İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə yaxın qəzetdən Karapetyan layihəsi

399 13.02.2026 15:48 Dünya A A

Ermənistanda seçkilər yaxınlaşdıqca yeni siyasi layihələr və xarici təsir ehtimalları ətrafında müzakirələr daha da güclənir.

Musavat.com xəbər verir ki, “Kommersant” qəzetində dərc olunan məqalədə həbsdə olan rusiyalı erməni biznesmen Samvel Karapetyanın ətrafında formalaşan yeni siyasi layihə və onun mümkün baş nazirlik iddiası geniş şəkildə təhlil edilib.

Qəzet yazır ki, Karapetyanın tərəfdarları “Güclü Ermənistan” adlı siyasi partiya yaradaraq iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etməyə hazırlaşırlar. Partiyanın lideri və baş nazir postuna namizəd kimi məhz Samvel Karapetyanın adı göstərilir.

Məqalədə qeyd olunur ki, hələ ötən ilin avqustunda biznesmenin yaxın çevrəsi “Bizimkilər” adlı ictimai hərəkat yaratmışdı. Hərəkatın məqsədi iqtisadi problemlərin həlli, xarici siyasət xəttinin dəyişdirilməsi və Ermənistan Apostol Kilsəsinin maraqlarının qorunması kimi təqdim olunurdu. Daha sonra bu təşəbbüs siyasi partiyaya çevrilib və fevralda İrəvanda rəsmi təqdimatı keçirilib.

“Kommersant” vurğulayır ki, Karapetyanın baş nazir olması hüquqi baxımdan çətin görünür. Ermənistan Konstitusiyasına əsasən, hökumət başçısı son dörd ildə yalnız Ermənistan vətəndaşı olmalı və ölkədə daimi yaşamalıdır. Karapetyanın isə Rusiya vətəndaşlığı var və uzun illər Rusiyada yaşayıb.

Buna baxmayaraq, partiya rəhbərliyi seçkilərdə qalib gələcəkləri təqdirdə Konstitusiyanın bu maddəsini dəyişmək niyyətində olduqlarını açıqlayıb. Məqalədə həmçinin qeyd olunur ki, əvvəllər partiyanın seçkilərə Karapetyanın qardaşı oğlu Narek Karapetyanın rəhbərliyi ilə gedəcəyi gözlənilsə də, son anda əsas fiqur kimi məhz Samvel Karapetyan irəli sürülüb.

Qəzet xatırladır ki, biznesmen 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə saxlanılıb və hazırda ev dustaqlığındadır. Onun tərəfdarları ittihamları siyasi motivli hesab edirlər.

Sorğulara əsasən, Karapetyanın hərəkatı hələlik hakim partiyadan geri qalsa da, mövcud parlament müxalifətindən daha yüksək göstəricilər nümayiş etdirir. Məqalədə Ermənistan Apostol Kilsəsinin də ona açıq simpatiya göstərdiyi qeyd olunur.

“Kommersant”ın materialında bu layihənin detallı şəkildə təqdim edilməsi və Karapetyanın siyasi perspektivlərinin ön plana çəkilməsi Rusiyanın informasiya məkanında onun fiquruna xüsusi diqqət ayrıldığını göstərir. Bu isə Ermənistan daxilində rusiyayönlü revanşist qüvvələrin yenidən aktivləşməsi barədə müzakirələri artırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR