Təxminən ay yarım sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin 4 ili tamamlanacaq. Lakin şimal qonşumuz hələ də düşdüyü “bataqlıqdan” necə çıxacağını bilmir.
Müstəqil hərbi ekspertlərə görə, işğalçı ordunun irəliləməsi sentyabr ayı ilə müqayisədə minimuma düşüb. Müharibə uzandıqca isə sövq-təbii onun xərcləri də artır və hər şeydən əvvəl ölkə iqtisadiyyatı daha da ağırlaşan “yükün” altında təntiyir.
Bu arada Kremlin danışmanlarından və ideoloqlarından sayılan, avrasiyaçı-filosof Aleksandr Duqin kifayət qədər bədbin açıqlama verib. O, prezident Putini təcili şəkildə sərhədləri bağlamağa və milyonluq ordu toplamağa çağırıb.
Sitat: “Bu ilin rus ili olub-olmayacağını, qələbəyə doğru gedib-getməyəcəyimizi qarşıdakı aylar müəyyən edəcək. Yaxud Rusiya məhv olacaq. Tez-tez çağırış etdiyim tam səfərbərliyin vaxtı artıq gəldi. Ordu qarşıdakı aylarda bir milyon nəfərə çatdırılmalıdır. Bunu prezident Putindən xahiş etmişəm. Əminəm ki, xahişim eşidiləcək”.
Putin ümum-Rusiya səfərbərliyinə qərar verərmi? O halda bu, “xüsusi hərbi əməliyyat”ın iflas olduğunun etirafı anlamına gəlməzmi?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, tam səfərbərliyə gedib-getməmək xeyli vaxtdır Rusiyada müzakirə mövzusudur, lakin Rusiyanın tam səfərbərliyə getmək imkanları elə də yüksək deyil: “Onsuz da 4 ilə yaxındır müharibəyə yüz minlərlə səfərbərlik yaşı çatan vətəndaşları aparıblar və onların əksəriyyəti həlak olub. Proses indi də davam edir. Elə bir vəziyyət yaranıb ki, tam səfərbərlik qərarı verməyə risk etmirlər. Valideynlər övladlarının ölümə göndərilməsini istəmirlər. Bu yaxınlarda mediada yayılan videolardan da bu, aydın göründü. Ümumi səfərbərlik ölkədə xalqın hakimiyyətə münasibətində mənfiyə doğru dönüş üçün qığılcım rolunu da oynaya bilər. Ona görə də yaxın vaxtlarda Putinin ümumi səfərbərlik qərarı imzalayacağı ehtimalı çox azdır”.
Ekspertə görə, Putin üçün ümumi səfərbərlik müharibənin “xüsusi əməliyyat” çərçivəsindən çıxarılması demək olacaq: “Ümumi səfərbərlik qərarı “xüsusi hərbi əməliyyat”ın iflasının etirafı sayılacaq. “Xüsusi əməliyyat” anlayışı qısa, məhdud, peşəkar müdaxilə demək idi, ümumi səfərbərlik isə uzunmüddətli, kütləvi, dövlətin bütün resurslarını udan klassik müharibə deməkdir. Bu addım de-fakto etiraf olar ki, plan yanlış idi, ordu hazır deyildi, Ukrayna “zəif dövlət” deyilmiş. Bundan başqa, Putin üçün indiyə qədər elan etdiyi əsas prinsip belədir ki, müharibə var, amma adi rus bunu gündəlik həyatında hiss etməməlidir. Buna görə də Kreml indiyə qədər gizli səfərbərlik, müqaviləli əsgərlər, məhbuslar, regionlar üzrə kvotalar, maliyyə stimulları ilə işi aparıb. Ümumi səfərbərlik elan edilmiş prinsipin də üstündən xətt çəkmiş olacaq”.
Etibar Seyidağa,
Musavat.com






