Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun verdiyi qərar bu gün də dövlətçilik və ədalət nümunəsi kimi xatırlanır.
Musavat.com xəbər verir ki, Milli Kimlik səhifəsinin paylaşdığı, Ayaz İlyasovun “ADR haqqında 100 ən maraqlı fakt” kitabında yer alan məlumata görə, ADR xüsusi xidmət orqanlarının sabiq rəhbəri Nağı bəy Şeyxzamanlının xatirələrində qeyd olunur ki, 1919-cu il mayın 28-də bir qrup zabitin mükafatlandırılması nəzərdə tutulurdu. Bunun üçün Gəncədəki korpus komandanlığından ən layiqli zabitlərin siyahısı istənilmişdi.
Bir neçə gün sonra təqdim olunan siyahını nəzərdən keçirən hərbi nazir Səməd bəy Mehmandarov kapitan Süleyman Mehmandarlının adını görərək onun qardaşıoğlu olub-olmadığını soruşub. Müsbət cavab aldıqdan sonra isə siyahının yenidən hazırlanmasını tələb edib.
General qohumunun mükafatlandırılmasının şəxsi himayədarlıq kimi qiymətləndirilə biləcəyini düşünərək onun adının siyahıdan çıxarılmasını istəyib. Nəticədə yeni siyahı tərtib olunub və təltiflər həmin siyahı əsasında həyata keçirilib.
Musavat.com






