Ermənistanın Sisyan (Qarakilsə) rayonunda baş verən etiraz aksiyası ətrafında yayılan məlumatlar Ermənistan daxilində ciddi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Ermənistan hakimiyyət nümayəndələri və hüquq-mühafizə orqanları etiraz iştirakçılarının azərbaycanlılar olması barədə yayılan məlumatları təkzib ediblər.
Məlumata görə, Qarakilsə rayonunun Angeğakot kəndində məktəb tikintisində çalışan 25 İran vətəndaşı əməkhaqlarının ödənilməməsi səbəbindən etiraz edib və polisə müraciət edib. Ermənistan Daxili İşlər Nazirliyi bəyan edib ki, guya bölgəyə azərbaycanlıların gəldiyi və etiraz aksiyası keçirdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ermənistan Baş nazir Aparatının rəhbəri Araik Arutyunyan da məsələ ilə bağlı açıqlama verərək bildirib ki, bəzi dairələr hadisəni təhrif etməyə çalışır. Onun sözlərinə görə, etiraz aksiyasında iştirak edən şəxslər iranlı tikinti işçiləridir və onlar podratçı şirkətin maaşlarını ödəməməsinə etiraz edirlər.
Araik Arutyunyan bəzi təxribatçıların etirazçıları “azərbaycanlılar” kimi təqdim etməyə çalışdığını vurğulayaraq ictimaiyyəti belə məlumatlara qarşı diqqətli olmağa çağırıb.
Bununla yanaşı, Ermənistan daxilində yayılan digər açıqlamalarda Nayri Ohikyan, daşnak yönümlü “Yerkir” media qurumu və digər şəxslər hadisə ətrafında anti-dövlət təbliğatı aparmaqda ittiham olunub. Həmin açıqlamalarda onların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Beləliklə, həm Ermənistan Daxili İşlər Nazirliyi, həm də hökumət rəsmiləri Qarakilsə rayonunda baş verən etiraz aksiyasının əməkhaqqı problemi ilə bağlı olduğunu, “azərbaycanlıların etirazı” barədə yayılan məlumatların isə həqiqətə uyğun gəlmədiyini bildiriblər.
Musavat.com






