharibədə 1500 nəfər azərbaycanlı həyatını itirib: “Bu rəqəm İkinci Qarabağ müharibəsində verdiyimiz şəhidlərin yarısına yaxın, bəlkə də daha çoxdur. Üstəlik, söhbət əsasən gənc nəsildən gedir. Bu faktın miqyasını, onun gələcək demoqrafik, sosial və mənəvi zərbəsini dərk etdikcə faciənin dərinliyi daha aydın görünür.
Artıq bu prosesə “dayan” deməyin vaxtıdır. Azərbaycanlıların gedib başqa dövlətin ordusunda, özü də yad bir müharibədə kütləvi şəkildə həlak olmasının qarşısı alınmalıdır. Bu, təkcə fərdi seçim məsələsi deyil, milli təhlükəsizlik və milli vicdan məsələsidir.
Rusiya–Ukrayna müharibəsinin uzanması Azərbaycan üçün səssiz, amma ağır bir fəlakətə çevrilir. Bu faciə göz görə-görə böyüyür. Və bu prosesə laqeyd qalmaq gələcək nəsillər qarşısında bağışlanmaz məsuliyyətdir”.

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib ki, Rusiya bu müharibə ilə Ukraynanı işğal edib və ukraynalılar özünü müdafiə edir: “Bu baxımdan məsələnin mənəvi və haqq-ədalət tərəfi var. Heç bir halda müharibəyə Rusiya tərəfdən qoşulub döyüşmək olmaz. Çünki şərin yanında durmaq olmaz. Müharibəyə qoşulan azərbaycanlılar yalnız ehtiyac üzündən bunu edirlər. Onlara böyük pullar vəd edilir və şirnikləndirilirlər. Onları işlə təmin edəcəklərini, rəsmi qeydiyyata alacaqlarını deyib aldadırlar. Lakin aralarında Rusiyada yaşayan azərbaycanlılar da var ki, onlar döyüşmək məcburiyyətində qalıblar, müharibəyə getməmək şansları yoxdur.
Təəssüf edirəm ki, insanlarımız başqalarının müharibəsində həyatlarını itirirlər. Rusiya hökuməti döyüşdə iştirak edən muzdlularla bağlı verdiyi heç bir vədə əməl etmir. Onlar müharibədə həlak olandan sonra hamısını itkin kimi qeyd edirlər ki, vəd etdikləri kompensasiyanı onların ailələrinə verməsinlər. Ölən muzdlu döyüşçüləri kütləvi məzarlıqda dəfn edib gizlədirlər. Mən çox təəssüf edirəm ki, bu cür faktlardan sonra yenə də Azərbaycandan oraya döyüşməyə gedən insanlar var”.
Şahanə Rəhimli
Musavat.com






