Musavat.com xəbər verir ki, Kremlin rəsmi kanalları Rusiya Prezidenti Vladimir Putinin “Qərb” qruplaşmasının komanda məntəqələrindən birini ziyarət etməsi ilə bağlı yeni görüntüləri yayıb.
Kadrlarda Putin hərbi forma geyinmiş vəziyyətdə tunelvari keçiddən keçərək komandirlərlə görüşə daxil olur. Kremlin məlumatına görə, prezident burada Baş Qərargah rəisi, Baş Operativ İdarənin rəhbəri, Cənub və Qərb qruplaşmalarının komandanları ilə iclas keçirib.
Kreml bildirir ki, Putin Kupyansk istiqaməti də daxil olmaqla, cəbhənin müxtəlif sahələri üzrə geniş məruzələri dinləyib və əvvəlki müşavirədə qoyulan tapşırıqların “tam yerinə yetirildiyini” söyləyib. O, komanda heyətinin fəaliyyətini yüksək qiymətləndirib və təşəkkür edib.
Ukrayna mediası: “Putin yenə forma geyinib — şou göstərir”
Ukrayna KİV-ləri isə görüntüləri tam fərqli çalarla təqdim edib. Onların yazdığına görə, Putin “yenə özünü generala çevirərək” hərbi forma geyinib və çıxışında Rusiyanın əsas məqsədini “SVO hədəflərinin mütləq icrası” kimi qələmə verib.
Məlumatlarda vurğulanır ki, Kreml Putinin “Qərb” qruplaşmasının guya komanda məntəqəsinə endiyini iddia etsə də, Ukrayna tərəfi bunu növbəti “bunker ziyarəti” adlandırır.
Putinin çıxışından sitat da belə verilir: “Rusiya xalqı sizə ümid edir və ölkənin ehtiyac duyduğu nəticəni gözləyir.”
Ukrayna mediası isə bunu istehza ilə şərh edir: “25 ildir seçkisiz hakimiyyətdə oturan Putin Ukrayna rəhbərliyini ‘cinayətkar qruplaşma’ adlandırır.”
Putinin Kiyev rəhbərliyinə hücumu: “Qızıl qablarda oturub ölkəni düşünmürlər”
Putin çıxışında Ukrayna hakimiyyətini “legitim olmayan”, korrupsiyaya bulaşmış qrup adlandırıb və iddia edib ki, “onlar ölkənin taleyini düşünmək əvəzinə qızıl qablarda oturub korrupsiya ilə məşğuldurlar”.
Ukrayna mediası buna cavab olaraq qeyd edir ki, bu sözləri “25 ildir seçki görməyən, hakimiyyəti şəxsi mülkə çevirən bir liderin söyləməsi ironiyanın zirvəsidir.”
Görüntülər rezonans doğurdu
Putinin hərbi geyimdə yayılan videosu sosial şəbəkələrdə geniş müzakirə edilir. Tənqidçilər bunu “daxili auditoriyaya yönəlik PR gedişi” adlandırır, Ukrayna tərəfi isə kadrlarda Putinin “təhlükəsiz bunker zonasında” çəkildiyini iddia edir.
Musavat.com






