Rusiya prezidenti Vladimir Putinə Moskva vilayətində fəaliyyət göstərən “Maşenka” ailə çörəkxanasının pirojkiləri və digər un məmulatları hədiyyə edilib.
Musavat.com xəbər verir ki, məhsullar bir müddət əvvəl dövlət başçısına müraciət edən çörəkxananın sahibi Denis Maksimov tərəfindən Kremlə göndərilib.
Məlumata görə, Denis Maksimov Rusiya prezidenti birbaşa efirdə olarkən kiçik biznes üçün vergi yükünün artmasından narazılıq etmişdi. O bildirib ki, ailə biznesi patent əsaslı vergi sistemi ilə fəaliyyət göstərir, lakin gəlir limitlərinin azaldılması səbəbindən gələn ildən daha ağır vergi rejiminə keçməli olacaq. Sahibkarın sözlərinə görə, bu halda vergi yükü təxminən dörd dəfə artacaq.
Vladimir Putin müraciətə cavab verərək məsələnin araşdırılacağını bildirib və söhbətin sonunda zarafatla sahibkardan məhsullarından dadmaq istədiyini deyib. Maksimov da prezidentə çörəkxanalarında hazırlanan pirojkiləri göndərəcəyinə söz verib.
“Komsolmolskaya Pravda” qəzetinin əməkdaşı Andrey Abramov “Maşenka” çörəkxanasına gedərək ailə ilə birlikdə kartof və kələmli pirojkilərin hazırlanmasında iştirak edib. Hazırlanan məhsullar daha sonra Kremlə çatdırılıb.
Kremlin mətbuat xidməti açıqlayıb ki, Vladimir Putin sahibkarın göndərdiyi pirojkiləri çay süfrəsində dadıb və bəyəndiyini bildirib. Prezident Denis Maksimova təşəkkür edərək onu qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
“Denis Vladimiroviç, hədiyyələrə görə çox sağ olun. Mən də sizi qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Uğurlar arzulayıram”, – deyə Rusiya prezidenti bildirib.
Şahanə Rəhimli
Musavat.com






